Devalvasiyanın şıdırğı çağında yapistlərdən kimsə demişdi ki, Mərkəzi Bank dövlət orqanı deyil. Yəni manatın çezməsinin məsuliyyətini bizim üstümüzə atmayın.
Bunlara nə var, bir də gördün neft qurtarandan sonra Azərbaycanda tarixən heç vaxt neft çıxmadığını da bəyan etdilər. Kim kimədir? Analoqu olmayan ölkədir. Normal aləmdə dağı Comolunqma (tibet dilində “Küləklərin tanrıçası” anlamı verir), nə bilim, Kilimancaro (suaxili dilində “Parlaq dağ” deməkmiş) adlandırırlar, bizdə isə Bazardüzü. Dağ zirvəsində bazar açan millətdən nə gözləmək olar? Başqa ölkələrdə vulkandan od-alov püskürür, bizimkindən palçıq. Altı rayonu düşmənə verən adama milli qəhrəman adı qoymuşuq. Hətta böyrümüzdə dəniz var, o da prinsipcə dəniz deyil, göldür.
Nə başınızı ağrıdım, mənim sözüm odur ki, əgər Mərkəzi Bank dövlət qurumu sayılmırsa, biz onun sədri Elman müəllimdən acizanə xahiş edərdik dilini bir yerə qoysun, sakit dursun. Çünki bu adam hər dəfə, manıslar demişkən, “efirlərə” çıxıb manatın devalvasiyasının gözlənilmədiyini deyən kimi devalvasiya olur. Son dəfə də bu qanunauyğunluq pozulmadı. Elman müəllim 26 fevralda danışdı, manat isə martın 3-də bir az da ölərək dollara nisbətdə 1 manat 60 qəpiyə endi.
Beləcə, baş bankirin manat haqda nikbin açıqlamasını millət tərsinə yozmaq adətinə öyrəşmişdir. Necə ki, Amerikada, Kanadada-zadda porsuğun yuvadan çıxanda kölgəsinin hara düşməsinə əsasən yazın tez, ya gec gələcəyi müəyyən edilir, bizdə də maliyyə bazarlarında sabitlik Elman Rüstəmovun danışığından asılıdır.
Rəhmətliyin oğlu, səndən xahiş edən var danışasan? Lazım deyil. Artur müəllim danışmır, nə olur? Sən də sus. Susmağı baş nazirdən öyrən. Hətta bizə Elman Rüstəmovu susdurmaq üçün dövlət proqramı da lazımdır.
Ümumiyyətlə, bizim ölkədə dövlətlə qeyri-dövlətin, susmaqla danışmağın, iş verməklə işverənliyin fərqləri çox yayğındır, amorfdur. Sərhədi tapmaq olmur. O baxımdan, polislə əməkdaşlıq edəcək işçilərin yaradılması haqda yeni prezident sərəncamı cəmiyyətdə böyük maraqla qarşılanıbdır.
Prinsipcə, hər bir insan cinayət görəndə bunu polisə xəbər verməyə borcludur. Qanunda buna görə məsuliyyət də nəzərdə tutulur. İndiki sərəncamın isə yeni cəhətləri var: polislə əməkdaşlıq edəcək şəxslərə geyim, maaşa bənzər ödəmələr veriləcək, bu “işverənlər” gələcəkdə polisə daimi işə götürüləndə üstün hüquq qazanacaq və sairə.
İranda Xomeyni belə idarəni hələ 1979-cu ildə yaradıb, adı da “Bəsic”dir. Bəsiclərin əsas vəzifəsi molla rejiminin xoşuna gəlməyən şəxsləri polisdən qabaq tutub cəzalandırmaqdır. Bunlardan vaxtaşırı olaraq etiraz aksiyalarının yatırılmasında, jurnalistlərin, müxalifətçilərin oğurlanıb məhv edilməsində də yararlanıblar. Bənzər idarəciklər SSRİ-də xalq drujinaları adlanırdı. İstənilən totalitar rejimin kütlələrə total nəzarəti təmin eləmək problemi olur, çünki hamıya polis çatdıra bilməzsən. Bəs nə etməli? Heç nə: hamını polisə çevirmək! Hər ailədə azı bir “işverən”, “pavlikmorozov” təşkil eləsən Böyük Qardaşın nəzərlərindən heç kim qaça bilməz. İndi də yapistlərin pulu azalıb, “ictimai nəzarəti” əvvəlki kimi qayıra bilmirlər, bunu qışda bəzi rayonlarda etiraz aksiyaları olarkən əyani gördülər. Polislə əməkdaşlıq adıyla vətəndaşları şirnikləndirib bir-birinin üzünə qoymaqla korrupsiya prosesini davam etdirməyi düşünürlər.
Məncə, iqtidar üçün uğurlu projedir, uca millətimizi hamıdan yaxşı tanıdıqlarını bir daha isbat elədilər. Çünki bu millət tarix boyu qardaşın qardaşı, şairin şairi, siyasətçinin siyasətçini, əkinçinin maldarı, arvadın əri, nənənin babanı satdığı millət olmuşdur. Ona görə SSRİ dağılanda “Gəlin KGB arxivlərini açaq, kimin hansı alçaqlıq elədiyi bilinsin” deyənlərin ağzından vurdular. Hətta bir gülməşəkər müxalif siyasətçi belə də demişdi: “O arxivlərin açılması vətəndaş savaşına səbəb olar”. Çünki özünün də dosyesi orda var idi.
İndi də həmin baza, həmin infrastruktur yerindədir, işləkdir. Necə deyərlər, ağa durur, Ağacan durur. İqtisadi çətinlikdir, satmağa mal azalıb, adam satıb yaşayaq.