Mən “beşinci kolon” deyiləmmiş

11-03-2015, 18:26
0
Mən “beşinci kolon” deyiləmmiş
Oxucular nəni bağışlasın: mən indiyədək yanlış düşünmüşəm. Yanlış düşündüyüm nə olsa yaxşıdır? Indiyədək özümü “beşinci kolon” saymışam. Bu dövlətin başında duran adam, onun baş administrator-filosofu, eləcə də bugünlərdə görəvi irəli çəkilmiş bəlli sözçüsü illərlə müxalifəti “beşinci kolon” adlandırıb - mənsə müxalifətçi olsam da bütün başqa yurddaşlarımız kimi üzüyola olduğumdan özümü “beşinci kolon” saymışam. Düzdür, belə düşüncədə olmaq, bir sıra siyasətçilər demiş, məndə diskomfort yaradıb, ancaq nə etmək olar: “çünki oldun dəyirmançı”. 
Mən özümü beləcə “beşinci kolon” sayıban duracaqdım. Ancaq iş öz özünə düzəldi, daha doğrusu, Rusiya prezidenti Putin gözlənilmədən mənim düşüncəmdə devrim yaradacaq bir iş tutdu: yaxınlardaca prezident köməkçiliyinə gətirilmiş Əli Həsənovla rejim parlamentinin başçısı Oqtay Əsədova Rusiya imperiyası qarşısındakı qulluğa görə “Dostluq” ordeni verdi. “Rusiya ilə dostluq ilişkilərinin bərkidilməsinə, əməkdaşlığa böyük paylar verdiklərinə görə” - ordenin verilmə nədəni bu sayaq açıqlanır. Gizli - açıq, necə olsa, mən bunların birini də etmədiyimdən bundan sonra dünya dağılsa da, özümü “beşinci kolon” sayan deyiləm! Ölkəmizdəki “beşinci kolonun” kimliyini, hakimiyətdəmi, müxalifətdəmi olduğunu Putin göstərdi!
Bu ölkədə hamının prezidenti olacağını bildirməklə Qurana əl basan, Konstitusiyaya and içən prezident indiyədək dönə-dönə müxalifəti ermənilərə işləməkdə suçlayıb - bircə dənə də fakt göstərmədən! Leyla Yunusla Arif Yunus da belə bir suçlamayla türməyə salınıb. Aqil Abbas, Çingiz Qənizadə, Zahid Oruc seriyasından bir sıra ünlü rejim qulluqçuları da televiziya ekranlarından onları ermənilərə işləməklə dövlətə xəyanətdə suçlayıblar. Ortada bir dənə də fakt olmaya-olmaya! Indi bu ölkənin prezidenti adlanan adam pul verib erməniləri Olimpiya oyunlarına gətirməyə çalışırkən onlar (eləcə də bir çox başqaları) görünməmiş susqunluq sərgiləyirlər. Hələ bu harasıdır?! Rejimin ABŞ-dakı baş diplomatı Elin Süleymanov bügünlərdə ermənilərə açıq-aydın yalvarış-çağırışda bulunub: “Azərbaycan pullarını ağılla xərcləyir. Biz çiçəklənən ölkəyik. Öz qonşularımıza investisiya yatırırıq, biz Ermənistana da investisiya yatıra, onunla da yandaş ola bilərik”. Erməniləri inandırmaq üçün recim diplomatı yalvarışın dozasını daha da artırır: “Inanın mənə, bizim Ermənistana yatırmaq üçün yetərincə pulumuz var”. 
Yeraltı, yerüstü var-yatırı ilə birlikdə 7 rayonu verib hakimiyətə gəliblər, hakimiyətdə qalmaq üçün erməniləri Azərbaycanın qalan var-yatırına ortaq etmək istəyirlər! Neft gəlirləri azaldığından Ailə büdcəsindəki gündəlik artımla bağlı tempi saxlamaqdan ötrü xalqı açıq-açığına soymağa girişiblər. Bu azmış kimi, ermənilərə də pay ayırmaq istəyindədirlər: təki hakimiyət əldən getməsin! Bir yandan dövlət büdcəsindən orduya milyardlarla pul ayırır, “bizim orduya ayırdığımız pul Ermənistanın dövlət büdcəsindən böyükdür, biz regionun ən güclü dövlətiyik, istəsək Irəvanı da alarıq” deyə xalqa yalan satır, o biri yandan yalvar-yaxara baş vurmaqla Xalqımızı ermənilərin qarşısında alçaldırlar - təki hakimiyət əldən getməsin! Elin Süleymanova gəlincə, o kimdir yalvar-yaxara gedib bu xalqı ermənilərin qabağında alçalda, ona verilən göstəriş nədirsə, onu da yerinə yetirir...
Rejimin ən ünlü hüquqçularından olan, çoxillik mandat daşıyıcısı Əli Hüseynli deyir: “Azərbaycan üçün beynəlxalq qurumların nə düşündüyü yox, bizim onlar haqqında düşündüklərimiz vacibdir”. Nə boyda yalan! “Kürü-dollar diplomatiyasına sarılıb Avropadan Amerikayadək qapı-qapı gəzib-dolaşır, xalqı soymaqla, ölkədən-dövlətdən oğurlamaqla yiyələndikləri milyonlardan, milyardlardan əlləri əsə-əsə IMIC payı da ayırmalı olurlar! Avropadan Amerikayadək lobbiçilərə, ayrıca olaraq Vatikana, milyonlar, milyardlar verirlər - təki hakimiyət əldən getməsin! 

XALIQ BAHADIR

скачать dle 12.1