Görünür, məşgulluq strukturları insanları sadəcə, məşğul edirlər ki, sosial-etiraz filan olmasın.

15-02-2016, 10:52
0
Görünür, məşgulluq strukturları insanları sadəcə, məşğul edirlər ki, sosial-etiraz filan olmasın.
Düşünmürük ki, sosial narazılıqları dərhal siyasi etirazlara transformasiya etməyin yollarını aramaq indiki məqamda ən düzgün bir nəticədir - ən azı bu, mənəvi baxımdan düzgün olmazdı, çünki hər problemi siyasi predmetə çevirmək olmur... 
Həm də “böhran” sözünü eşidən kimi insanları küçələrə səsləmək də bir azacıq yüngüllük kimi yozular və görünərdi – daha düzgün nəticələr üçün bir azacıq gözləmək heç vaxt mane olmur. 
Bu səbəbdən müxalifətin böyük hissəsinin təmkini, fikrimizcə, normaldır. Hesab etmirik ki, bu kontekstdə sosial və elektoral baza haqqında rişxənd dolu iradlar yerinə düşür. Güman etmirik ki, hakim partiyanın təmsilçiləri öz ironiyalarında haqlıdırlar - ən az ona görə ki, müxalifət etiraz etmək istəyəndə buna imkan vermir, etməyəndə də deyirlər ki, sosial bazaları yoxdur və bu səbəbdən də etiraz etmirlər...
Bir fərd kimi şəxsən mənim heç bir sosial və ya elektoral bazam yoxdur, amma bu, o demək deyil ki, vətəndaşlığım əlimdən alınıb və mən hansısa bir toplantıda və ya media strukturunda ölkədəki vəziyyətlə bağlı fikirlərimi deyə bilmərəm. 
Səslənən, eləcə də müxalifət tərəfindən dilə gətirilən bəzi mülahizələrdə ciddi rasional məqamlar da az deyildir. 
Götürək seçki ilə bağlı deyilənləri. Yunanıstanda islahatlara başlamazdan əvvəl hökumət növbədənkənar seçkilərə getdi ki, görək, cəmiyyət bizə etimad  edirmi? Eləcə də bütün böhranlı hallarda dünyada keçid hökumətinin, etimad hökumətinin qurulması adi bir haldır...
Təbii ki, hökumət nəsə etməyə çalışır və yaxınlarda bu haqda yazmışdıq. Amma onun ciddi “sosial paket”i varmı? Ölkədə dəhşətli bahalıq və getdikcə artan temp götürən işsizlik hökm sürür. Sonuncu ilə bağlı, düzdür, əmək yarmarkaları keçirilir. Amma hamı deyir ki, qardaş, boş şeydir, baş qatmaqdır... Görünür, məşgulluq strukturları insanları sadəcə, məşğul edirlər ki, sosial-etiraz filan olmasın.
Ən maraqlısı isə budur ki, bu tədbirlərdə özəl strukturlar, demək olar ki, görünmürlər. Halbuki məmurlarla və sahibkarlarla görüşündə prezident özü tapşırmışdı ki, ixtisarlarla tələsməyin...
Sahibkarlar bir tərəfə, siyasi sferada da həmişəki kimi acınacaqlı vəziyyətdir. Bəzi partiyalar təəssüf ki, hətta özlərinin ideoloji təmayüllərindən imtina ediblər – sosialistlər də “monetarist”lər kimi danışmağa və böhranla bağlı nəsə demək istəyən digər müxalifətə həqarətlə baxmağa başlayıblar...
Liberalizmdən və liberal dəyərlərdən (liberal bazar iqtisadiyyatı da onların bir hissəsidir!) ən çox danışanlardan və yazanlardan biri də mən olmuşam və indi də bunu edirəm. Ə.Elçibəy həmin fikirlərə və yazılara bir az tərəddüdlə, hətta azacıq ehtiyatla yanaşırdı. Bir dəfə mənə dedi ki, bəy, vallah, məni sevməsələr də, çox istəyirəm ki, Azərbaycanda güclü sosial-demokrat partiyası da olsun, çünki qarşısında müqavimət görməyən sərt bazar iqtisadiyyatı insanları əzə bilər...
Bunu niyə görə deyirəm? O, müəyyən mənada haqlı idi. İndi dünyada A.Smitin, D.Rikardonun və yaxud daha müasirlərdən olan monetarizmin atası M.Fridmanın tərənnüm etdiyi bazar iqtisadiyyatı yoxdur. Bunun əvəzində sosial kapitalizm var, sosial dövlət var, yüksək rifah və bərabər imkanlar cəmiyyəti, insanları tamamilə ehtiyacın əsarətindən qurtarmaq cəhdləri var. 
Təsəvvür edin, bəzi ölkələrdə şərtsiz ödəniş sisteminə keçməyə çalışırlar. Bu, o deməkdir ki, işləyib-işləməməsindən asılı olmayaraq hər bir vətəndaşa aylıq əmək haqqı qədər müavinət veriləcək. Məqsəd odur ki, insanlar məcbur olaraq deyil, ürəklərinin diqtəsilə işləsinlər, onların kreativliyi və təşəbbüskarlığı daha da artsın...
Təbii ki, bunlar Azərbaycan üçün ekzotikadır. Demirik ki, bizdə də “məcburiyyət” ucbatından qəssablıqla məşğul olanlar baltalarını tullayıb “ürəkləri istəyən” işlə-ulduzları seyr etməklə məşğul olmalıdırlar. Yox, bunlar bizim üçün hələ nağıldır. Amma insanları düşünmək lazımdır. Ən azı ona görə ki, indi 21-ci əsrdir, ən azı ona görə ki, hamımız azərbaycanlıyıq...
Bəzən dindarlarla da söhbətim olur. Təəssüf ki, hətta onların da bəzisi deyir ki, Allah məsləhət bilsəydi kimisə kasıb yaratmazdı, biz nə qədər çalışsaq da, onları varlı edə biləmrik!.. 
Düz deyirlərmi? Bəlkə də səhv edirəm, amma mənə elə gəlir ki, yox!  Allah bu dünyada heç kimə qədər verməyib, nəyimiz varsa, onu özümüz qabarlamışıq - çox vaxt başqasını itələməklə, başqasını yıxmaqla, başqasının da haqqını qamarlamaqla... 
Tanrı öz bildiyi qədəri hər bir insana dərgahında – o biri dünyada verəcək... Belə olmasaydı islamda hər dəfə “bölüşün, paylaşın və səxavətli olun!” deyilməzdi və belə olmasaydı “İncil”də “Varlının cənnətə düşməsi dəvənin iynənin deşiyindən keçməsi qədər asan olacaq!” yazılmazdı...
Həm də məsələ hamını varlı etməkdə deyil. Hamımız insan olduğumuz üçün bir minimal hədd olmalıdır və bu hədd heç də bizim hökumətin müəyyən etdiyi qədər olmamalıdır...
Ona görə də bəzi sosialistlərə demək istəyirik ki, heç kim sizdən insanları küçələrə çıxarmağı ummur, amma heç olmasa küçəyə atılmışları duymağınızı, hiss etməyinizi və mənəvi cəhətdən onların yanında olmağınızı umur...

 

Vüqar İsmayılov

скачать dle 12.1