Əliyev diktaturasının dayaqları

5-06-2014, 19:19
0
Əliyev diktaturasının dayaqları

Yaxud əzilənlər səltənətinin yaratdığı sosial-inzibati «dedovşina»dan necə qurtulaq?

Çox sərt suallar qarşısındayıq. Niyə xalq qalxmır? Niyə Əliyev diktaturası meydan sulamaqda davam edir? Əzilən kütlələr buna niyə dözür? Dünya tarixinin buna oxşayan siyasi rejimləri necə olublar və necə devriliblər? Suallar çoxdu, amma bunları araşdırmaq da yetər ki, biz üzləşdiyimiz sosial “dedovşina”dan necə yaxa qurtarmaq barədə düşüncəmizdə çıxış nöqtəsi müəyyən edək.
Ilham Əliyev və atası Heydər Əliyev uzun illər ölkəni idarə  etməyə nail olublar. Bu faktla mübarizə aparmaq bir neçə  bioloji nəslin uşaqlığını, cavanlığını və ahıl çağlarını  süpürüb aparıb. Ortada isə yalnız bir fakt var - onların tiraniyası davam edir. Əliyevlər bizim tariximizin ən neqativ fenomenləri sırasında həm də ona görə liderdilər ki, onlar bizim ən yeni və davam etməkdə olan tarixi-siyasi proseslərimizin içindədilər. 1960-cı illərin sonunda məktəbə Heydər Əliyevin hakimiyyətində gedənlər indi öz nəvələrini Ilham Əliyevin hakimiyyətində məktəbə aparan və ikinci Heydər Əliyevin müsahibələri barədə internet söz-söhbətlərini eşidən babalardır. Onların arasında üzləşdikləri reallığı dəyişmək üçün dəfələrlə inqilabi cəhdlər etmiş insanlar da var. Yəni, bütün bu illər ərzində Əliyevçilik istibdadı susqunluqla qarşılanmayıb və indiki hakimiyyətin qarşısındakı insanlar hər zaman milli müqavimət cəbhəsini təmsil ediblər.
Indiki vəziyyəti bir neçə cümlə ilə ifadə etsək, rəsmi maaşı bir neçə min manat olan dövlət başçısının offşor zonalarda 48 milyardlıq şirkətləri olduğu halda, ölkədə orta aylıq təqaüd 85 manat ətrafındadır.

Mussolini və Hitler - “Yararsızı öldür!”

Italiya və Almaniyada XX nəsrin əvvəllərində hakimiyyətdə  olmuş faşizm ideoloji diktatura üzərində qurulmuşdu.   Hitler daha da irəli gedərək, Mussolininin “buraxdığı boşluqları” doldurdu. Bu, bizim xalqın da yaşadığı tarixi prosesin yönünü müəyyən edən bir qlobal fenomen idi. Hitler alman xalqının sərvətlərini talamırdı. Ona təlqin edirdi ki,  alman irqi dünyanın ən ali irqidir. Hitler özünü almanlar üçün təhlükəyə çevirmədi, əksinə, almanlarda elə bir ruh yaratdı ki, dünya Almaniyanı özü üçün təhlükə saydı.
Bu, faşizmin təbliğatı deyil. Sadəcə, bir incə fərqi kobudluqla göstərmək cəhdidir.
Əliyev Azərbaycan üçün təhlükəyə çevrilib. Dünya üçünsə, yüngül desək, gəlir yeridir - ona “xox” gəlib, ölkənin sərvətlərini talayırlar. Çünki o, əzənlərin deyil, əzilənlərin diktatorudur. Ilham Əliyev Azərbaycanın qamarlana biləcək bütün sərvətlərinə iddia edir. Və məcazi mənada, qucağı tutduğu qədər onu əldə edir. Diktatura özünün hakimiyyəti bölməmək metodları ilə də fərqlənir.

Fəhlə diktaturası

Stalinizm - başqa adıyla “fəhlə diktaturası”. SSRI-də və onun xırda peyklərinin sərhədləri daxilində fəhlə hakimiyyəti bərqərar idi. Stalin sadəcə, ziyalıları sürgünə göndərirdi. Öz Xarici işlər nazirinin xanımını həbs etdirirdi. Fəhlə hakimiyyətinin böyük fərqi bu idi ki, uzaq Sibirdən, ya da Qafqazdan kimsə ona bir məktub yazıb yerli hakimiyyətin səhlənkarlığından əziyyət çəkdiyini deyirdi. O məmur artıq olmamalı idi. Təkcə siyasi mənada deyil, həm də fiziki mənada. Stalinist diktaturada böyük pullar mənimsəmək yox idi. Stalini bütün sovet vətəndaşları və sovetoloqlar belə xarakterizə edirlər: “Bir şineli və bir cüt əsgər  çəkməsi var idi. Yaşayanda da, öləndə də əynində onlar idi”. O, yaşayanda və öləndən sonra heç kim onun bir rubl sərvəti barədə məlumata rast gəlmədi.

Əzilənlərin səltənəti

Ilham Əliyevi Hitler və Stalinlə yaxınlaşdıran tərəfləri var. O, Hitler kimi, özündən olmayana nifrət edir, Stalin kimi, “insan yoxdur, problem yoxdur” prinsipi ilə yaşayır və düşünür. Amma o, bütün hakimiyyət fəlsəfəsini bir təhqirin  süjetində qurub. Keçmiş KQB texnoloqları hakimiyyəti idarə etməklə bağlı Heydər və Ilham Əliyevlərin “heyvan saxlamaq” eksperimentlərini lətifəyə çevirib yayırlar. Bəli, ən az qidalandırılan canlı daha müti və halsız olur, onu bir qab yemin arxasınca ora-bura sürümək asan olur.
Azərbaycanın görkəmli ziyalılarından Xudu Məmmədov isə deyirdi: “Sürünənlər yıxılmır”. Ilham Əliyevi hakimiyyətdə saxlayan onun əzdikləridir. Heç bir siyasi təcrübəsi olmadan 9 milyonluq xalqı yalnız dəyənəklə sağa-sola döndərməkdə,  əlini bir qarın çörəyə və şükr duasına çatdırmaqda dərin fəlsəfi-siyasi mahiyyət axtarmaq lazım deyil. Bizim  ölkəmizdə başdan aşağı bir-birini təhqir edərək idarə edənlərin hakimiyyəti bərqərardır və ölkədə sosial-inzibati “dedovşina” hökm sürür. Ilham Əliyev isə sağları ölümə tərk edən, ölənlərin qolundan saat açan, uduzmuş komandiri xatırladır. Belə olmasaydı, həkimlər qatilə, müəllimlər  rüşvətxora, polislər mafiyaya, xəfiyyələr qara qüvvələrə bənzədilmələrinə dözməzdilər. Heç kimdən prezident və parlament seçkilərində qəhrəmanlıq eləmək tələb olunmur. Bu dəfə özünüzə zibil daşıyan seçirsiniz - yəni, bələdiyyə. Görün alınırmı? Alınmırsa, əmin olun ki, bu, sizin qurduğunuz hakimiyyətdir - əzilib susanların diktaturası!

SEYMUR HƏZI

скачать dle 12.1