Pan Gi Munun unutduqları...

7-05-2016, 21:02
0
Pan Gi Munun unutduqları...
Səhv etmirəmsə, bu il üçün ölkədə nəzərdə tutulan böyük toplantılardan biri başa çatdı. Bəli, Sivilizasiyalar Alyansının Bakı Forumunu nəzərdə tuturam.
Forumun savabı onda oldu ki, Türkiyə prezidenti axır ki, Bakıya nəzərdə tutulan səfərini reallaşdıra bildi.
Amma BMT-nin Baş katibi Pan Gi Mun gəlmədi və səbəbini bununla izah etdi ki, guya vacib işləri var.
Bu haqda mən ötən dəfə bir-iki cümlə yazmışdım. Bir daha həmin məsələyə qayıdaraq demək istəyirəm ki, indi münaqişələrə baxışda iki vacib detal var.
Biri budur ki, Dünya Birliyinin sərəncamında sülhə məcburetmə vasitələri olmalıdır. Nə qədər ki, bu vasitələr yoxdur, heç nə olmayacaq və özümüz deyib, özümüz eşidəcəyik. Unutmayaq ki, keçmiş Yuqoslaviyada münaqişə NATO işə qarışandan sonra həll olundu. Bu, necə deyərlər, məsələnin bir tərəfi. 
Bəli, deyirik ki, BMT TŞ-ı bu vaxta qədər dörd qətnamə qəbul edib. Amma nə olsun? Onları hətta Pan Gi Mun cənablarının özü xatırlamağı sevmir. Xatırlatsaydı biz də bunu eşidərdik...
Digər amil budur ki, özlüyündə simmetriya yaxşı şeydir. Amma ötən dəfə də yazmışdım ki, simmetriya haqla nahaq, doğru ilə yalan arasında qərar tutanda böyük ədalətsizlik yaradır.
Bu vaxta qədər Azərbaycanla Ermənistan arasında simmetrik münasibət saxlamağa, bu iki ölkəyə münasibətdə simmetriyanı gözləməyə çalışıblar. Amma onlardan biri təcavüz edən, digəri isə təcavüzə məruz qalandır. Pan Gi Mun niyə Bakıya gəlmədi? Ona görə ki, məhz həmin bu simmetriyanı pozmaq istəmədi, çünki Bakıya gəlsəydi bundan ermənilər inciyə bilərdilər. “Başqa işlər” haqqında deyilənlər söz-söhbətdən savayı bir şey deyildir...
Bu simmetriya bəzən eybəcər formalar alır. Məsələn, əksər hallarda tək Azərbaycana səfərlər olmur, “bölgəyə səfər”lər olur. Bu, da məhz həmin o “incitməmək” məsələsdir...
Bizdə buna daha çox ikili standartlar deyirlər. Fərqi yoxdur, adını nə qoyursunuz, qoyun. Amma düşünürük ki, burada məsələ bir qədər fərqli olmalı idi. Əslində iki standart olmalı idi – biri Ermənistana münasibətdə, digəri isə Azərabaycana münasibətdə, çünki bir az əvvəl dediyimiz kimi, vəziyyət heç də simmetrik deyil. Bu iki ölkədən biri təcavüzkar, digəri təcavüzə məruz qalandır. Biri beynəlxalq hüququ pozan, digəri isə hüquqa və ədalətə çağırandır. Onlar arasında simmetriya ola bilərmi? Onlar arasında bərabərlik işarəsi qoymaq və ya bu iki polyar vəziyyəti eyniləşdirmək olarmı?
Olmaz. Amma edirlər. Bəli, bu, da acı reallıqdır və təəssüf ki, vaxt keçdikcə dünyada belə “reallıq”ların sayı azalmaq əvəzinə bir az da artır.
Amma “cəngəllik qanunları” bumeranq kimidir, kim ondan fayda götürmək istəyirsə son nəticədə ziyanını çəkir. Vacib deyil ki, mütləq hər şey sənin öz başında sınsın, bir də görürsən ki, bumeranq fırlanıb sənin özünə də olmasa, yaxın müttəfiqinə dəydi...
Nə isə... Qayıdaq Türkiyə məsələsinə. Prezident R.T.Ərdoğanı Bakıda görmək çox xoş idi. Həm də ona görə ki, Türkiyədə gərginliyin səngiməsi, terrorçuların əməllərinin qarşısının alınmasının özü xoş bir təəssürat yaradır.
Doğrusu, biz Türkiyə prezidentinin Qarabağla bağlı sərt danışacağını və hətta Putini yada salacağını düşünürdük. Amma o, daha çox Suriyadan və onun ətrafında baş verən proseslərdən danışdı...
Əslində mən Türkiyənin Suriyadan danışmasını başa düşürəm. Bəli, bu ölkə Suriya haqqında hamıdan çox danışmalıdır, çünki ərazisində milyonlarla suriyalı qaçqın sığınacaq tapıb. Türkiyə də Suriyadan və bu ölkə ətrafında baş verənlərdən danışmasın, kim danışsın?
Qarabağa gəldikdə isə, bunu da başa düşürük. Yox, dediklərimi Türkiyənin hər hərəkətinə bəraət qazandırmaq cəhdi kimi başa düşmək lazım deyil, heç belə fikrim də yoxdur...
Sadəcə, onsuz da Rusiya hər yerdə “Türkiyə izi” axtarır. Birbaşa və yaxud da dolayı yolla son vaxtlarda atəşkəsin pozulmasının intensiv xarakter almasını da Türkiyənin təhriki kimi yozur. Həm də nə etmək olar? Bakıda Rusiya əleyhinə kəskin bəyanatların səslənməsi bizim maraqlarımıza çox da cavab vermir...
O ki qaldı Türkiyənin Qarabağla bağlı səylərinə, siyasi və diplomatik dəstək çoxdan var. Digər məsələlərin də yolunu böyük siyasətdə olanlar daha yaxşı tapa bilərlər...
Həm də R.T.Ərdoğan Pan Gi Mun deyil, bizim özümüzünküdür, əgər hətta nəyisə demirsə, yenə də bilirik ki, bizimkidir, bizimlədir...

 

скачать dle 12.1