Bu 13 ildə heç bir sahədə inkişaf gözə çarpmır...

25-07-2016, 11:30
0
Bu 13 ildə heç bir sahədə inkişaf gözə çarpmır...

Məgər Ilham Əliyevə hər hansı müsbət görmək üçün bu müddət bəs eləmir? Bu 13 ildə heç bir sahədə inkişaf gözə çarpmır. Nə Qarabağ problemi həll olunub, nə insan haqları sahəsində vəziyyət ürəkaçandır, nə də iqtisadi sahədə irəliləyiş var. Qarabağ məsələsi dalana dirənib. Insan haqları sahəsinin hansı vəziyyətdə olduğunu bilmək üçün siyasi məhbusların sayı kifayət edir. Iqtisadi sahəyə gəlincə, böhran getdikcə dərinləşməkdədir. Hər gün hansısa şirkət, bank fəaliyyətini dayandırır. Bu arada isə, referendumdan az sonra prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Yəni, Ilham Əliyev 2018-ci ili gözləmək istəmir. Ilham Əliyev prezident seçildikdən sonra Milli Məclisi buraxacaq və yeni parlament formalaşdıralacaq...

Hamı da deyir ki, bu dəfə Konstitusiyanı dəyişmək prosesi çox sürətli gedir. Doğru təsbitdir, əvvəlcədən Fəzail Ağamalı, Siyavuş Novruzov, ya hansısa hüquqşünas, yaxud titullu ağsaqqal çağırış da eləmədi, cəmiyyəti “hazırlamadılar”. Layihə qəflətən təqdim olundu, Konstitusiya Məhkəməsinə göndərildi, təsdiqləndi və referendum təyin edildi. Iş bir düyməni basmaqla getdi…

Amma yenə də sual olaraq qalır: “əbədi” hakimiyyəti təmin edən, qanunlar da, reallıqlar da bütün istəklərinə cavab verən, bütün istədiklərini edə bilən bir rahatlıq varsa, əlavə mürtəce bir prosesi həyata keçirmək bunların nəyinə lazımdır? Indiki Konstitusiya kifayət qədər mürtəcedir onsuz da. Başa düşmək olmur ki, hazırda Konstitusiya onlara nə ilə mane olur? Seçki gələn il də keçirilsə, 1918-ci ildə də keçirilsə, saxtalaşdırılmalıdır. Elə parlament qurur ki, onu təkrara-təkrar seçir, buraxmağa nə ehtiyac?! Səlahiyyət müddətinə gəldikdə, 5 vurulsun 7, 7 vurulsun 5 – eyni şeydir.

Formallıqlar baxımdan daha asan ola bilər Ilham Əliyevə, amma siyasi anlamda heç nə asanlaşmır. Islahat çağırışları zamanı (buna hələ inananlar var!) irticanı gücləndirən irticaçı obrazı qazanır. Əldə etdiyi də elə ciddi bir nəticə deyil, zatən hakimiyyəti saxlamaq üçün formal mürtəce imkanlar kifayət qədərdir.

Bəs böhranın qarşını almadan onun gətirəcəyi narazılıqları önləməyin adı nədir? Zor və repressiyalarla xalqı tapdamaq istəyi?! Ona görə də, xalqdan gələn təhlükəni önləmək üçün edilirsə bu dəyişikliklər, həmin anda heç nəyə yarayası deyil.

Sadəcə, Azərbaycan hakimiyyəti bu mürtəce dəyişikliyə getməklə xalqa zülmü artırır. Ailə hakimiyyətini gücləndirməklə ölkədə qanunsuzluğu, özbaşınalığı gücləndirir. Avtoritarizmi dərinləşdirməklə korrupsiyanı və böhranı intensivləşdirir, ölkəni daha ağır fəlakətlərə sürükləyir. Hakimiyyətin əbədiliyini təmin etmək baxımından isə, bu, heç nəyi həll etmir.

 

Konstitusiya ilə xalqın hakimiyyətini azaltmaq, mənimsəmək olar, amma xalqın iradəsi ortada olanda – bu, elə Konstitusiya deməkdir.

 

Rafail Hamidov

скачать dle 12.1