Inkişafın Azərbaycan modeli: 2 qəpik aşağı, 2 qəpik yuxarı

15-01-2015, 18:36
0
Inkişafın Azərbaycan modeli: 2 qəpik aşağı, 2 qəpik yuxarı

Dünya dağılır, dünya batıb gedir, Azərbaycandasa bütün dünyanın, ən çox da ABŞ prezidenti Barak Obamanın acığına durmadan INKIŞAF gedir. Götürək elə Tarif Şurası adına son qərarı. Prezident göstəriş verdi, Azərbaycan iqtisadiyatının yüksək inkişafını bütün dünyaya, başlıcası da ağlar dünyasının ən qara prezidenti Barak Obamaya göstərmək üçün yanacağın qiymətini 2 qəpik artırıldı. Birincisi, 2 qəpiklik inkişaf sizə gülməli gəlməsin  bu 2 qəpiyin arxasında, tanınmış iqtisadçı ekspert Nemət Əliyevin sayımına görə, 80 milyon manatlıq qazanc var. Düzdür, Nemət Əliyev bu qazancın dövlət büdcəsinə gedəcəyini bildirir, ancaq bizdə quruluş bir az başqa cür, deyək, Amerikadakı sayaq olmadığından dövlət büdcəsi Ailə büdcəsi yerindədir. Indiki ANALOQSUZ durumda bu özü də bəyəniləsi görsənişdir: hamının tökülüşüb büdcəni dağıtmaması baxımından! 

Ikincisi, dünyanın aclıq-yoxsulluq içində batıb gedən çağlarında Azərbaycanda hökumət yanacağın qiymətini 2 qəpik qaldırırsa, bu, ölkədə iqtisadi inkişafın daha bir göstəricisi deməkdir. Axı, hökumət qiymətləri xalqın yaşayışına, bütövlükdə ölkənin iqtisadi inkişaf göstəricilərinə uyğun olaraq qaldırır. Barak Obamanın Amerikasında xalqın yaşayışı çox aşağı olduğundan, demək, iqtisadi inkişaf tendensiyası durmadan üzüaşağı getdiyindən, yanacağın qiyməti də dünya bazar qiymətlərinə uyğun olaraq durmadan aşağı salınır. Bax, buna görə Obamanın, Obama hökumətinin Azərbaycan hökumətinə acığı tutur; ona görə hansısa “Nyu York Tayms” adında qəzetlərinə göstəriş verib Azərbaycanın dövlət başçısını “ikiüzlü” adlandırırlar: nə var, nə var bunlar onları uzun illər aldadıblar - demokratiya adı altında diktatura qurublar. Adama deyən gərək: sənə nə var, ölkə mənimdi, necə istəyirəm, eləcə də yola verirəm (Məzahir Pənahov uzun illərdən bəri Mərkəzi Seçki Komissiyasını yola verdiyi kimi).

Inkişafın Azərbaycan Modelinə uyğun olaraq, prezident Tarif Şurasına yanacağın qiymətini 2 qəpik artırmaq tapşırığı vermişdi. Sonra prezident düşündü-daşındı, aşağı-yuxarı, eləcə də Feysbuka baxdı, çox sayğılı Tarif Şurasını çətinliyə salmadan, Inkişafın Azərbaycan Modelinə uyğun olaraq, yanacağın qiymətinin 2 qəpik ucuzlaşmasına birbaşa göstəriş verdi. Indi bu da Ağ ölkənin Qara prezidentində qanqaralığı yaradacaqsa, buna biz neyləyək?! Bizim güclü dövlətimiz, güclü ordumuz, güclü də iqtisadiyatımız var - bütün bunlara uyğun olaraq da bütün dünyada bəyənilən, bütün dünyada alqışlanan çox güclü, suveren siyasət yürüdürük. Biz başqa dövlətlərin daxili işlərinə qarışmadığımız kimi, başqa dövlətlər də bizim daxili işlərimizə qarışmamalıdırlar. Ancaq, biz istəyirik onlar Qarabağı alıb bizə versinlər - sonra biz orada buradakı kimi güclü iqtisadiyatımızı quraq. Ermənistan aclıq, yoxsulluq içində dağılıb gedir, yazıq erməni xalqı! Böyük dövlətlər humanizm sərgiləyərək Ermənistanı, bu tarixi Azərbaycan torpaqlarını bizə versələr, biz orada da güclü iqtisadiyatımızı qurarıq. Bilirsiniz, artıq bizim belə bir təcrübəmiz var: Azərbaycan bu gün iqtisadi inkişaf baxımından dünyanın lider dövlətlərindən birinə çevrilib.

Azərbaycanda bu il Kənd Təsərrüfatı Ili olacaq. Bu il bütün ölkə, bütün teleradiolar, bütün qəzetlər Kənd Təsərrüfatı şüarlarına bürünməli, şairlərimiz Kənd Təsərrüfatına çoxlu şeirlər yazmalı, bəstəçilərimiz o şeirlərə musiqi bəstələməli, müğənnilərimiz bütün il boyunca Kənd Təsərrüfatı mahnıları oxumalıdırlar. Bundan başqa, bu il Kənd Təşərrüfatı ilə bağlı çoxlu telefilmlər çəkilməli, “Azərbaycanfilm” kinostudiyası Kənd Təsərrüfatı Ili ilə bağlı tematik planında uyğun dəyişikliklər etməlidir. Bu bir göstəriş deyil, bizim dövlət siyasətimizə bağlı baxışlarımızdır. Inkişafın Azərbaycan Modeli üzrə bizim ölkəmiz tam demokratiya ölkəsi olduğundan, gələn il bizdə Demokratiya Ili olacaq...

 

XALIQ BAHADIR

скачать dle 12.1