Anaya məktub...

21-08-2014, 19:06
0
Anaya məktub...

Əziz Leyla xanım!  Bunları sizə yazmaq çox çətindir. Amma yazmamaq da vəfasızlıq olardı. Siz bilməlisiniz ki, burada - sizin də bir vaxtlar olduğunuz daha böyük həbsxanada, sizin darısqal kameranızdakı həyat haqqında hər gün düşünürlər, narahat olurlar. Sizin daha böyük kaloniyaya - bizim yanımıza qayıtmağınız üçün çalışırlar.

Sizinlə bir xatirəmi bölüşmək istəyirəm. Bilirsiniz ki, hər bir ana öz övladı üçün narahat olur. Analıq hissi barədə yazmaq və danışmaq çətindir. Onun bəzən təsvirlərini yaratmaq olar. Siz “Azərbaycan saatı”na müsahibənizdə demişdiniz ki, 25 ildir həbs olunmağınızı gözləyirsiz. Mənim anam bunu eşidib, qəribə bir reaksiya verdi: “Hamı bizim kimi gözləyir”.

Bu müsahibədən sonra o, demək olar ki, hər gün sizinlə maraqlanır. Səhhətinizdəki problemləri ondan gizləmişəm. Bilirəm ki, o, buna dözməz. O da sizin kimi möhkəm qadındır, repressiyalardan çıxmış, Maqadanda sürgündə-katorqada olmuş bir ailənin övladıdır, amma yenə də yəqin ki, dözməz.

Sizin həbs xəbərinizdən sonra, o, mənə artıq “ehtiyatlı ol” demir. Yəqin ki, bunu öz qüruruna sığışdırmır. O, artıq anlayır ki, oğlunun yeri bu böyük həbsxana deyil, sizin yanınızdır.

Hə, anam fəxr edirdi ki, o günlərdə mən sizin yaxınınızda olmuşam. Mən də fəxr edirəm. Fəxr edirəm ki, sizin yaxınınızda olmuşam...

Sizi, analıq hissi ilə bütün Azərbaycan övladlarını qorumaq gücünü özündə hiss edən, təhlükəyə can atan böyük ananı çox sevirəm!

Sizi sevməyən adam ya sizi tanımır, ya da ki, çox acı bir zəhər udub və ondan xilas ola bilmir!

SEYMUR HƏZI

скачать dle 12.1