Neftin ucuzlaşmasının neft ölkələri üçün hansı fəsadlar törətdyini deməyə lüzum yox – bir ildən artıqdır ki, özümüzə gələ bilmirik, elə hey qulaqlarımız səsdədir ki, görən, üçüncü devalvasiya haqqında bir söz demirlər ki?
Amma bu illər hamı üşün fəsadlı olmamalı idi. Neftin ucuzlaşması istehsalatda yanacaq, enerji xərclərinin aşağı düşməsi deməkdir. Bu isə müəyyən qədər vəsaitin sərbəstləşməsi deməkdir ki, o da istehsalın genişləndirilməsinə, texnologiya parkının yenilənməsinə, təzə sahələrin yaradılmasına sərf oluna bilərdi...
Amma, necə deyərlər, bilərdi, fəqət, bilmədi... Dünya iqtisadiyyatındakı qlobal tendensiyaları araşdıranlar belə bir nəticəyə gəlib ki, neftin ucuzlaşması dünya iqtisadiyatının dirçəlməsinə səbəb olmayıb.
Bunu o adamlar dünyada uçot dərəcələrinin aşağı olması ilə izah edirlər. Mən iqtisadiyyatçı deyiləm və fundamental maliyyə məsələlərindən elə də başım çıxmır.
Bildiyim odur ki, dünya iqtisadiyatı çoxdan A.Smitin kəşf etdiyi fundamental bazar və maliyyə prinsiplərilə idarə olunmur. İqtisadiyyata çox amillər təsir edir –dövlətlərin müdaxiləsi, tənzimləmə cəhdləri, sosial və siyasi amillər, hətta geosiyasi faktorlar...
Ona görə də hər şey bir başqa cür inkişaf edir. Elə bu səbəbdən ümumi bir məyusluq yaşanır. Düzdür, bir hissə ondan gileylidir ki, niyə mən həmin bu prosesdən milyonlar qazana bilmədim?.. Digər böyük hissə isə hey təlaşdadır ki, görən, çörəyin qiyməti qalxmayacaq?
Həm də neft məsələsi həmişə bir siyasət məsələsi olub. Dövlətlər biri-birini sıxışdırmaq, gücdən salmaq üşün həmişə neftin qiymətindən bir “rıçaq” kimi istifadə ediblər. Təbii ki, A.Smit sağ olsaydı, buna qətiyyən yol verməzdi. Amma indi nə 18-ci əsrdir, nə də ki, A.Smit var...
Hazırda dünyada bir qanunlar işləyir – o, da geosiyasətin qanunlarıdır... Hələki vəziyyət belədir...
Üstəlik, bundan sonra nə sürprizlər olacaq, bunu bilmirik, çünki hər şey ABŞ-la Rusiyanın münasibətlərinə ilişib qalıb. Onların isə nə vaxt və necə dəyişə bilməsi böyük bir sual olaraq qalır...
Ən azı bu ilin axırı üçün heç nə dəyişməyəcək. Amma bu il ABŞ-da prezident seçkilərdir. B.Obamanın müddətinin bitməsinə bir ildən də az vaxt qalıb.
Onu H.Klinton əvəz etsə prinsipial dəyişikliklər olmaycaq. Ən azı bunları onun seçki ərəfəsi çıxışlarından sezmək mümkündür. Amma Klintonun da rəqibi var. Bu, da məşhur D.Trampdır.
Tramp çox şeylər vəd edir. Əgər o, müsəlmanlara qarşı neqativ məzmunda yüklənməsəydi dediklərinin bir hissəsini müsbət müjdələr kimi qəbul etmək olardı. Nə deyir Tramp? O, hətta NATO ilə bağlı maraqlı fikirlər deyir. Məsələn deyir ki, NATO daha əvvəlki kimi aktual deyil və ABŞ-ı böyük xərclərdən qurtarmaq olar. Bu, təbii ki, maraqlı məsələdir. Doğrusu, biz – öz problemlərini yaşayan və bu problemlərdən qurtulmaq üçün hər şeyə hazır olan kiçik ölkələr NATO-nu demək olar ki, hiss etmirik. NATO bizim kimilərə heç bir yardım göstərmir. Əvəzində deyir ki, gedin, mənim üçün Əfqanıstanda və yaxud da İraqda vuruşun! Amma bizim kimilərin öz ölkəsində vuruşan lazımdır!..
Daha nələr deyir Tramp? Ərz edir ki, Rusiya ilə yeni münasibətlər quracaq. Bax, bu, həqiəqətən də neftin qiymətinə təsir edə bilər. Amma Tramp seçilə bilcəkmi? Hətta seçilərsə, dediklərini həyata keçirə biləcəkmi?...
Bax, bu da böyük sualdır. Respublikaçıların namizədi olmaq üçün onun heç bir problemi yoxdur. Bir güclü rəqibi qalmışdı – T.Kruz. Amma o, da seçki marafonunu dayandırdı. İndi Trampın namizəd olacağı heç kimdə şübhə doğurmur. Amma prezident seçilə biləcəkmi? Bu adamın əleyhdarları arasında hətta öz partiyasının isteblişmenti var! Düzdür, o, elə də pis praymeriz keçirmədi. Amma respublikaçıların elitası hələ də bu adamdan can qurtarmağa çalışır. Elə vəziyyət yarana bilər ki, hətta respublikaçıların da bir qismi Klintona səs verə bilər. ABŞ tarixində nadir də olsa, belə hallar olub...
Həm də seçiləndən sonra da problemlərin yaşanması mümkündür. Bəli, ABŞ siyasətinin “qartalları” Konqresdə, departamentdə oturub. Onlar öz ölkələrinin iqtisadi və siyasi elitasında yetərincə nüfuza malikdirlər. Bu adamların müqavimətini qırmaq elə də asan məsələ deyil. Ona görə də hətta möcüzə baş versə və Tramp seçilsə belə, çox çətin olacaq...
Qərəz, bu ili də deyəsən, gözləntilərlə, ümidlə başa vurmalı olacağıq. Hər şey növbəti ildə bilinəcək. Gözləyəkmi? Başqa nə edə bilərik ki? Ona görə bir az da gözləyək...
скачать dle 12.1