Dolma diplomatiyası

28-05-2016, 18:25
0
Dolma diplomatiyası

Hökumətimizin “uğurlu”, “uzaqgörən”, “analoqsuz” siyasəti davam edir. O qədər sürətlə irəliləyirik ki, artıq ölkəmizdə keçirilən beynəlxalq festivalların sayı-hesabı yoxdur.  Məsələn, neftin qiyməti 120 dollar olanda düyaya yol göstərirdik, indi dünyaya dolma göstəririk. Yaxud, əvvələr ölkəmizə milyardlarla neft pulunun axdığına görə bizə paxıllıq edənlər, indi keçirdiyimiz pendir festivalına görə bizə qibtə edirlər.

Təhsilimiz, səhiyyəmiz, güclü iqtisadiyyatımız olmasa da, pendir festivalımız, süd olimpiadamız, dolma kolleksiyamız var.

Ümumiyyətlə, hökumətimizin siyasətində dolma strateji əhəmiyyət daşıyır və dolmanın hüquqlarının müdafiəsi prioritetdir. Hətta Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirdi ki, dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır. Hökumətimiz dolmayla bağlı ciddi iş aparır. Bu məsələ ərazi bütövlüyünün təmin olunması qədər əhəmiyyətli xarakter alıb.

Mayın 23-də Bakı şəhəri Bilgəh qəsəbəsi “Cumeirah Bilgah” hotelində “IV Yay Süd Sammiti” və “II Beynəlxalq Pendir Forumu” keçirildi. Bugünlərdə isə ölkəmizdə “Beynəlxalq Dolma Festivalı” keçiriləcək. Artıq vəziyyət o həddə çatıb ki, pendir, süd, dolma diplomatiyazmızın uğuru kimi təqdim edilir. Bundan sonra qatıq, badımcan, sarımsaq, quzuqulağı, keşniş festivalı keçirilsə, qətiyyən təəccüblənməyin və narahat olmayın. Hökumətimiz anti-böhran tədbirləri görür, islahat aparır, ölkəmizi dünyaya tanıtdırır.

Bəli, vətəndaş dilənçi vəziyyətinə düşüb, böhran bütün sahələri bürüyüb və hökumət dolmayla cəmiyyətə təsəlli verir. Faktiki olaraq dolma, Qarabağdan mühüm faktora çevrilib. Yəni Qarabağı erməniyə güzəşt edib, atəşkəs imzalayanlar, dolmaya görə erməniylə “müharibə” aparırlar. Erməninin 20 faiz əraziyə təcavüz etməsi səbrlə qarşılanır, amma lavaşa “təcavüz” etməsi hökuməti qəzəbləndirir. Bəli,  hökumət “lazım”ı cəbhədən yayındırıb, mətbəxə ezam edib.

“Uğurlu siyasət”, “sürətli inkişaf” nağılı, dolmaya dirənib. Bu dəfə böhran hökuməti də vurub. Neftin qiymətinin kəskin düşməsi, böyük vədlər verən hökuməti dolmaya, pendirə möhtac edib. Dünənə qədər “Avropa oyunları”nı böyük uğur kimi xalqa sırayanlar, bu gün “Dolma Festivalı”nı uğurllu siyasətin nəticəsi kimi gözümüzə soxurlar. Vətəndaş dolma bişirməyə ət tapmır, bunlar dünyaya dolma pozaları verirlər.

Canablar, beynəlxalq dolma, pendir, süd festivalı keçirməyin, beynəlxalq aləmin çağırışlarına cavab verin. O festivalların keçirilməsi vətəndaşın rifahını yaxşılaşdırmır, iqtisadiyyatı dirçəltmir. Ölkədə demokratiya, azadlıq, şəffaflıq, ədalət festivalı keçirmək lazımdır ki, vətəndaş pendir, süd ala bilsin, dolma bişirmək iqtidarında olsun.

Nəticə budur ki, qeyri-ciddi idarəçilik, ölkəni qeyri-ciddi  uğura sürüklədi. 23 ildən sonra yeni texnologiyaların festivalını keçirmək əvəzinə, dolmanın, pendirin dalına düşmüşük. Yeni planetlər kəşf edən, nanotexnologiylarla əlləşən dünyanı, dolmayla təəccübləndirmək olmaz. Ermənilərin yarpağın arasına ət qoyub, dolma əmələ gətirməsi təhlükəli deyil. Təhlükəli olan, dövlətin sərvətini bir qrup adamın cibinə büküb, vətəndaşı dolma yeməkdən də məhrum etməkdir.

Bu sətirləri yazdığım vaxt xəbər tutdum ki, mayın 29-da ölkəmizdə “Sevgi Festivalı” keçiriləcək. Əvvəlcə ac xalqa dolma göstərdilər, indi də dərdli ürəklərə sevgi təklif edirlər.

Gərək, yaxşı bir “festival” keçirib, bu hökuməti təmtəraqla yola salaq.

скачать dle 12.1