Ermənistan Rusiyadan qopmaq istəyir?

26-04-2016, 12:27
0
Ermənistan Rusiyadan qopmaq istəyir?
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri nəhayət ki, başa çatdı. Təhlilçilər indi səfərin nəticələrini araşdırmaqdadırlar. Rusiya rəsmiləri səfər ərəfəsində “S.Lavrov heç yerə əliboş getmir!” desələr də onun daha çox Rusiya-Ermənistan münasibətlərilə bağlı olduğu üzə çıxdı. Təbii ki, səfər zamanı Qarabağ problemi də müzakirə olunub. Hər halda, Rusiya rəhbərliyi problemlə bağlı yeni baxışını özünün satellitinə - Ermənistana çatdırmalı idi. 
İndiki dövrün əsas xüsusiyyəti odur ki, Rusiya Ermənistana, sonunca da öz növbəsində Rusiyaya təzyiq etməyə çalışır.
İki qonşu arasındakı münasibətlər bir qədər soyuqlaşıb. Ermənilər belə hesab edir ki, aprelin ilk günlərindəki hərbi əməliyyatlar zamanı öz müttəfiqlərindən lazımi dəstəyi görmədilər.
Rusiya da öz növbəsində belə hesab edir ki, Ermənistan onun Qarabağla bağlı yeni təkliflərini qəbul etməlidir.
Təbii ki, Ermənistan heç vaxt Rusiyadan qopmağı düşünməz. O, sadəcə, özünün müttəfiqini şantaj edir.
Rusiya doğrudanmı Ermənistana zəruri köməyi göstərmədi? Düşünürük ki, yeni atəşkəslə bağlı razılaşmanın Moskvada imzalanması bu sualın ən düzgün cavabıdır. Ruslar çox vurnuxdular. Amma Azərbaycanın öz ərazisində keçirdiyi hərbi əməliyyatlara, özü də ki, cavab əməliyyatlarına nə deyə bilərdilər? Bu, məsələnin bir tərəfidir. 
Digər cəhətsə ondan ibarətdir ki, Rusiya Azərbaycanı da itirmək istəmir. Ona görə ki, Azərbaycan Rusiya ilə münasibətlərində hətta Ermənistandan da səmimidir. Azərbaycanı itirsə, Rusiya tamamilə Cənubi Qafqazı itirər. O, gözəl dərk edir ki, Azərbaycan da Gürcüstana qoşulsa, Qərbin Cənubi Qafqazda möhkəmlənməsi azı iki dəfə sürətlənər. Hazırda Gürcüstan NATO ilə bağlı səylərində, Qərbə canatımında Qafqazda təkdir. Bəlkə də elə bu səbəbdən də o, Qərbdən istədiyi dəstəyi ala bilmir.
Rusları bu vaxta qədər Azərbaycanın NATO-ya qarşı məsafəli münasibəti qane edirdi. Ola bilsin ki, indi Rusiya Azərbaycandan daha çox şey umur.  S.Lavrovun Ermənistana səfərini şərh edən bəzi rusiyalı təhlilçilər dedilər ki, onların ölkələrinin təklifləri öz məqsədlərinə və maraqlarına uyğundur. 
Amma bu maraqların nədən ibarət olduğu haqda bir söz demədilər. Güman edirik ki, bu, daha çox Avrasiya Birliyilə bağlı ola bilər. Hətta bu olmasa da, bu gün Rusiya ilə Azərbaycanın münasibətlərini qənaətbəxş hesab etmək olar. 
Bir də Ermənistan Rusiyadan bölgədəki hərbi əməliyyatlara daha fəal şəkildə qoşulmağı və Azərbaycana silah satmamağı tələb edir. Rusiya bununla razılaşarmı? 
Təbii ki, yox. Rusiya Ermənistandan fərqli olaraq silahı Azərbaycana hədiyyə etmir, satır. O, niyə özünün silah bazarını məhdudlaşdırmalıdır?
Ona görə də Ermənistanın tələblərində bir çürük qoz qədər məntiq olmadığı hamıya aydındır. Ermənistandakı etiraz aksiyalarına və rusofob şüaralara gəldikdə isə, bütün bunlar bir görüntüdür...
Üstəlik, Ermənistan özünün “təzyiq”ini təkcə Rusiyaya qarşı yönəltməyib. Onlar İsraildən də, hətta Belarusdan da Azərbaycana silah satmamağı tələb edir.
Amma kim onu eşidəcək? Burada bir məsələni də qeyd etmək lazımdır. Bu günə qədər ermənilərdə bir təkəbbür vardı. Bir tərəfdən ağlayır, digər tərəfdən də təkəbbürlə davranırdılar ki, guya bunlar qalib xalqdır.
Amma kim olmasa da, biz onların necə “qələbə” çaldığının şahidiyik. Bu vaxta qədər demək olar ki, bütün “qələbələri”  Rusiyanın hesabına olmuşdu. Ona görə də indi Rusiyadan küsürlər. Çünki bu dəfə əvvəlki dəstəyi görmədilər. 
Azərbaycan isə daim özünə arxayın olub. Daim özü nəsə etməyə çalışıb. Heç kimdən silah hədiyyə almayıb. Heç kimdən əsgəri kömək ummayıb. Nə edibsə, özü edib. Ruslar da başa düşdülər ki, Azərbaycan artıq güclənib. Ona görə də bir az fərqli taktika nümayiş etdirməyə başladılar. Bir daha deyirik ki, Rusiya Azərbaycanı itirmək və regionda yalnız Ermənistanla təmsil olunmaq istəməz. Təbii ki, Rusiyanın uzaq planları da var. Amma Moskvada da başa düşürlər ki, bu planları sürətləndirmək işin yalnız ziyanına ola bilər.
Bəzən siyasətdə insanlar arasındakı münasibətlər də az rol oynamır. Azərbaycanın siyasi isteblişmentilə Rusiya siyasət adamları arasında bu illər ərzində normal münasibətlər formalaşıb, həm də bir inam yaranıb – orada da başa düşürlər ki, Azərbaycan heç vaxt aldatmaz... Və sözsüz ki, bu münasibətlər də töhfəsini verir - axı siyasəti də son nəticədə insanlar yaradır...
скачать dle 12.1