Alver obyektinə çevrilən milli maraqlarımız

22-01-2015, 18:36
0
Alver obyektinə çevrilən milli maraqlarımız

Işlər şuluqdu. Işlərin necə şuluq olduğunu son çağlar açıq-açığına xalqla alver obyektinə çevrilən “milli maraqlarımızdan” bilmək olar. Lap yuxarıdan bir az aşağılaradək indi bütün rejim yetkililəri “milli maraqlardan” danışır. Birinci, hakimiyət dəyişsəydi; ikinci, hakimiyət komandasında köklü dəyişiklik olsaydı, indiki “milli maraq” çığır-bağırlarını anlayışla qarşılamaq olardı. Deyərdin: hakimiyətə yeni siyasi komanda gəlib, yeni, ola bilsin, qanunçuluğa söykənən demokratik yönətim dönəmi başlayıb. Başqa cür də ola bilərdi, deyərdin: millətə diz çökdürən 21 illik oğru-soyğunçu hakimiyətdə köklü kadr dəyişikliyi yoluyla gerçəkdən milli maraqlara bağlı dönəm başlayıb. Göründüyü, bilindiyi kimi, bunların biri də olmayıb; onda bu yalançı “milli maraqlarımız” hay-küyü nə deməkdir?

Işlər şuluqdur. Necə şuluqdursa, birdən-birə dönüb hamısı “milli maraqlarımızın2 yenilməz qoruyucusuna çevrilib. Işə bax: indi bu oğru-soyğunçu rejim qurucularının, rejim yönəticilərinin hamısı ”milli maraqlarımız" yolunda saş yolub, boğaz yırtmaqdadır. Oğurluq milyardlar üzərində dayansalar da, ayaqlarının altından yer qaçır; indi “bizim şoxlu pulumuz var, nə istəsək edə bilərik, heç kimdən qorxmuruq” demirlər. Yox, “nə olur olsun milli maraqlarımızdan keçən deyilik” deyirlər. Gerçəkdəsə bunların keçə bilmədikləri korrupsiya-repressiya rejimini olduğu kimi qoruyub saxlamaqdır. Bugünlərdə uzun adı olan bir nazirliyin başında duran adam xalqı belə muştuluqladı: Azərbaycanda iki qızıl yatağı tapılıb, bu, Azərbaycanın iqtisadi inkişafı üçün mühüm kəşfdir". Yalandı, bütünlüklə yalan! Bundan qabaq milyardlarla gəlir gətirən çoxlu sayda neft, qaz, qızıl, gümüş yatağı “kəşf edilib”, hamısı da bəlli bir ailənin başlıca büdcə bazasına çevrilib. 

Onlardan sonuncuları Daşkəsən qızıl-gümüş yataqlarıdır. Bu gün dustaqlıqda olan jurnalist Xədicə Ismayılın araşdırmalarına görə, ölkə prezidenti statusunu daşıyan adam bu yataqları qızlarına pay verib. Yazılmamış əliyevçi qanuna görə, indiki yataqlar da oğula pay veriləcək - bundan Azərbaycan xalqına nə var? Bu ölkənin yeraltı, yerüstü bütün başlıca gəlir qaynaqları bir ailənin, yalnız bir ailənin toxunulmaz hüquq sferasındadırsa, “Azərbaycanın iqtisadi inkişafı” adına yalan danışmaq bəlli özəl biznesə qulluq faktından savayı hansı dəyəri daşıya bilər? Bunlardan ötrü bircə dəyər var: korrupsiya-repressiya rejiminə qulluqdan gələn “seçkinlik”! Milyardlarla gəlirin sel sayağı aşıb-daşdığı ölkədə işsizlik-yoxsulluq da sel kimi ölkəni bürüyüb SU içində QURAQLIQ yaratdığından, MILLI MARAQLARI selə-suya verən bir yağı ağalıqdan danışmaq gərəyi yaranır!

Azərbaycan adına dünyanı gəzib kefə baxan Səməd Seyidovun dediklərinə baxın: “Azərbaycan qüdrətli, güclü və ən əsası, millətin maraqlarını yüksək səviyyədə həyata keçirən dövlətdir. Azərbaycan hansısa ölkələrin maraqlarını ödəmək yox, hər şeydən əvvəl öz xalqının maraqlarını ödəməyi əsas götürür”. Desəm, Səməd Seyidov doğru deyir, hamı məni yalançı adlandırar. “Qüdrətli, güclü” dövlətin topraqlarının yüzdə 20-ni “Ermənistan” adında “acından qırılıb-batan” qurama bir dövlət tutub ələ keçirirsə, elə bu dövlət də “qüdrətli, güclü dövləti” illərlə güllə yağmuru altında saxlayırsa, onda xalqı yox, gedin özünüzü ələ salın. Korrupsiya-repressiya dövlətini “millətin maraqlarını yüksək səviyyədə həyata keçirən dövlət” adlandırmaq başında durduğu universitetdə 12 milyon manatlıq oğurluq olan birisinə bütünlüklə yaraşan söhbətdir. Ancaq ondan-onlardan soruşmaq gərəkir: milli maraqların bir belə yüksək tutulduğu ölkədə bir qrup korrupsionerin kefi üçün... millətin soyulub-yağmalanıb ayaqlarda süründürülməsi nə deməkdir? Məhkəmə-hüquq sisteminin alınıb-satıldığı rejimdə belə suallara ritorik suallar deyilir!

 

XALIQ BAHADIR

скачать dle 12.1