Yurddaşı yenməyə yüklənmiş rejim

13-02-2015, 18:32
0
Yurddaşı yenməyə yüklənmiş rejim
22 ildən bu yana ölkədə gerçəkdən-gerçəyə, bütün parametrlər üzrə IŞĞAL rejimi quranların, işğalçı rejim siyasətlərilə topluma diz çökdürənlərin yalançı hay-küyünə baxın: “müstəqilliyimizi əlimizdən almaq istəyirlər!” Kimlər: ABŞ, Avropa Birliyi, Avropa Şurası! Onların “müstəqilliyimizi” əlimizdən alma nədəni: Azərbaycanı demokratikləşdirmə istəyi! Bunlar “bir birinin daxili işlərinə qarışmama prinsipinə üstünlük verir”kən, onlar Azərbaycanın demokratikləşdirilməsini, insan hüquqlarının qorunmasını istəməklə “daxili işlərə2 qarışırlar. Bu isə korrupsioner diktator xarakteriylə ölkəni yönətməyə yüklənənlər üçün dözülməz görsənişdir.
Çox böyük çətinliklə, uzun sürəli çarpışma yoluyla, atadan balaya ötürməylə, çoxsaylı gizli-açıq gedişlərlə ölkə bütünlüklə bir Ailənin monopoliyasına alınıb. Demokratik dünyanı illərlə aldada-aldada, ölkədəki demokratik gücləri əzə-əzə bir Ailənin diktaturası qurulmuşkən, ölkədəki bütün yeraltı-yerüstü var-yatır üzərində bir Ailənin hüquqları LEGITIMLƏŞDIRILMIŞKƏN Azərbaycanı demokratikləşdirmək istəkləri gerçəkdən “daxili işlərə” qarışmaq deməkdir! Mən bu ölkənin yiyəsiyəmsə, yoldaş ABŞ, yoldaş AB, yoldaş AŞ PA, sən kimsən?! 
Yeni yayılan soraqlara görə, I.Əliyevin “sərəncamı” ilə ölkədə “Azərqold” adında daha bir “qapalı səhmdar cəmiyəti” yaradılıb. “Azərqold” - bizim dildə - Azərqızıl. Bu gün dustaqlıqda olan Xədicə Ismayılın araşdırmalarından bildiyimiz kimi, I.Əliyev Azərbaycanın qızıl-gümüş yataqlarını qızlarına bağışlayıb. Görünür, indiki adı da onlar qoyublar - “Azərqold”. Necə də gözəl səslənir! Azərbaycanın milyardlar qazandıran var-yatırı gözəldir, ingilisin dili! Axı, ingilis dili Azərbaycan topraqlarında qanlı qırğın yoluyla “Ermənistan” yaradan lord Kerzonun dilidir! “Qapalı səhmdar cəmiyətinə” gəlincə, burada qapalılıq olduqca önəmlidir; ölkənin bütün qızıl-gümüş yataqlarını bütünlüklə ailə obyektinə çevirəsən, sonra da onu AÇIQ “səhmdar cəmiyəti” edəsən, bu necə ola bilər? Olamaz! Olarsa, onda ora istənilən jurnalist burun soxa bilər, bu isə, sözsüz, yolverilməzdir!
Düzünə qalsa, bu gün bütün Azərbaycan bir ailənin QAPALI SƏHMDAR CƏMIYƏTIDIR. Elə bütün Batı dünyası, dünyanın demokratik qurumları ilə aparılan, getdikcə daha kəskin xarakter alan savaş da bunun üstündədir. Çoxillik çarpışma sonucu olaraq ölkədə söz, basın özgürlüyü, demək olar, bütünlüklə aradan qaldırılıb. Polis, Prokurorluq, Məhkəmə başda olmaqla bütün dövlət qurumları sözügedən QAPALI SƏHMDAR CƏMIYƏTINdən asılı qurumlara çevrilməklə bütöv bir SISTEM formalaşdırılıb. Istənilən demokratikləşmə uzun illərə, deyildiyi kimi, böyük çətinliklər bahasına formalaşdırılan bu Ailə SISTEMinin dağıdılması deməkdir. Buna necə getmək olar? Olmaz, olamaz! Ancaq bunu belə demək necə asandırsa, getdikcə artan demokratikləşmə basqılarının qarşısında təkbaşına duruş gətirmək də bir elə çətindir. Düzdür, duruş gətirmək çətindir, ancaq çıxış yolları da yox deyildir; qonşuluqda Rusiya, Iran kimi doğma diktatura dövlətləri var. Elə bu doğmalıq da onlarla yaxınlaşmanın, yoldaşlaşmanın yolunu açır. 
Bugünlərdə daha bir ilginc soraq yayıldı: Olimpiadanın uğurlu keçirilməsi üçün ölkəyə polis adına 400 BMV, polis-patrul adına 300 “mersedes”, Çevik polis alayı adına 20 mikrobus gətirilib. Biz indi bunların ölkəyə neçə milyona başa gəlməyindən danışmaq istəmirik. Indilikdə daha ilginci budur: televiziyalarda səsləndirildiyinə görə, mikrobuslar tutulub saxlananları daşımaq üçündür. Televiziyalarda ayrıca olaraq bildirildiyinə görə, mikrobuslarda ölüdaşıma yerləri də var. Görünür, rejim başçısı Qarabağ uğrunda savaş gərəyindən danışa-danışa Xalqla savaşa hazırlaşır! Ola bilsin, Iranla, Rusiya ilə sıx yaxınlaşma bu savaşın uğuruna qarantiya yaratmaq üçündür!

XALIQ BAHADIR

скачать dle 12.1