Əli İnsanov, sizinləyik!

20-01-2014, 21:12
0
Əli İnsanov, sizinləyik!

Akademik Əli İnsanovun İlham Əliyevin yanında üzü ağdır ki, onu ləkəli əməllərdə ittiham edir

Əli Insanov məhkəmədən Ilham Əliyevə, Fikrət Məmmədova meydan oxuyur. Bu hadisəyə cəmiyyətin münasibəti məni çox narahat edir. Informasiya dəstəyi verilir, amma bu bəs etmir. Əli Insanovun məhbəsdəki davranışlarından yazmaq lazımdır.

Bu, nə üçün lazımdır?

Birincisi, heç kim unutmayıb ki, Əli Insanov Heydər Əliyevlə birlikdə YAP-ın qurucularındandır. Fəqət, bu rejimin bu cür ailə maraqlarına qulluq edən bostana çevrilməsinə etiraz etdiyi üçün həbsxanaya girdiyi də heç kimdə şübhə doğurmur. O, illərdir ki, həbsxanadadır. Sizcə, YAP-da elədiyi “xidmətlər”in hesabını verməyibmi?

Məncə, verib, özü də artıqlaması ilə. Onun bugünkü mübarizəsi isə tövbə etmiş cəngavərin savaşına bənzəyir. Ona görə Əli Insanovdan yazmaq lazımdır ki, hamı görsün. Görsün ki, bu rejimin içindən çıxan adam onun zindanına girib, rejimi kişiliyə, əxlaqa çağırdı. Bu, sizə bir şey demirmi? Məncə, başqaları kimi, onun da kirli gizlinləri olsaydı, susdurmaq asan olardı. Bu halda, o da mərhəməti yalnız Ilham Əliyevdən gözləyənlərin sırasında olardı. Ancaq bu, belə deyil və bunu görmək lazımdır. Cəsur adamlarımız, cəsur ziyalılarımız o qədər çox deyil, biri də tövbə edib, “qolum qırılaydı Ilhama ”bəli" deyən yerdə" deyirsə, biz onun bu sözünü eşitməliyik...

Ikincisi, ona görə ki, biz haqqa iddia edirik. Deyirik ki, ədalətli olacağıq. O zaman biz də bu məhkəməyə “iki pis bir-birinə qarşıdır” deyib kənardan seyrçi ola bilmərik. Biz görürük ki, o, xalqı saymayanları saymır. Özünün vaxtında etdiklərindən də imtina edib. O, bütün bunları həbsxanada dörd divar arasında edir. Onu bu gün bu rejimin qarşısında tək qoymaq olmaz. Bu, elan elədiyimiz dəyərlərə sədaqətsizlik olar. Bu, bizim yalnız “öz müharibəmizi aparırıq” imicimizi yaradar. Biz hər kəsə açıq göstərməliyik ki, kimliyindən asılı olmayaraq, biz onun haqqının keşiyindəyik.

Məncə, Əli Insanov buna həm də layiqdir. O, ömrünün bu çağında çox böyük iş görür. Mən düşünürəm ki, bəlkə də Tanrıya hesabat verir. Ona görə də şərin içində keçirdiyi illərin əvəzini şərlə bu cür pəncə-pəncəyə olmaqla çıxır. Bunu görməmək olmaz.

Üçüncüsü, heç kim düşünməsin ki, Əli Insanovu müdafiə etmək, həbsdə olan NIDA-çı gənclərə, azadlıq aslanı Qurban Məmmədova, Tofiq Yaqubluya, Ilqar Məmmədova və başqa siyasi məhbuslara haqsızlıq olar. Əsla, bu həm də onlara dəstək olmaqdır. Qoyun, bütün ölkə görsün ki, Əliyevə təkcə ona əzəli müxalifət olan insanlar deyil, həm də onun sistemindən çıxmış insanlar meydan oxuya bilir.

Qoy, xalqımızın özünə güvəni artsın, inamı alovlansın. Millətimiz cəsurluq nümunələrilə mübarizəyə şövqlənə bilər. Biz isə bu nümunələri görməzdən gəlməməliyik. Cəsarətlə deməliyik, akademik Əli Insanovun Ilham Əliyevin yanında üzü ağdır ki, onu ləkəli əməllərdə ittiham edir. Və rejim bu ittihamlar qarşısında susur.

Qoy, millət də bilsin ki, Cəmil Həsənli meydandakı tək ziyalı deyil. Rüstəm Ibrahimbəyov meydandakı tək ziyalı deyil. Zindanda da bir ziyalı var. Onun da səsini çatdırmaq lazımdır uca millətə.

SEYMUR HƏZI

скачать dle 12.1