Dəngəsiz rejim faktoru

14-02-2015, 18:30
0
Dəngəsiz rejim faktoru

Bu yazını “Ayağısürüşkən Azərbaycan” adlandırmaq istəyirdim, ancaq... sonsuzca sevdiyim ölkəmi belə adlandırmağa əlim gəlmədi! Di gəl, mənim, sənin, bizim ölkəmizlə bağlı əlimiz gəlməyənə çoxlarının əli gəlir. Çoxlarının – 22 ildən bəri bu ölkəni öz istəklərinə, öz qazanclarına uyğun yönətənlərin! Onlar tez-tez müxalifəti “Azərbaycan dövlətinin imicini korlamaqda, ona zərbə vurmaqda” suçlayırlar. Özləri Azərbaycan dövlətinə korrupsioner, ayağısürüşkən dövlət imici, başqa cür desək, obrazı yaradırkən bu cinayəti müxalifətin üstünə atmağa çalışırlar.

22 ildir Azərbaycan dövləti hər cür prinsipiallıqdan uzaq YELQOVAN dövlət imici daşımaqdadır. “Vikiliks” saytı YAP rejiminin başında duranların ABŞ diplomatları ilə gizli görüşlərdə İranla Rusiyadan gileyləndiklərini, bu iki düşmən dövlətin ardıcıl basqıları ilə üzləşdiklərini “dostcasına” açıb söylədiklərini yazırdı. Buna biz də inanırıq: İranla Rusiya Azərbaycanın topraq bütünlüyünü formal olaraq tanıyan, o başdan bu başa erməniliyə, erməni aqressiyasına arxa duran, yardımlarda bulunan dövlətlərdir. Bu iki dövlət istər qondarma “Ermənistan”da, istərsə də qondarma “DQR”də erməni gücünün başlıca dayaqlarıdır. Faktiki olaraq onlar bölgədə Azərbaycanla Türkiyəyə qarşı blok formalaşdırıblar – Rusiya – “Ermənistan” – İran bloku!

2013-cü il prezident seçkisi qabağı seçki uğuru üçün ABŞ turnesinə çıxan YAP yetkililəri orada az qala ağlaya-ağlaya bildirirdilər: “Rusiya ilə İran bizi sendviç (yaxmac) kimi əzir”. Bir yandan Rusiya ilə İranı, o biri yandan Azərbaycandakı “millətçi müxalifəti” açıq-aydın baqaja qoymaqla onlar ABŞ-dan daha bir kart-blanş aldılar. Ancaq ABŞ Avropa biliyi ilə birlikdə onlara bu kart-blanşı demokratikləşmə, insan hüquqlarını qoruma qoşullarıyla verdi. “Baş üstə!” – deyib kart-blanşı aldılar. Onlara Azərbaycanı bütünlüklə soymaq üçün daha bir beş il gərək idi. İstədiklərini aldılar, sonra da ölkədə KORRUPSİYA – REPRESSİYA mexanizminə daha böyük işləklik qazandırmaqla demokratiyanın kökünü bütünlüklə qazımağa, insan hüquqlarını heyvan hüquqlarından da urvatsız-dəyərsiz etməyə girişdilər: Rusiyada, İran İslam Respublikasında olduğu sayaq! Beləliklə də, siyasi-ideoloji VEKTOR bütünlüklə dəyişdi: ABŞ-la Avropa “bizim” başlıca düşmənlərimizə, İranla Rusiya başlıca dostlarımıza çevrildilər. Faktiki olaraq bu gün bölgədə Azərbaycana düşmən DÖRDLƏR bloku formalaşıb: Rusiya – “Ermənistan” İran – YAP rejimi! Bunu başqa cür adlandırmaq çətindir – Rusiya-İran blokunda olmaq  “Ermənistan”la bir blokda olmaq, bu isə faktiki antiAzərbaycan blokunda olmaq deməkdir.

Bugünlər Bakıda daha bir Rusiya imperialisti G.Züqanovla görüşən İ.Əliyev ona dedi: “Biz pressinq altındayıq. Azərbaycanın nüfuzdan salınması üçün kampaniya aparılır”. ABŞ-la Avropa “pressinqə” əl atır, “Azərbaycanı nüfuzdan salmaq üçün kampaniya aparır”. Sözsüz, ortada “pressinq” də var, “nüfuzdansalma” da. Ancaq “pressinq” də, “nüfuzdansalma” da Azərbaycanla deyil, ölkəmizi dünyanın ən despotik, ən korrupsioner-repressiv rejimlərinə yoldaş edən əliyevçi hakimiyətlə bağlıdır. Bu isə Azərbaycanın indiki cəhənnəmdən qurtuluşu üçündür!

G.Züqanovla görüşdə İ.Əliyev yaxın keçmişə də qayıdıb: “2005-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhd edilib. Komanda üzvlərini, iki naziri ələ aldılar”. “Dövlət çevrilişi edən” o nazirləri kim tutdu: KQB generalları Lebedevlə Ruşaylo - əliyevçi MÜSTƏQİLLİYİMİZİN generalları! Sonra nə oldu: “dövlət çevrilişi” yalanı baş tutmadığından, məhkəmə bütünlüklə korrupsiya suçlaması üzərində quruldu! Nazirin biri - F.Əliyev - sındırıldı, ikincisi - konkret faktlar göstərməklə korrupsiyanın başında Əliyevlərin durduğunu bildirən Əli İnsanov hələ də vuruşmaqdadır! Rejim başçıları ilə bağlı açıqladığı çoxsaylı kriminal faktların qorxusundan... son məhkəmə sürəcində onun səsi yasaqlandı! Ağzıbağlı qəfəsdə oturdulan adamın səsinin də alınması nə deməkdir?!

 

XALIQ BAHADIR

скачать dle 12.1