İndi çox çətin məqamdır-bir...

13-12-2015, 10:48
0
İndi çox çətin məqamdır-bir...
Ən çətin məqamlarda belə siyasətçilərin unutmadığı bir şey olur - mənafe... Bu hətta siyasi sistemin xarakterindən, ölkədə hansı siyasi idarəetmə üsulunun mövcud olduğundan belə asılı olmur, ya da çox az asılı olur. Ona görə ki, söhbət ölkənin və dövlətin mənafeyindən gedir...
 
İndi çox çətin məqamdır-bir tərəfdən Rusiya ilə Qərbin, o biri tərəfdən Rusiya ilə Türkiyənin gərginləşən münasibətləri...
Azərbaycan bu konteksdə hələki çox məntiqli hərəkət edir. Özünün siyasi və geosiyasi simpatiylarını bir o qədər də qabartmayaraq bütün tərəflərlə normal və davamlı münasibətlər saxlamağa çalışır... Üstəlik, yaranmış vəziyyətdən öz maraqları və mənafeləri üçün istifadə etməyə cəhd edir...
Sonuncu bəlkə də bir az təəccüblü görünür. Amma Rusiya ilə Türkiyə arasındakı gərgin münasibətlər nə qədər qəribə olsa da, Azərbaycana ciddi və faydalı iqtisadi dividendlər vəd edir.
Birincisi, Azərbaycan hər il Türkiyəyə yollanan Rusiya turistlərinin bir hisssəsini qəbul etməyə hazırlaşır. Bu, tamam real məsələdir - Azərbaycanın qış və yay turizmini təklif etmək üçün kifayət qədər imkanları var...
İkincisi, Türkiyə mallarından imtina edən Rusiya indi Azərbaycanın kənd təsərrüfatı sektoruna göz dikib. Bu sahədə Azərbaycanın imkanları Türkiyənin imkanları qədər də olmasa da, hər halda, yetərlidir...
Üçüncüsü, Azərbaycanın tranzit imkanları yeni məzmun kəsb etməyə başlayıb. Rusiyaya buraxılmayan Türkiyə maşınlarının Orta Asiyaya getmək üçün Azərbaycanı seçməsi, İranın dəmiryolu şəbəkəsilə Azərbaycanın şəbəkəsinin birləşdirilməsi, Bakı-Tiflis-Qars dəmiryolunun nəzəri dividendləri buna canlı sübutdur. Hətta Çin və digər uzaq şərq ölkələri nəzərlərini Azərbaycana yönəldib...
Dördüncüsü, Türkiyənin Rusiyadakı işçi qüvvəsinə də müəyyən məhdudiyyətlər tətbiq edilsə, bu, Azərbaycanın işçi bazarını canlandıracaq və ola bilsin, neftin qiymətdən düşməsilə bağlı artan işsizliyi bunun hesabına qismən azaltmaq mümkün olacaq...
Qərəz, bəlkə də digər istiqamətlər də var - biz, necə deyərlər, ağlımıza gələni yazdıq. Azərbaycan indi bütün bu sahələrdən fayda götürə bilər...
Amma məsələnin mənfi tərəfləri də var. Birincisi, Rusiyada iqtisadi böhranın dərinləşməsi, sanksiyaların təsirinin artması orada məskunlşamış və ya əməkçi fəaliyyətlə məşğul olan azərbaycanlıların da gəlirlərinə təsir edəcək... Məlumdur ki, ölkənin əhalisinin gəlirləri həm də Rusiyada çalışan azərbaycanlı işçilərin hesabına artırdı. İndi bir çox sahələrdə, məsələn, mənzil satışı sahəsində qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırmaq mümkündür.
Elə əhalinin gəlirlərinin də bir hissəsi bu mənbənin hesabına yaranırdı. İndi bir qədər çətin olacaq. Bu, Rusiyanın, daha doğrusu, zəif Rusiyanın örtülü qalan və özünü hələ bir müddət bundan sonra göstərəcək birinci sürprizidir...
İkincisi, Rusiya zəifləyəndə, əldən düşəndə “caynaqlar”ını bəzi ölkələrə daha möhkəm keçirməyə, onları daha çox sıxmağa başlayır. 
Düzdür, indi deyirlər ki, guya Rusiya yeddi rayonun Azərbaycana qaytarılması üçün Ermənistana güclü təzyiq edir. Doğrusu, bizim bunun əksini sübut edəcək arqumentlərimiz yoxdur, sadəcə, inanmırıq. Ona görə inanmırıq ki, bunun hansısa əlamətləri və işartıları görünmür...
Dekabrda prezidentlərin görüşü olmalıdır. O görüşdən sonra və yaxud da onun ərəfəsində bəlkə nəsə dəqiq bir şey demək mümkün oldu...
İndi isə yalnız ehtimallar var. Təəssüf ki, bu ehtimallar da faktlar baxımından bir o qədər də zəngin deyil...
Ona görə də gözləmək qalır. Mən doğrusu, Rusiya ətrafında baş verənlərin bu ölkə üçün hansı sonluqla bitəcəyini deməyə çətinlik çəkirəm. Bircə onu bilirəm ki, bu, bir o qədər də yaxşı sonluq olmağı vəd etmir. Rusiya özü də hiss etmədən, özü də duymadan böyük bir “yarış”a girir. Düşünürlər ki, hərbi xərcləri artırmadan da ABŞ-a baş ağrısı olmaq mümkündür...
Amma bir məsələ var. Ukraynada separatçı Krımı, separatçı şərq bölgələrini saxlamaq da xərc tələb edir. “Forpost” Ermənistanı öz çevrəsində saxlamaq da tamam xərcsiz başa gəlmir, bu, da xərc tələb edir. Gürcüstandakı separatçı rejimləri təmin etmək də xərc tələb edir. Suriyanı bombalamaq da xərc tələb edir. Sanksiyaların iqtisadi fəsadlarını azlatmaq da böyük xərc tələb edir...
Ona görə də bəlkə Rusiya onu hansı xərclərin gözlədiyinin fərqində deyil. Bu, da zəifləyən və çökən, amma iddialarından əl çəkməyən Rusiyanın daha bir örtülü sürprizidir...
Əliyev Rəsul 
скачать dle 12.1