Kim onu vəzifəyə təyin edib?

18-01-2016, 14:30
0
Kim onu vəzifəyə təyin edib?

“Bir dənə fağır prezident tapmışdınız, sağdan da vururdunuz, soldan da”. Əbülfəz Elçibəy ANS-ə müsahibəsində demişdi. 1992-93-ü Aztv-dən yox, səhih mənbələrdən, salehlərdən öyrənənlər bütün qüsurlarına rəğmən Elçibəy hakimiyyəti demokratik üstünlüyü ilə fərqləndiyin etiraf edər. O zaman mübaliğəsiz desək, demokratiya əndazəsin də aşıb. Elə hadisələr vaqe olub ki, indiki nəsil onları fantaziya kimi qavrayar, bəzilərinə heç inanmaz da.

“92-93”ü ideallaşdırmaqdan çox-çox uzağam, Azərbaycanın xoşbəxtliyini keçmişdə yox, gələcəkdədir. Keçmiş nə qədər xoş, gözəl görünsə də, üzümüz gələcəyə olmalıdır. Bu ayrı söhbətdir. Gətirdiyim sitatda isə məqsədim Azərbaycanın elə bir zamanın yada salmaq idi ki, o zaman birinci şəxsi tənqid eləmək hava udmaq, su içmək qədər asan olub.

Həm də dəxli oldu-olmadı. Həm də prezident cavabdeh oldu-olmadı.  Mən Bəyin o şikayətlənməsinə şahidəm ki, deyirdi bəzən qızı qoşulub qaçdığına görə onu tənqid edənlər olub.

Azərbaycan xalqı indi heç zaman olmayan kimi onu idarə edənlərin əlindən yanqılıdır. İnsanların hirsi-hikkəsi yeri-göyü dağıdır. Ancaq hirsi tökməyə ünvan yoxdur, var əslində, ancaq bu çox təhlükəli işdir. Necə yəni, durub deyəsən ki, İlham Əliyev korrupsiya piramidasının başında dayanır, cinayətkar məmurları o himayə edir, regionçuluq, qəddarlıq onun siyasətinin məhvərin təşkil edir. Yox, bunları demək olmaz, nə danışırsınız?!

Bəs enerji də harasa sərf olunmalıdır axı? Daha fərasətlilər ictimai-siyasi problemə görə müxalifəti yerdən-yerə vurmaqla, müxalifəti lənətləməklə daha təhlükəsiz və daha populist yolla özlərinə toxtaqlıq verirlər.
Böyük bir qisim isə özün sıxır-sıxır,  ta ki, bir gün əlinə Cəbrayılın icra başçısı  Mahmud Quliyev kimi bir yetim düşənəcən. Bax o günü Allah heç bir kafirə də göstərməsin.

Mahmud Quliyev kimdir, sualına bəri başdan qısa cavab verək ki, səhv anlaşılma olmasın. Bu yoldaş savadsız, köntöy bir korrupsionerdir. Maneralarından, fotolarından hiss olunur ki, xalqdan o qədər də qopmayıb, o mənada ki, bəziləri kimi özünü xüsusi elita zənn eləmir, necə deyərlər “xeyr-şər” adamı obrazın qoruyur. Məsələn, mənə elə gəlir ki, o çox məmnuniyyətlə bizim nazirlərin, məmurların şənlərinə sığışdırmadığı palatka toylarına gedər, hamıya qoşulub, orda tikə-bozbaşın yeyər, hələ çıxıb bir ağız Qarabağ şikəstəsini də oxuyar. Amma bunlar etimallardır, reallıqa dönək. O adama həsr edilən məqalələri, facebook statusların oxudum, gördüm, köks ötürdüm. Hayf  gəldi o qədər enerjiyə, o qədər zəhmətə.

Bu yetim o qədər nifrətə dəyərdimi? Axı o nə boyda hədəfdir ki? Yazığın, rayonu da əlində deyil, neft buruğu yox, bankı yox, uzaqbaşı arada məcburi köçkünlərin yardımlarına çəp baxa bilir, onu da ki Allah kəssin, irindi qandır. Siz heç neftdən çırpışdırılan gəlirlər, qaçqından əkişdirilən vəsait arasında heçmi dad fərqi, məbləğ fərqi görmürsünüz? Bu yoldaş aclığa görə etiraz edənlərə qarşı qeyri etik və qeyri adekvat ifadə işlədir, düzdür. Onun sonrakı açıqlaması göstərdi ki, bu yetimçə heç o işlətdiyi sözləri təhqir-filan da bilmir, yəqin, işdə də o bu cür “xoş ifadələrlə” kollektivi feyziyab edir. Bu cür əməl, davranış, xarakter tənqid edilməlidirmi? Təbii! Ancaq hansı səviyyədə? Şübhəsiz ki, daha üst səviyyədə və daha böyük miqyasda.

Kim onu vəzifəyə təyin edib?

Kim illərdir onun fəaliyyətinə nəzarət edir? Bu adamlar məsuldur, bu adamlar danlanmalı, ictimai məzəmmətə layiq bilinməlidir. Guya başqa rayonların başçıları daha nümunəvi formadadılar ki?

Cəbrayılın başçısına mən ancaq bircə cəhətinə görə qəzəbliyəm. Onun kobudluğu, köntöy ifadəsi imkan yaratdı ki, daha yüksək səviyyəli dövlət orqanlarının elə həmin gün xalqı təhqir eləməsi gözdən itsin, arxa plana keçsin. Təəccüblənirsiz?
Təəccüblənməyin, öz hökumətindən çörək, iş tələb edən etirazçılara, vətəndaşlarımıza DİN və Baş prokurorluq “ radikal və dini ekstremist” və “destruktiv qüvvə” adı verdi. Rəsmi bəyanatla.  Dövlət orqanı daha xalqı necə təhqir eləməlidir ki, axı bu zəhrimar bəyanata “ kopoğlu” sözü yazmaq olmur.

Vüqar İsmayılov 

скачать dle 12.1