Niyə onlar qurtuluş yolu kimi orta əsrlər xürufatına üstünlük verirlər?

17-03-2016, 10:36
0
Niyə onlar qurtuluş yolu kimi orta əsrlər xürufatına üstünlük verirlər?

Barak Obamanın Rəcəb Tayyib Ərdoğanı “Keçmişdə yaxşı müsəlman idi” deyə səciyyələndirməsi bizə olduqca maraqlı göründü. Əvvəla, ona görə ki, onun sözlərində həqiqət elementləri heç də yox deyildir – Türkiyənin siyasi sistemi və cəmiyyəti nə qədər imkan verirsə, Ərdoğan bir o qədər avtoritar liderdir. 

Üstəlık, o, daim osmanlı liderlərinə apelyasiya edir və ölkəni M.K.Atatürk ənənələrindən kənara çıxarmağa çalışır...
Amma bunlar məsələnin məğzi deyil. Biz bu sətirləri yazanda Ankarada növbəti dəhşətli terror aktı baş vermiş, 37 nəfər həlak olmuşdu. Ona görə də ağlımızdan keçən ilk sual bu oldu  ki, belə dəhşətləri görən insanın beynindən heç “yaxşı müsəlman” olmaq fikri keçə bilərmi? 
Bu dəhşətləri görəndə düşünürsən ki, siyasi lider üçün bütün üsullar və vasitələr məqbuldur, təkcə ona görə ki, belə dəhşətlərin kökü kəsilsin, günahsız və dinc insanlar həlak olmasın. Mən Obamanın “yaxşı müsəlman” deyəndə nəyi nəzərdə tutduğunu anlayıram. Amma bəzi nüanslar var...
Türkiyə cəmiyyəti yaxşı müsəlmanlar idi. Amma buna Avropanın reaksiyası nə oldu? AB - nin rəhbərliyinə keçən hər kəsin sözü bu oldu ki, Türkiyənin bu quruma üzv olmasının qarşısını alacaq...
Müsəlman dünyasında baş verən proseslərlə bağlı təkcə Amerika politoloqları, tutaq ki, elə F.Zaxaria maraqlanmır, biz də maraqlanırıq, düşünürük, daşınırıq və bir qənaət əldə etməyə cəhd edirik...
Məsələn, İŞİD-dən, əl-Qaidədən, Hizbullahdan söz düşəndə deyirik ki, onların islama aidiyyəti yoxdur. Mənim də bu fikirləri təkzib etmək fikrim yoxdur.  Hesab edirəm ki, islam belə terror təşkilatların ideologiyası adlanmaqdan daha üstün və ülvidir. Amma çox kiçik bir nüans vardır. Nə İŞİD, nə də ki, əl-Qaida bir nəfərdən, üç nəfərdən ibarət deyil, onlar çoxdur...
Niyə belə olur? Niyə müsəlmanların bir qismi siyasi mübarizə üsulu kimi məhz dəhşətli terroru seçir? Niyə onlar qurtuluş yolu kimi orta əsrlər xürufatına üstünlük verirlər? 
Düşünməyin ki, bu sualların asan cavabı var, yox, belə deyil, bunlar çətin suallardır. Onlar hələ də cavablarını gözləyirlər...
Zənnimcə, ən düzgün cavab budur ki, siyasi, iqtisadi və texnoloji cəhətdən önə çıxmış güclü Qərb yaxşı müsəlman olmağı stimullaşdırmır, əksinə neqativ tendensiyalrın güclənməsinə rəvac verir...
Türkiyə ilə bağlı çox narahatıq. Yəqin ki, hamı bizim bu narahatlığımızı bölüşər. Türkiyə yeganə demokratik müsəlman ölkəsidir. Bu ölkənin hansısa bir mənada sarsılması İŞİD-çilərin, əl-Qaidaçıların mövqelərinin güclənməsi və onların ideologiyaların daha “haqlı” çıxması demək olardı... 
Həm də belə bir acı perspektiv müsəlman dünyasında demokratik dövlətçilik arzuları ilə yaşayan yüz minlərlə insanın ümidlərinin üstündən tamamilə xətt çəkmək olardı...
Bəzən mənə elə gəlir ki, Qərb də, elə digər dövlətlər də islam üçün, müsəlman dünyası üçün bir qəlib hazırlayıb. Hamını o qəlibin içinə qovurlar ki, sonda da “Gördünüz? İslam, bax, budur!” deyə bilsinlər. 
Amma islam budurmu? İŞİD və yaxud əl-Qaida doğrudan da əsl islamı təmsil edirmi? Əlbəttə ki, yox...
Niyə qoca Qərb bəzi müsəlman dövlətlərində, eləcə də islamın özündəki yaxşı cəhətləri və ülvi prinsipləri israrla görmək istəmir? Düşünmürəm ki, bunun səbəbi yalnız və yalnız stereotiplərdir. Yox, bu, adi məişət stereotiplərindən də qəliz məsələdir.
Ağlıma gələn budur ki, onlar sadəcə, müsəlman dünyasının inkişafını arzulamırlar. Bir daha deyirəm ki, ola bilsin, burada stereotiplərin də müəyyən qədər rolu var, amma onlar həlledici deyil...
Həlledici olan budur ki, islam aləmini daim müharibə içində, qovğada, savaşda görmək istəyirlər. Bəlkə də ona görə ki, onlar islamın timsalında öz dini baxşışlarının, əqidələrinin ən böyük və ən güclü opponentini görürlər. Bu nə qədər qəribə olsa da, belədir...
Onları bütpərəstlik, hətta artıq iudaizm də qorxutmur. Amma islam qorxudur. Mənə elə gəlir ki, bu, islamın daha dünyəvi olması və islamda dünyəvi ilə ruhanı aləm arasındakı üzvi tarazlığın olması ilə bağlıdır...
Burada yadıma bir Amerika filmindən kiçik epizod düşür. Deməli, qul sahibi qullara “İncil”-dən hissələr oxuyur, sonra da onları ağır işgəncələrlə cəzalandırır, özü üçün işləməyə vadar edir...
Demirəm ki, “İncil”də bunun bəraəti var. Yox, “İncil” də “Yaxınını sev!” və hətta “Düşmənini sev!” deyir. İslamda isə məsələ daha kəskin qoyulub – islam quldarlığı, ümumiyyətlə, qəbul etmir...
Belə misalları çox gətirə bilərdik. Fəqət, buna elə lüzum yox. Bircə onu deyəcəm ki, bu dünyada yaxşı müsəlman olmaq olduqca çətindir. Ona görə ki, qoca Qərb israrla bu yaxşılığı görmək istəmir...
Əliyev Rəsul
скачать dle 12.1