Bu dünya hara gedir

1-04-2015, 21:18
0
Bu dünya hara gedir
Bir çağlar böyük Nizami Gəncəli dünyanın zəncinin başı kimi qarışdığını yazırdı. I, II dünya savaşlarından öncələr də Nizami deyən... oxşar görsənişlər baş vermiş, böyük qarışıqlıq yaranmışdi. Indilər də elə bir qarışıqlıq yaşanmadadır. Ötənlərdəki oxşar durum yaranıb: hamı hamıya qarşı. Yenə də ötənlərdəki sayaq dəyişkən düşərgələşmələr, qarışıq qruplaşmalar yaranır: liberal radikalla, demokrat diktatorla, pasifist savaşçıyla, humanist terrorçuyla bir arada, bir birlikdə bulunur. Hamı da bir-birini qınayır, biri o birini suçlayır. Burada ilginc olan nədir? Bir tamaşada deyildiyi kimi, baxanda baxıb görürsən... o da düzünü deyir, bu da. Bir neçə fakta baxaq. ABŞ hökuməti Rusiyanı işğalçı siyasət yürütməkdə suçlayır. Inanırsan, axı, ortada faktlar var. Rusiya hökuməti də ABŞ-ı demokratiya ritorikası altında dünya ağalığına can atmaqda suçlayır. Baxanda baxıb görürsən...  
ABŞ Iranı bir sıra dövlətlərə, yaraqlı qruplaşmalara yardım etməklə regionda qarışıqlıq yaratmaqda suçlayır, Iran da oxşar suçlamalrla ABŞ-a qarşı çıxır. Baxanda baxıb görürsən...
Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın dünənədək terrorçu dövlət kimi baxdığı Iranla dialoqda görüncə, ABŞ-la dialoq istəyində bulunduğunu bildirdi. ABŞ hökuməti onun ortadakı siyasi gerçəklikdən doğan istəyinə belə qarşılıq verdi: “Əlləri qana batmış Əsədlə, ona yaxın adamlarla dialoq oıa bilməz”. Əsəd hələ bununla bağlı nəsə deməyib, ancaq Əsədin nə deyə biləcəyi bəri başdan bəllidir: “Niyə görə başqalarıyla (mənim kimilərlə!) olar, mənimlə olmaz?”
Iran Qarabağ savaşında sonadək bizə deyil, ermənilərə arxa durdu, indi də hər cür yardımla ermənilərə arxa durmaqdadır. Eləcə də Iranın Fələstindəki uzantısı “Hizbullah”, onun lideri Şeyx Həsən Nəsrullah, özünün bildirdiyi kimi, Qarabağ savaşında ermənilərə arxa durdu. Indi bu Şeyx Nəsrullah Iranla birgə şiə platformasından çıxış edərək bəlli ərəb dövlətlərinin Yəməndə şiələri yerində oturtma savaşına qarşı çıxır. Səudiyyə Ərəbistanı Yəməndə prezidentin devrilməsinə gətirən yaraqlı qalxınmayla bağlı Iranı suçlayır, Iransa Səudiyyə Ərəbistanını Suriya prezidentinə qarşı oxşar işlərdə suçlayır. Baxanda baxıb görürsən...
Türkiyə prezidenti Ərdoğan Iranı Yəməndəki şiələrə arxa durmaqda suçlayır, Iran da öz sırasında Ərdoğanı IŞID-lə işgilli ilişkilərdən dolayı susdurmağa çalışır. Baxanda baxıb görürsən...
Bəlli olduğu kimi, 9 ərəb dövləti ABŞ-la Ingiltərənin “hə”sini alandan sinra Yəməndə birgə LEGITIMLIK savaşına başlayıb. Rusiya prezidenti Putin bu savaşa qarşı çıxıb. Putin ərəb dövlətlərini Yəməndəki, eləcə də bölgədəki başqa dartışmaları dinc yolla, hər hansı dış saldırıya yol vermədən çözməyə çağırıb. Səudiyyə hökumətindən Əl-Feysəl Suriya rejiminin arxasında dağ kimi dayanan, daha doğrusu, dağ boyda arsenalla dayanan Putinə belə qarşılıq varib: “Bir yandan Suriyanın faciələrindən danışır, o biri yandan Suriya rejiminə yaraq ötürürlər - öz xalqıyla döyüşmək üçün yaraqlandırırlar. Putin Yaxın Doğunun sorunlarından elə danışır, elə bil onlarda əli yoxdur”. 
Putin ərəblərə məktub yazaraq Fələstin dövlətinin suverenliyinə arxa durduğunu bildirir. Bilirsizmi hansı Putin? Azərbaycanın, Gürcüstanın, Moldovanın, son çağlar Ukraynanın suverenliyini özünün aqressiv “parçala, ağalıq et” siyasəti ilə yetərsizləşdirən Putin! Gizli qoşun yeritməklə Krımı ələ keçirən, sonra daha çox bölüb-parçalamaq üçün əl altından Ukraynada sonu görünməyən qırğınlar törədən Putin ərəb dövlətlərini Yəməndə, eləcə də bölgənin başqa yerlərində dartışmaları dinc yolla, güc işlətmədən çözməyə çağırır. Dünyanın bu başından o başına oxşar çağırışlar səslənir. Baxanda baxıb görürsən...
Belə çağırışlarla yanaşı, hamı BARITINI artırmağa çalışır. O yanda Avropa birləşmiş ordu yaradır, bu yanda Ərəb. Bütün bu gəlişmələrdən biz öz payımızı götürməliyik: baxanda baxıb görməliyik, görüb bilməliyik - bu ikiüzlü dünyada Azərbaycanın başına nələr gələ bilər!

XALIQ BAHADIR

скачать dle 12.1