Qəzzafinin və İlqarın qanlı köynəyi

25-08-2014, 19:05
0
Qəzzafinin və İlqarın qanlı köynəyi

Nə qədər ki, insanlıq etdiyinin fərqində deyil, o köynək çox kürəklər dəyişəcək

2012-ci ilin əvvəllərində Müəmmər Qəzzafinin oğlu Seyfülislamın bir şəkli yayılmışdı. Qorxunc bir foto idi. Mən o zaman yazdım ki, Liviyaya demokratiya gəlmədi. Bir vəhşi başqa vəhşini əvəz etdi. Bu, mənim üçün indi də belədir. Fikrimcə, Liviyada demokratiya olmadı. Qəzzafinin zamanında da, ondan sonra da. Ona görə ki, onlar da əl qaldıranın əlini, dil tərpədənin dilini kəsirlər. Qəzzafi də belə edirdi. Amma düşünürəm ki, o xalq etirazları başlayanda, insanlar silahlanmadan öncə Qəzzafi Fironluq obrazının tarixdə qaldığını dərk etsəydi və Allahla savaşı yerə qoysaydı, Liviyanın da, onun özünün də, yaxınlarının da taleyi belə olmazdı.

Bunu ona görə xatırlayıram ki, bugünlərdə Qəzzafinin qanlı köynək içində şəkli yayıldı. Üstündən günlər keçmədi, Ilqar Nəsibovu o halda tapdılar. Beynimdəki assosiasiya məni vadar etdi ki, İlqardan yazarkən bu mövzuya toxunum.

Dostum Natiq Ədilovun aylar öncəyə aid bir “facebook” qeydini xatırlamadan olmur. Natiq Sumqayıtda baş verən bir olayı yazmışdı. Oğlanlarının radikal dini quruplaşmaya qoşulub ölkəni tərk edəcəyindən narahat olan ata, polisə məlumat verir. Polis isə qardaşları həbs edib hər birinə 10 sutkalıq cəza verir. Beləcə, bir “quş” qoyur ki, mübarizə apardı. Amma bu, məsələnin başqa tərəfidir ki, ölümü gözə alıb savaşa gedənə 10 gün həbs vermək onun üçün sadəcə, savaşqabağı dincəlmək fürsətidir. Qanın, savaşın adiləşdiyi bir beyin üçün bunun başqa heç bir izahı, heç bir tablosu, heç bir şəkli yoxdur. Ən pis halda isə, həmin cavan lənət oxuyacaq ki, onu beynindəki şəhidlikdən 10 gün ləngitdiniz.

Bunu niyə xatırlayıram? Çünki bir neçə tablo ilə əyani şəkildə anlatmaq istəyirəm, fəryad qoparıram, yalvarıram, siz baxıb görəsiniz ki, bu ölkəni hara və necə çevirirsiz. Bu, bizim hamımız üçün qorxulu bir gələcəkdir. Sizə elə gəlir ki, qaçıb harasa gedə biləcəksiz. Amma unudursunuz ki,  amerikalı jurnalistin başını kəsdiyi iddia edilən IŞID-çi şəxs britaniyalı ingilisdir. Budur, bu təkcə bir ölkəyə xəyanət deyil, kainata, onun universal yaşam qaydalarına, günahsız körpələrə, hamilə qadınlara, zəhmətlə yaşayıb dinc ölmək istəyən ahıllara xəyanətdir. Bu qədərmi asandır insan həyatını məhv etmək, uşaq yetim qoymaq, ana ağlatmaq?

Bu qədər asan olmamalıdır axı... Tarix sübut edib ki, bunun vəbalından qaçış yoxdur. Bunu görmək üçün kitab oxumaq lazım deyil, sadəcə, yaxın iyirmi ili yada salmaq lazımdır.

Bir zamanlar öyündüyümüz dini dözümlülük hanı? Bunu qoyaq bir tərəfə, axı bizim ölkəmizdə dövlət adına fəaliyyət göstərən insanlar vətəndaşın varlığına dözmür. Özünü vətəndaşsızlaşdırmaq istəyir - bu, hətta etnik təmizləmədən də dəhşətli bir olaydır.

İlqar Nəsibovun qanlı köynəyi bizim hər birimizin əynində ola bilər. Kimsə onu geyinməkdən sığortalanmayıb. Dünən Qəzzafi geyinib, bu gün İlqar, sabah yəqin ki, mən, birisi gün bir başqası. Amma nə qədər ki, insanlıq etdiyinin fərqində deyil, o köynək çox kürəklər dəyişəcək.

SEYMUR HƏZI

скачать dle 12.1