Dəyərsizləşdirilən dəyərlər

21-02-2015, 18:27
0
Dəyərsizləşdirilən dəyərlər
Dünyanın 11 iqlim qurşağından 9-u bizdə (bu faktın özü doğaya bağlı böyük uğur, böyük uduş deməkdi), yeraltı, yerüstü resursların bolluğu bizdə, eləcə də ağrı-acıların dünyalarca çoxluğu bizdə! Nədən belə? 1993-dən ölkəmizdə yağı güclərin əlilə Xalq hərəkatına bağlı sistemin devrilib yerində antisistem qurulmasından! Içdən, dışdan yönəlik Antisistem siyasətləri üzündən ölkədə nə var baş-ayaq edildi, milli resurslar antimilli xarakter qazanmaqla xalqın uğurundan uğursuzluğuna çevrildi. Ortada az-çox milli demokratik hakimiyət olsaydı, ölkəmiz doğal resursların bolluğundan son 20-25 ildə dünyanın hər baxımdan ən qabaqcıl, ən gəlişikli ölkələrindən birinə çevrilərdi. Ancaq Azərbaycan bu gün hər baxımdam Afrikanın ən geridə qalmış ölkələri ilə bir sırada durur - istər içdən, istərsə də dışdan yönətilən YAĞI siyasətlər üzündən!
Bugünlərdə Azərbaycanda olan ABŞ dövlət katibinin Avropa, Avrasiya üzrə köməkçisi 22 illik Əliyevlər hakimiyəti boyunca Azərbaycanla bağlı prioritetlərinin dəyişməzliyini bir daha göstərdi: enerji, ekonomika, güvənliklə (təhlükəsizlik) bağlı əməkdaşlıq. O, I.Əliyevlə danışıqların sonunda demokratiyadan, insan hüquqlarından da söz saldığını bildirir. Demək, demokratiya, insan hüquqları ABŞ-ın Azərbaycan vektorunda sonuncu yerə sıxışdırılır. Nuland 22 illik yaxın əməməkdaşlıq sonucunda Azərbaycanı “daha güclü, daha demokratik, daha bağımsız (müstəqil) görmək istədiklərini” bildirir. “Yalnız bitkin demokratiya olan yerdə gerçək ekonomik çiçəklənmə ola bilər”, - bu mənim sözüm deyil, demokratik gəlişmənin nə demək olduğunu bilən uzmanların sözüdür. Siyasi demokratiyanın olmadığı yerdə... Afrikanın dağılmış Ruandası olur! Bu gün Azərbaycan siyasi demokratiya görsənişlərinə görə dağılmış Ruanda ilə yanaşı durur. Buna baxmayaraq, ondan qabaq illərlə bizə qonaq gələn başqa ABŞ yetkililəri kimi Nuland da Azərbaycanı “daha güclü, daha demokratik, daha bağımsız görmək istədiyini” bildirir.
Daha demir biz bəlli sıx, yaxından, qucaq-qucağa əməkdaşlıq içində Azərbaycanı demokratiyadan diktaturaya gətirib çıxarmışıq. Nuland özü də başqa ABŞ yetkililəri kimi olanı deyir: demokratiya olmayan ölkə gerçəkdən güclü ola bilməz. Doğrudur, onda bu yox yerdən “dahalar” nə üçündür?! Biz 22 illik əliyevçi rejim boyunca bir ölkə, bir dövlət olaraq gücün, demokratiyanın, bağımsızlığın itirildiyi yerə gəlib çıxmışıq. Bu gün Azərbaycan bütünlüklə onu sevməyən, ona azacıq da yanmayan bir ailənin, bir qrupun monopoliyasındadır. Bugünlərdə bizim bilim yaradıcılığı, axtarışları baxımından yararsız “Milli” Elmlər Akademiyasından yayılan bir sıra düşük “bilgilərə” hansısa yalançı müxalifət liderləri də qatılıb: Yer fırlanır-fırlanmır? Bununla bağlı Feysbuk səhifəmdə bunu yazdım: “Ola bilsin, dünyanın hər yanında Yer fırlanır - Azərbaycan fırlanmır, Azərbaycanı fırladırlar!” Hə, Azərbaycan fırlanmır, onu bir sıra iç-dış güclər birgə fırladırlar. O fırlatmanın konkret görsənişlərindən biri də 2013-cü il prezident seçkisi qabağı Rusiya prezidenti Putinin ARMADA ilə Bakı buxtasında gəlib dayanması faktıdır!
22 illik hakimiyətin bizi gətirib çıxardığı yerə baxın: ekonomika dünya bazarına neftin sel-su kimi axıdılmasından asılı olduğu üçün neft ucuzlaşdıqca Azərbaycan da ucuzlaşır. Milyardları oğurlayıb-mənimsədilər, “təmir-tikinti” adıyla daşa-divara dağıtdılar, indi neft gəlirlərinin azalması üzündən az-çox pulu olanları soymağa girişiblər, özü də bütün ölkə boyunca! Faktlara, dövlət statistikasına belə, açıq-aydın antipatik yanaşması ilə tanınan I.Əliyev “bizim güclü iqtisadiyatımız” olduğunu bildirir. Neft satışından ayrı satışın vur-tut yüzdə 4, 3 olduğu ölkədə “güclü iqtisadiyat” uydurması yalnız bir adama, nə yolla olur olsun (xalqı aldatmaqla)  hakimiyətdə qalmaq istəyənə gərəkdir!

XALIQ BAHADIR

скачать dle 12.1