Bu günlərdə beynəlxalq tədqiqat və maliyyə institutlarından biri çox, olduqca maraqlı xəbər yaydı. Azərbaycanda hazırda 5600 nəfər multi-mliyonerin olduğunu açıqlayan həmin qurum bizi sevindirməklə bahəm, həm də kefimizə lap əməlli - başlı soğan doğradı. Bəli, belə məlum oldu ki, düz 2025 - ci ilə qədər Azərbaycanda milyarder olmayacaq...
Doğrusu, çox, yaman bikef olduq. Dünya bizə dar gəldi. Bu dünyaya niyə gəldiyimiz, niyə yaşadığımız bircə anın içində yaddan çıxdı, maraqsız oldu...
Niyə görə bizdə milyarder olmasın? Düzdür, əlavə olaraq bildirildi ki, ölkədə milyarderlər olmasa da, azərbaycanlı milyarderlər, hər halda, yox deyillər və onların siyahısını hər il “Forbes” jurnalı açıqlayır...
Bunu eşidəndə azacıq təsəlli tapsaq da, yenə də bir qədər nisgil qaldı ürəklərimizdə. Niyə bizim öz milyarderlərimiz olmasın? Görünür, biz bu sualı özümüzə hələ çox verməli olacağıq...
Nədən məsələyə bu qədər önəm verdik? Səbəbi budur ki, adam ölkədə milyarderlərin olmamasına heç cür inana bilmir. Doğrudanmı, onlar yoxdur və doğrudanmı, biz bu qədər kasıb millətik? O qədər kasıbıq ki, bu vaxta qədər beş – on məmurdan hətta bir milyarder də düzəldə bilməmişik?
Sizi bilmirəm, mən buna heç inanmıram... Bəli, inanmıram ki, bizdə miyarder olmasın...
Ola bilsin ki, lap əvvəldə qeyd etdiyim institut rəsmi milyonçularla işləyir. Buna elə bir sözüm-iradım yoxdur. Rəsmi, yaxud da qeyri-rəsmi, nə fərqi var ki?! Əsas odur anlayasan ki, boş - boşuna əlləşib - vuruşmuruq! Əsas odur ki, bizi idarə edənlər heç də düşünməsinlər ki, onlar bu 23 ildə siyasi filantropiya ilə məşğul olublar!..
Vallah, belə deyil! Bu ölkə çox, olduqca gəlirli bir şirkətdir... Üzr istəyirəm, ürəyimdə ölkə demək istəyirdim, amma barmaqlarım nədənsə “şirkət” yazdı –ürəyim “ölkə” deyir, barmaqlarım “şirkət” yazır... Heç özüm də bilmirəm, nə məsələdir bu?!.
Xülasə, bu ölkənin adamları başqa yerlərdə olduğu kimi məmurların hər qəpiyini sayan insanlar deyillər, çox başıaşağı, əməli-saleh adamlardı – başına vur, sonuncü tikəsini al əlindən! Dönüb qımıldansalar heç məndən pis adam yoxdur!..
Həm də gözəl başa düşürlər ki, məmur deyilən kəsim varlı olmalıdır... Əlbəttə! Basqa cür necə ola bilər ki?.. “Yuxarı” ilə “aşağı” və yaxud da idarə edənlərlə idarə olunanlar arasında fərq olmalıdır, ya yox?..
Mənim üçün bu, həm də iqtisadi şəffaflıq məsələsidir. Əgər ölkənin leqal milyonçuları və milyarderləri varsa, deməli iqtisadi mühit dözülməz deyil. Bir neçə il bundan əvvəl iqtisadi şəffaflıqdan danışan deputatdan soruşdum ki, əgər iqtisadiyyatımız bu qədər şəffafdırsa, onda niyə bizdə rəsmi milyonçular və ya milyarderlər yoxdur?!
Xeyli fikirləşdi. Axırda da qayıtdı ki, yəqin mentalitetlə bağlıdır. Doğrusu, başa düşmədim, axı, mentalitetin bura nə dəxli var? Amma olsun. Onsuz da hər şeyi mentalitetin üstünə yıxmaq bizdə bir adətdir – nə olursa, nə alınmırsa, dərhal qayıdırlar ki, bəs mentalitetdəndir...
Qərəz, milli milyarderlərin yoxluğu və yaxud da ki, 2025-ci ilə qədər olmayacağı haqdakı xəbər məndə ikili hiss oyatdı. Bir tərəfdən bunu ciddi şəkildə təhlil etmək istədim. O biri tərəfdən də ironik, acı bir gülüş götürdü məni...
Elə bu səbəbdən yazı bir az qarışıq üslubda alındı. Bir daha deyirəm ki, adam üçün boş yerə əlləşib-vuruşduğunu eşitməkdən ağrılı-acılı heç nə yoxdur. İnsanların əməyini yerə vurmaq olmaz! Düz 23 ildir ki, biz məmur bəsləməklə və ya milyarder məmurlar yetişdirməklə məşğul olmuşuq!..
İndi də durub deyirlər ki, bəs sizin milyarderləriniz yoxdur! Hələ bu da azmış kimi qayıdırlar ki, gözləməyin, 2025–ci qədər onlar olmayacaq! Buna dözmək olarmı? Bununla razılaşmaq olarmı? 2025-ci ilə qədər gözləmək mümkünmü?
Ağlıma bilirsiniz nə gəlir? On milyona yaxın əhalimiz var. Hərəmiz 100 dollar ayırsaq, ilk milli milyarderimiz yaranar! Nə deyirsiz? Bəlkə başlayaq?..
“Adını nə qoyaq?” deyirsiniz? Əşi, taparıq də!.. Ad problem deyil! Lap olsun “Məmurlara yardım fondu”! Adın bura nə dəxli?.. Əsas odur ki, məmurlarımız digər ölkələrin məmurları arasında başıaşağı olmasın!..
Əsas odur ki, onlar “Bunlara bax! 23 ildir ki, idarə edirik bunları! Amma hələ də milyarder ola bilməmişik!” deməsinlər...
Yoxsa adam bu dərdə heç dözməz. Bir daha deyirəm ki, doğrusu, elə bilirdim ki, bu illər hədər keçməyib, nəyimiz olmasa da, onlarla milyarder məmurumuz var...
İndi isə belə məlum olur ki, yoxdur! Heç belə də dərd olar?!. Həm də bilirsiniz məni nə qorxudur?
Qorxuram, məmurlarımız deyər ki, sizi idarə etmək bizə sərf etmir, gecəmiz -gündüzümüz yoxdur, amma quruca milyard dolların belə sahibi deyilik! Sonra da qayıdarlar ki, qurtardıq, biz gedirik ayrı millətləri, xalqları idarə etməyə!..
Onda axı bizlər nə edərik?! Qapazdan yastılanmış başlarımıza haranın külünü tökərik? Tamam - kamal başsız qalmarıqmı?..