Çekistokratiya və ya son 25 ilin Rusiyası...

20-08-2016, 22:57
0
Çekistokratiya və ya son 25 ilin Rusiyası...
Özümüz də etiraf etmək məcburiyyətindəyik  ki, qızmar yayın son günlərində bu günün və yaxın keçmişin hərarətli siyasi olaylarını xatırlamaq onsuz da ağır ab-havaya bir az da ağırlıq gətirir. Amma başqa yol da yoxdur, insanlara arabir nələrisə xatırlatmaq lazımdır ki, onlar yaxşılıqların qədrini bilsin, pislikləri isə islah etmək haqqında düşünsünlər...
Belə olaylardan biri də 1991-ci ilin məşhur avqust putçudur. İndi o hadisənin üstündən düz 25 il vaxt keçir. Nə demək olardı bu hadisə ilə bağlı?
Özüm o günləri çox yaxşı xatırlayıram. Təbii ki, bayramfəşanlıq edənlər və “Ölkənin yiyələri qayıtdı!” deyənlər də vardı. Hətta yadıma gəlir ki, bir ara yoxa çıxan məhsullar da dərhal üzə çıxmışdı, onları hətta küçələrdə qoyub satırdılar...
Amma insanların böyük əksəriyyəti özünü elə aparırdı ki, sanki çox maraqlı bir film yarıda kəsilmişdi. Bəli, bu filmin adı yenidənqurma idi. Hamı daha çox onu istəyirdi ki, həmin filmin tamamını görsün və 1985-ci ildən başlayan olayların nə ilə bitəcəyini bilsin. 
Qərəz, sonrası aydındır... Rusiyalı hüquq müdafiəçilərindən birinin dediyi kimi, titrəyən, əsən əllərlə hakimiyyət götürmürlər. Təsadüfi deyil ki, həmin titrəyən əllərin sahibləri bircə günün içində qalxdıqları hakimiyyət olimpindən üzü aşağı - məhbəslərə doğru yuvarlandılar...
Təbii ki, o günlərin qəhrəmanı birmənalı olaraq Boris Yeltsin idi. İndi isə nə B.Yeltsin var, nə də o illərin vədləri...
Əvəzində Vladimir Putin və bir də bu günün Rusiyası var. Bəli, güclü və ziddiyyətli dövlət rəhbəri və bir də elə o qədər də ziddiyyətli ölkə...
Nələr oldu? Nələr qazanıldı? Bu suallara birmənalı şəkildə cavab vermək heç də asan deyil. Ona görə ki, hər şey düşünüldüyündən də çox, qat-qat qəlizdir...
Təbii ki, bu gün Rusiyada sabitlik var, bazar iqtisadiyyyatı var. Amma siyasi azadlıqlar yoxdur. Nə qədər təəccüblü olsa da, rusların “çar Boris” adlandırdıqları adamın dövründə azadlıqlar daha çox idi, nəinki indilərdə... Düzdür, belə deyəndə bəziləri qayıdır ki, insanlar nəyin onlar üçün önəmli olmasını hamıdan yaxşı bilirlər...
Razıyam. Bəzən insana yaşamaq üçün bir bayraq və yaxud da ki, himn də bəs edir. Məsələn, mən Krım məsələsini yalnız bu aspektdən başa düşməyə (əgər bu hadisəni, ümumiyyətlə, başa düşmək mümkündürsə!) cəhd edirəm. “Krımın ilhaqı krımlılara və Rusiyaya nə verdi?” sualanı da yalnız bu aspektdən anlamağa cəhd edirəm: insanlar Rusiyaya birləşmək istəyirdi, buna da nail oldular. Başqa bir ağlabatan və məntiqli arqument tapmaq və həmin hadisəni praqmatizm nəzərindən anlamaq elə də asan deyil...
Digər məsələlərə gəldikdə isə, ruslar özləri vəziyyəti hamıdan yaxşı dəyərləndirməyi bacarırlar. Bu yaxınlarda bir rus müəllifinin kiçik bir yazısını oxudum. Müəllif Rusiyadakı indiki hakimiyyəti obrazlı şəkildə çekistokratiya adlandırmışdı. Amma lap əvvəlcə diqqəti bir məsələyə yönəltmişdi. Sosiologiyada belə bir anlayış var: identifikasiya və etimad radiusu. Bu radius kiçik olduqca fərdin cəmiyyətə inteqrasiyası, insanların biri-birinə etimadı da az olur...
Həmin müəllifin fikrincə, müasir Rusiyada bu radius olduqca kiçikdir və bunun səbəbi də odur ki, hakimiyyətdə çekistlərdir. Onların hamısını isə bir ümumi cəhət birləşdirir: heç kimə və heç nəyə etibar etməmək...
Təbii ki, müəyyən məqamlarla bağlı mübahisə etmək olar. Amma mənə elə gəlir ki, həmin müəllif məsələnin məğzini çox düzgün tutmuşdu...
Burada bir məsələyə də toxunmaq istərdik. Bu məqam Azərbaycanla və özəlliklə keçmiş SSRİ-nin bəzi kəsimlərilə bağlıdır. İnsanlar, - təbii ki, hamısı yox, yalnız bəziləri, - V.Putinə ona görə maraq göstərirlər ki, onun timsalında SSRİ-ni bərpa edə biləcək adamı görürlər. Amma burada bəlli bir həqiqəti bir daha demək istərdik. Ola bilsin ki, Rusiya hətta Azərbaycanı da Avrasiya Birliyinə qatmağa nail olacaq, hərçənd ki, bunu heç istəməzdik. Amma hətta belə olsa da, bir məsələni bilmək lazımdır ki, nəsə yarana bilər, fəqət, SSRİ bərpa olunmayacaq. Ona görə ki, SSRİ Rusiya imperiyasının böyük yalanı və hiyləgərliyi olmaqla bahəm, həm də böyük səhvi idi. Ruslar bir daha bu səhvi təkrarlamazlar... İndi onlar daha realist imperiya siyasəti yürüdür və hamıdan, hər yerdən yalnız özləri üçün fayda götürməyə çalışırlar. O günlər, SSRİ çağları bir daha təkrar olunmayacaq... Bu həqiqəti nə qədər tez qəbul etsək, ruhumuz da bir o qədər tez rahatlaşar. Həm də çox məşhur bir deyim var. Tarix iki dəfə təkrar olunur: bir dəfə faciə, bir dəfə də komediya şəklində...

 

скачать dle 12.1