Velosipedin millisi olurmu?

30-03-2016, 18:19
0
Velosipedin millisi olurmu?
Son günlərdə bir neçə siyasi məhbusun azad edilməsi əməlli-başlı nikbinlik yaratdı desək, elə bir izafi şişirtməyə yol vermərik. Adamda sözün əsl mənasında bir nikbinlik və gələcəyə ümid yarandı ki, bu da Azərbaycan kimi ölkədə elə də əhəmiyyətsiz məsələ deyil.
Düzdür, ölkədə elə əvvələr də siyasi məhbuslar azad edilib. Hətta bir neçə dəfə bu cür əfvlər olub. Amma siyasi məhbuslar bir tərəfdən azad edilir, digər tərəfdən də onların yeni dalğası yaranırdı. 
Ümid edək ki, bu dəfə belə olmayacaq və biz bir daha hansısa əfv qərarını şərh etməli olmayacağıq. Bunu bir ümid kimi deyirik və gözləyirik ki, bu ölkədə də nə vaxtsa ümidlər də doğrulacaq. Təbii ki, siyasi məhbusların çoxu üçün cəzanın şərti cəza ilə əvəz olunması və siyasi məhbusların təpki altında saxlanması bir o qədər də ürəkaçan məsələ deyil. Amma nə etmək olar? Buna da şükr etmək lazım gəlir... 
Ümumilikdə isə ilk dəfə olaraq gələcəklə bağlı çox ciddi ümid yaranıb. Əvvəla, düşünürük ki, əfv qərarı digər məhbuslara da şamil olunacaq. Ən başlıcası isə, gözləyirik ki, bu əfv qərarları daha ciddi siyasi islahatların təməli olacaq...
Bunun üçün potensial imkanlar varmı? Var. Hakim partiya düz 23 ildir ki, bu ölkəni idarə edir. 
Bu illər ərzində çox şeyə nail olmaq olardı. Məsələn, niyə onlar seçkiləri bütün qaydalara uyğun şəkildə udmasınlar? Düşünürük ki, bu, sadəcə, həm də bir tənbəllik məsələsidir – avtoritar üsullarla rahatca kreslolarda oturmaq mümkündürsə niyə özlərini əziyyətə salsınlar? Amma tənbəlliyin də bir sonu olmalıdır. Əbədi olaraq belə davam edə bilməz...
Son illərdə insanlar, o cümlədən də müxalifət çox dəyişib. Uzun illərin konfrontasiyası, perspektivsizliyi insanları yorub. İslahatlar başlasa müxalifət qüvvələri tərəfindən də böyük dəstəklə qarşılanacaq...
Həm də siyasi islahatlların ölkəyə əlavə impuls verəcəyi şübhəsizdi. Dəfələrlə yazmışıq ki, avtoritar sistemdən nə qədər nəticə götürmək mümkündürsə artıq götürülüb. İndi siyasi sistemin dəyişməsinə ehtiyac var...
Misal üçün, elə bu son günlərdə iki hadisə baş verdi ki, biz, yumşaq şəkildə desək, onları başa düşə bilmədik. Birincisi, “Cənub qaz dəhlizi”nin istiqrazlarının buraxılması nəticəsində ölkə faktiki olaraq borclandı. İkincisi, bayram günlərində, ölkəyə böyük turist axını gəldiyi bir vaxtda valyuta dəyişmə məntəqləri işləmədi, yalnız bir neçə gündən sonra 5-6 bank filialının adı çəkildi!.. 
Biz elə bir duruma gəlmişik ki, hətta hökumətin yanlış addımlarında da məntiq axtarmalı oluruq. Amma o məntiq olmaya da bilər. Məsələn, təxminən 40 milyard dollar valyuta ehtiyatı olan ölkə niyə borca girməlidir? Və yaxud da hökumət adamları bilmirdilərmi ki, bayram günlərində ölkəyə böyük turist axını olur? 
Təbii ki, bilirdilər. Sadəcə, özlərini yormur, necə gəldi, qərar qəbul edirlər, o səbəbdən ki, onsuz da həmin qərarlara qarşı söz deyən yoxdur...
Bir tərəfdən deyirlər ki, ölkənin beynəlxalq maliyyə institutlarından asılılığı yoxdur. O biri tərəfdən də hiss olunur ki, hökumət yardım almaq istəyir. Yardımlar verilərkən isə siyasi islahatlar, ölkənin siyasi imici heç də axırıncı sırada olmur...
Ona görə də həm ABŞ səfəri ərəfəsində, həm də ölkənin imicini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirildi, ciddi əfv fərmanı verildi. Burada qeyd etmək yerinə düşərdi ki, bəzi ekspertlər hələ bir müddət bundan əvvəl deyirdilər ki, ciddi islahatlarsız keçinmək mümkün olmayacaq...
Ona görə də ümidliyik. Bir daha deyirik ki, avtoritar idarəçilik artıq özünü tükəndirib. Yeni addımlara ehtiyac var...
Birincisi, media strukturlarının, məhkəmələrin müstəqilliyi artırılmalıdır. İkincisi, idarəçilkidə cəmiyyətin iştirakı çoxaldılmalı, ciddi seçki islahatları və siyasi islahatlar həyata keçirilməlidir.
Ümid edirik ki, nəhayət, şərtlərdən, şərtiliklərdən qurtulacağıq. Niyə bizim işlər alınmır, niyə yerimizdə saymaqla məşğuluq? Cavab sadədir. O səbəbdən ki, istənilən modeli hanısa şərtlərlə, şərtiliklərlə korlayırıq, onları yararsız hala gətiririk. Bəzən buna “yerli şərait”, “milli özünəməxsusluqlar” deyirik. Amma inanın, velosipedin millisi olmur...
O səbəbdən də gərək dünya ilə qaynayıb - qarışaq. Özümüzü kənar tutmaqla,  öyməklə heç nəyə nail olmayacağıq...
Həm də könlü balıq istəyən özünü suya vurar deyiblər. Hakimiyyətdə olmaq yaxşıdır, amma bunun üçün bir az əziyyət çəkmək daha yaxşıdır...
скачать dle 12.1