Dünya niyə belə təzadlıdır?

10-05-2016, 14:37
0
Dünya niyə belə təzadlıdır?
Pakistan əsilli müsəlmanın Londonun meri seilməsi haqda xəbər tez bir zamanda dünya mediasının diqqətinə gəldi. 
Əslində Böyük Britaniya hər vaxt özünün liberal ənənələrilə seçilib. Hətta müxtəlif radikal dini təriqətlərin və cərəyanların liderləri və təmsilçiləri də həmişə bu ölkədə məskunlaşamağa üstünlük veriblər. İndi statistikaya görə London əhalisinin hər səkkiz nəfərdən biri müsəlmandır. Təbii ki, bu, müsəlman əsilli insanların elektoral və siyasi çəkisini artırmaq iqtidarında olan bir amildir...
Etiraf edirəm ki, məni bir vaxt Londondakı məscidlərin sayı təəccübləndirmişdi. İndi dəqiq yadımda deyil, o ədəd – səhv etmirəmsə o, 40-50 civarında idi...
Mən bu məsələyə diqqət yetirməzdim, əgər bu gün dünyada islamofobiya olmasaydı. Londondan fərqli olaraq ABŞ-da özünün anti- müsəlman çıxışları ilə diqqət çəkən D.Tramp inamla namizəd olmağa doğru addımlayır. Bilirsiniz, məsələ heç Trampın özündə də deyil. Əsas və təhlükəli odur ki, bu adamı dinləmək istəyirlər, ABŞ-da onun çıxışını eşitmək istəyənlər var...
Düzdür, islamofobiya Trampdan başlamayıb. Yadıma bir vaxt oxuduğum bir politoloji məqalə gəlir. Müəllif deyirdi ki, müxtəlif vaxtlarda amerikalı insanları səfərbər və ya konsolidasiya edən bir düşmən obrazı olub. Soyuq müharibə dövründə bu, SSRİ və kommunizm idi. Bəli, soyuq müharibə dövrü bitəndən sonra həmin obraz məzmununu itirdi... 
Elə ona görə də məqalə müəllifi möhkəm narahatlıq keçirirdi ki, bəs bundan sonra 
Amerika cəmiyyətini hansı ideya konsolidasiya edəcək?
Hərbçilər və siyasətçilər bu xüsusda çox baş sındırmadılar. Yeni düşmən obrazı terrorizm oldu. Bəs terrorizm haradan gəlir? 
Onların fikrincə, təbii ki, müsəlman dünyasından! Beləcə, dolayı yolla olsa da, düşmən obrazı kimi islam və islam dünyası qəbul olundu...
Ona görə də Tramp olsa-olsa bir nəticədir, səbəb deyil. Amma belə bir vəziyyətdə Londonun merinin müsəlman əsilli insan olması ola bilsin ki, amerikalılara da təsir edəcək...
Amerika ilə İngiltərə arasında böyük bağlılıq var. Bu bağlılığın konturlarını hələ U.Çerçill cızmışdı. Ölkə o vaxtdan bu siyasi trayektoriya üzrə hərəkət edir...
Amma dünya təzadlıdır. “Bir güllə bahar olmaz” deyiblər. Bəzən bu təzad o qədər dərin və keçilməz olur ki, adamı tamam-kamal ruhdan və formadan salır. Düşünürsən ki, bu labirintdən heç çıxış yolu varmı?
Təbii ki, biz müsəlmanlar da dəyişməliyik. Öz “cahanşümul məqsədlər”imiz haqqında nə qədər az danışsaq, bir o qədər yaxşıdır. Elə bu “məqsəd”lər deyilmi bizə qarşı inamsızlığı artıran?
Təsəvvür edin, İŞİD Avropanı tutacağı ilə hədələyir. Adi avropalı bundan hansı nəticəni çıxarsın?..
Ona görə də avropalılarda bir varsa, iki də bizdə var. Bu səbəbdən də dünya çox təzadlıdır. Ona görə də təzadlar içində vurnuxuruq...
Güman etmək olar ki, London meri seçilmək S.Xanın böyük siyasətə adlamasının bir ərəfəsidir. Düzdür, hər bir mer böyük siyasətdə uğur qazana bilmir, çoxu üçün mer olmaq elə böyük siyasətin zirvəsinə dönür və onlar bu pillə ilə kifayətlənməli olurlar...
Amma paytaxtın, özü də böyük bir paytaxtın meri seçilmək az iş deyildir. Bəli, bir daha deyirik ki, ola bilsin, bu, S.Xanın siyasi tramplini olacaq. Bu vaxtadək İngiltərədə müsəlman baş nazir olmayıb. Kim bilir, bəlkə birinci olmaq elə bu pakistanlının alnına yazılıb? Nə isə... Hipotezlərlə və çox uzağa gedən qənaətlərlə özümüzü yormayaq...
Həm də ABŞ-dakı seçkilərin nəticəsini gözləyək. Görək, Tramp cənabları nə edəcək? Onun ritorikasına diqqət yetirəndə düşünürsən ki, məhz həmin bu ritorika onun Ağ Evə yürüşünün yolunda böyük maneə olacaq.
Tramp çox şeyi dəyişməyə çağırır. Mən əvvəllər də bu haqda yazmışam və bir daha təkrarlamaq istəmirəm. ABŞ bu dəyişikliklərə hazırdırmı? Bu ölkə Trampın dediyi Amerika olmağı məqbul sayırmı?
Məqbul saysa, onda gərək öz çoxəsrlik dəyərlərindən imtina etsin. Əgər məqbul saysa, gərək, dünyadakı missiyasından imtina etsin...
Bütün bunlar mümkünmü? Güman etmirik... Siyasətçilər var, hərbçilər var, böyük biznes imperiyası var... Bütün bunlar Tramp üçün maneədir və çox güman ki, onun Ağ Evə yolunu bağlayacaq...
Qərəz, Trampla da özümüzü yormayaq. Bəlkə də o, ABŞ siyasətində bir səhifədir və özü də bir illik səhifə. Ola bilsin ki, amerikalılar onu çox asan və heç bir əziyyət çəkmədən çevirəcəklər...

 

скачать dle 12.1