Yalanın ayaq tutub yeridiyi ölkə

7-01-2015, 18:39
0
Yalanın ayaq tutub yeridiyi ölkə

Azərbaycan! Sən bu ölkəni sevirsən? Sevirəm. Burda sevməli nə var: doğru-düzgünlükdən uzaq, bütünlüklə yalana bürünmüş ölkədə sevməli nə ola bilər? Qadınlı-kişili böyük çoxluğun yalan danışdığı, doğru-düzgünlükdən uzaq olduğu ölkədə yaşamağa dəyərmi? Dəyər, ancaq dəyişiklik istəyi ilə yaşayır, çalışırsansa. Yalansız yaşamağın olumsuz olduğu bu ölkənin gələcəyi yoxdur, ola bilməz. Ortada bu ölkənin gələcəyini gələcəksiz edən bir rejim var - yalan rejimi. 

Demokratik dünya illərdir bu rejimdən düzgün seçki keçirməyi istəyir. Bir dənə də düzgün seçki keçirilmir. Alış-verişi üç-dörd ay qabaqdan başa çatmış sonuncu bələdiyə seçkisi ilə bağlı rejim başçısı deyir: “Güclü demokratik təsisatların qurulması bizim üçün uğur şərtidir, çünki bizim bu gün güclü iqtisadiyyatımız var”. Başdan ayağa yalan! Gerçəkdən “güclü demokratik təsisatların qurulmasına” çalışan rejim başçısı demokratiyadan, demokratiya görsənişlərindən bir belə qorxmaz. Düzgün seçki keçirməmək demokratiya qorxusu deməkdir. Ölkədəki bütün doğru söz ruporlarını, qapamaq, qapamağa çalışmaq, ayrıca olaraq AZADLIQ radiosunu bağlamaq, AZADLIQ qəzetini min bir yolla boğmağa çalışmaq, bunların yerinə yalançı teleradioları, yalançı qəzetləri böyük pullarla böyük yalan körükçülərinə çevirmək, gerçək hökumətdən ayrı qurumları “mənimsəmə” suçlamalarıyla qapayıb, oğru, korrupsioner hökumətə bağlı yalançı “QHT”-lərə boş-boşuna milyonlar mənimsətmə - bütün bunlar QULDUR reciminə gerçəkdən hansı “təsisatların” gərək olduğunu açıq göstərir. “Güclü iqtisadiyyata” gəlincə, dövlət büdcəsinin yüzdə səksən beşi neft-qaz gəlirlərinə bağlı ölkdə “güclü iqtisadiyyatdan” danışmaq yalnız güclü yalançılıq göstəricisi ola bilər. 

Belə deyirlər: “Adamları asanlıqla yönətmək istəyirsənsə, - onları əyləndirməyi bacarmalısan”. Bizdə yalan çoxdan adamları əyləndirməklə yönətmə ilkəsinə (elementinə) çevrilib. Ölkə 22 ildi yalanla yönətilir. Dövlət qurumlarında rəsmi status qazanan yalan getdikcə toplumun böyük çoxluğunun gündəlik yaşayış-dolanışıq düzgüsünə, düzəninə çevrilib. A.Soljenitsının YALANSIZ YAŞAMALI çağırışı bizdə 22 ildən bu yana hakimiyət-dövlət düzəyində YALANSIZ YAŞAMAQ OLMAZ! - statusu qazanıb. Bu isə ölkənin gələcəyinin gələcəksizləşdirilməsi deməkdir. Özü də bilərəkdən gələcəksizləşdirilməsi. Gələcəksizlik: bu gün hakimiyətdə olanların - oğru, korrupsioner rejim yolçularının kefkom yaşayışı üçün gərəkən gələcəksizlik!

Indi bu ölkədə nə var, yalana bürünüb, başqa cür desək, gələcəksizlik yalanına! Bizdə qabaqlar deyərdilər: yalan ayaq tutar, yeriməz. Indi bizdə yalan ayaq tutur da, yeriyir də - arxasında bütünlüklə yalana bürünmüş dövlət hakimiyəti durduğuna görə! Biz belə hakimiyəti, belə dövləti özümüzünkü, doğmamız saya bilərikmi? Yox! Hansısa tanıdığımız kimsələr arada barışığa, birliyə, qardaşlığı, dialoqa çağırırlar. Alınarmı? Alınmaz, alına bilməz. Ortada düzlük olmayınca, yalan yerini doğruluğa vermədikcə bunlar hamısı eləcə söz-çağırış olaraq qalacaq. Bizə barışıq - birlik gərəkdiyini anlamaq üçün böyük us-ağıl yiyəsi olmaq gərək deyil. Ancaq o da bu da, öz prinsiplərinə bağlı qalmaqla oğruyla doğrunun bir araya gəlməsinin, barışıq-birlik yaratmasının hansı anlamı ola bilər?! 

Ayrı ayrılıqda kim istəsə oğru rejimlə barışığa-birliyə gedə bilər. Bunun elə də qorxusu yoxdur. Ancaq toplumun, xalqın oğru rejimlə barışıq-birlik istəyi, belə istəyi gerçəkləşdirməyə çalışmaq ölkəni bütünlüklə, yerli-dibli gələcəksizləşdirmək deməkdir. Amerika yazıçı-filosofu Henri Toro: “Mənə sevgi gərək deyil, ad-san gərək deyil, - mənə doğruluq verin. Mən dedikcə dadlı, çeşidli yeməklərin, içkilərin, gözəl qulluğun olduğu, ancaq ürəyiaçıqlıq, doğruluq olmayan qonaqlıqda oldum - mən bu qonaqsevməz evdən ac getdim”. Azərbaycan bu gün belə bir evə dönüb: burada böyük bolluq içində böyük də ACLIQ yaşanmaqdadır...

 

XALIQ BAHADIR

скачать dle 12.1