Onlar - işğalçılar!

5-02-2015, 18:35
0
Onlar - işğalçılar!

Getdikcə qatılaşan qaranlıqlar içində

Getdikcə aydınlaşan Azərbaycan görünür.

Görünür! Bizim illərlə yazıb doğrulaya bilmədiklərimiz indi öz özünə doğrulanır - görünür. Lap elə bu yaxında, daha doğrusu, ötən ilin sonlarında heydərizmin canlı anıtlarından olan administrator-filosof-akademik-ideoloq “Azadlıq” qəzetini “milli maraqlarımıza xəyanət etməkdə” suçlamışdı. Bizim düşərgədən tutuqladıqları bir çoxlarını onlar “erməni dəyirmanının qulluqçuları” deyə damğalayıblar. Indi, Xocalı soyqırımının ildönüm öncəsi, bu qırğını törətmiş dövlətə, Rusiyaya AŞ PA-da arxa durdular, qahmar çıxdılar - Avropanı ikili standart siyasətlərində suçlamaqla. Soruşan gərək: Avropanın siyasəti ikili standartlıdır, sizin siyasətiniz neçə yüz, neçə min standartlıdır?! Dünyadakı bütün demokratik birliklərə doluşub, çoxsaylı konvensiyalara qatılıb “bizim öz yolumuz var” deməyin standart sayı neçədir?!

Azərbaycanı “multikulturalizm ölkəsi” adlandıra-adlandıra yurddaşları regional kateqoriyalara bölmək, düşmən düşərgələrə ayırmaq, “biz - onlar” paylaşdırması aparmaq - bütün bunlar nəyin nəyi deməkdir?! Kiyevdəki rejim dəyişikliyindən az öncə Azərbaycan prezidenti adıyla Ukrayna prezidenti Yanukoviçlə görüşən I.Əliyev “Azərbaycan-Ukrayna” qardaşlığından elə danışırdı, adam istər-istəməz bu gözəl, arasından sukeçməz qardaşlığa baxıban bayılırdı. Bir daha vurğulamaq gərəkir: O, Ukrayna-Azərbaycan qardaşlığından danışırdı. Allahdan gizli deyil, sizdən nə gizlədək: aradan azacıq keçmiş Yanukoviç - o ucaboy, enlikürək, güclü, azman görkəmli prezident yıxıldı... heç nə! Ayıb omasın, indi bircə Ukraynada deyil, bütün çağdaş dünyada Yanukoviçi adam yerinə qoyan yoxdur; prezidentlikdən aşırıldığına görə yox, oğru - korrupsioner olaraq tanındığına görə!

Yanukoviçin hakimiyətdən getməsilə Rusiya illərlə “qardaş” dediyi Ukraynaya yağı oldu: qoşun çəkib Krımı tutdu, sonra Azərbaycan, Gürcüstan, Moldova kimi Ukraynada da “DQR” sayaq “DNR”, “LNR” deyə qondarma respublikalar yaratdı, onlara ordu, yaraq-sursat yardımlarında bulundu. Qısaca desək, Qarabağda necə, oralarda da elə. Putin bunları nəyin acığına etdi? Ukraynada Yanukoviç başçılığında qurduğu hakimiyətin devrilməsinin acığına! Beləliklə, Rusiya ilə Ukrayna oldu qanlı yağı! Beləliklə, Rusiya Azərbaycanın başına gətirdiklərini Ukraynanın da başına gətirdi. Yanukoviçin yıxılmasıyla Azərbaycan-Ukrayna qardaşlığı bitdi. Nədən? Əliyevlər hakimiyəti də Rusiyanın əlaltı hakimiyəti olduğundan! Əliyevlər hakimiyəti imperialist Rusiyanın əlaltı hakimiyəti olduğundan, bu hakimiyət yalnız Rusiyanın çaldığına oynadığından, bu gün Yer üzündə Azərbaycana gerçəkdən yaxın-arxadaş dövlət yoxdur - “dostumuz-qardaşımız”, “bir millət - iki dövlət” Türkiyəqarışıq! 

Illərlə Qarabağa görə Rusiyanı cəzalandırmayan dünya indi Ukraynaya görə Rusiyanı cəzalandırmaqdadır. Sözsüz, bu bizə toxunacaq görsənişdir. Ancaq indiki durumumuzda çox da üzə vurulası, “siz elə etdiniz, biz də belə edirik” deyə Avropaya savaş açmağa nədən olacaq görsəniş deyil. Indiki yalançı üzdöndərmələr, “ikili standart” suçlamaları ilə Rusiya qoltuğunda Avropaya qarşı çıxmağın bir adı var: xalqa xəyanət, dövlətə dönüklük! Ukraynanın Bakıdakı elçisinə Rusiyadan danışmağı yasaqlayan bir hakimiyət gerçəkdən-gerçəyə Rusiyanın, ən başlıcası, Putin Rusiyasının əlaltısı olduğunu faktiki doğrulamış olur! 

Onlar Rusiyaya gerçək Rusiya sevgisiylə bağlansaydılar, bəlkə, bunu alqışlamaq da olardı. Onlar Rusiyaya Azərbaycandan çıxardıqları, çıxaracaqları milyardlarca oğurluqla birlikdə onlara yiyə duracaq dövlət olaraq bağlanırlar. Bu üzdən onları qınamaq çətindir: Rusiya ermənilərin əlilə Qarabağı, Əliyevlərin əlilə qalan Azərbaycanı IŞĞAL edib - buna görə ermənilərin Rusiyaya 20, Əliyevlərin 80 faiz Azərbaycan borcu var! Ermənilərin borc payı az, yüngül olduğundan AŞ PA-da Rusiyanın dediyini demədilər...

 

XALIQ BAHADIR

скачать dle 12.1