Azərbaycana qanlı divan tutub, tutmaqdadır.

2-02-2015, 10:23
0
Azərbaycana qanlı divan tutub, tutmaqdadır.

 22 ildir bu ölkədə IŞĞAL rejimi qurulub. 22 ildir bu ölkə, bu xalq yağıcasına soyulub-yağmalanır. Istənilən işğalçı indiyədək bu xalqı az da olsa sevərdi: bir belə tapdanıb əzilirkən bu xalqın göstərdiyi dözümə görə! Bunlar bu xalqı, bu ölkəni hələ də sevə bilməyiblər, danışıqlarından, davranışlarından göründüyü kimi, sevə bilməyəcəklər də.

Budur, bunların baş nazirinin yardımçısı Yaqub Eyyubov Moskvada Putinin qarşısında çıxış edib. Çıxış nə çıxış: səni sevəcəyik sən sevməsən də! Onun dediklərinə baxın: “Mənim xalqım və prezidentim həmişə başa düşüblər ki, Rusiya həmişə bizimlə olub. Biz Rusiyadan çox şey almışıq və bu haqda açıq danışmaq lazımdır. Hesab edirik ki, Azərbaycan xalqı ona göstərilən qayğını həmişə yaxşı və düzgün qiymətləndirib”. Burada xalqla rejim bir-birinə qarışdırlmaqla yalan danışılıb. Bu rejimi çevriliş yoluyla Azərbaycanda 1993-dən Rusiya qurub. Elə o çağdan indiyədək də bu rejimin arxasında Rusiya durub, durur. Bu rejim imperialist, qaniçən Rusiyanın doğduğu rejimdir. Bu rejimin başında duranlar da Rusiyanın seçib yerləşdirdiyi kimsələrdir. Rusiyanı sevdiklərinə, bütün əriş-arğaclarıyla Rusiyaya bağlı olduqlarına görə biz onları qınaya bilmərik: onlar Rusiya törəmələridir. Biz onları satqın, dönük adlandıra bilərik, ancaq bu bizə görə belədir – onlara görə yox!

Bir rusiyalı KQB polkovnikinin qəzetdə dediyinə görə, bu rejimin o başından bu başına hər seçki öncəsi Ramiz Mehdiyevin çağırışı ilə gəlib Dağıstanda Rusiyanın kiçik qoşun kontingenti dayanır: işdi, səsi oğurlanan xalq ayağa qalxsa, onu əzmək üçün! 2013-cü il prezident seçkisi qabağı Əli Həsənovun uyarısı bu baxımdan da unudulmazdır: “Hakimiyətə gəlmək istəyənlər xalqın qanı üzərindən keçməli olacaqlar”. Hə, bunların arxasında Dağıstan dayanır – sözsüz, KQB polkovnikinin dediyi anlamda Dağıstan! Bunlar Azərbaycanı, Azərbaycan xalqını Dağıstanla qorxudurlar…  “Biz Rusiyadan çox şey almışıq” deməklə Y.Eyyubov gerçəyi dilə gətirir: doğrudan da onlar Rusiyadan çox şey alıblar – Azərbaycanda hakimiyətə yiyələnməkdən, uzun illər hakimiyətdə qalmaqdan tutmuş, Azərbaycan xalqını Dağıstanla qorxutmaq hüququnadək! Buna sözümüz yoxdur, ancaq xalqı özlərinə qatmasınlar: xalq adından yalnız bu xalqın seçib sevdiyi, səs verib iş başına gətirdiyi bir hökumət danışa bilər – legitim hökumət!.

Xalqın “başa düşdüyünə” gəlincə, xalqı qoyun yerinə qoymayın: Azərbaycan xalqı Rusiyanın gerçək “qayğısını” çox gözəl bilir, anlayır. Azərbaycanı Rusiya bölüb-parçalayıb bu günə qoyub. Rusiya Dəmir Qapını (Dərbəndi) bizdən alıb. Azərbaycanı iki yerə – Quzeyə, Güneyə parçalayıb; Azərbaycan topraqlarında özü kimi qan çanağı “Ermənistan” yaradıb; Borçalını Azərbaycandan qoparıb; Qarabağı qanlı qırğın yoluyla alıb erməniyə verib; Xocalıda soyqırım törədib; qız-gəlinlərimizi erməni… əlinə verib; Şuşa kimi bir ucalığı alıb erməninin ayaqları altına atıb; Ağdam boyda yaşayış yerini Yür üzündən silib; üstəlik, ANTIMILLI rejim əliylə yaratdığı “atəşkəs” içində Azərbaycana qanlı divan tutub, tutmaqdadır. Rusiya ermənilərə milyardlarla dollar dəyərində yaraq-sursat bağışlamaqla da Azərbaycanın erməniliyə yenilməsinə çalışmaqdadır.

Putinlə bağlı “o elə etdi ki, indi hamı Rusiya ilə hesablaşır” yalanına ancaq bunu deyənlər özləri inana bilərlər. Putin bu gün ac-yalavac Rusiyanı dağılıb-parçalanmağa sürükləməkdədir. Özlərinin yazdıqlarına görə, Rusiyanın dərinliklərində yoxsulluq üzündən xalqın özünü yalnız sarımsaq yeməklə “sağaltmağa” gücü çatır. Doğal resursları aşıb-daşan bir ölkə ölümcül durumdadır – Putinin yalnız ordunu gücləndirməyə yönəlik imperialist ambisiyası üzündən! Istənilən ordunun başlıca güc qaynağı güclü xalqdır. Yoxsul, xəstə, düşkün xalq belə bir güc qaynağı ola bilərmi?! Rusiya Putinlə qarşısıalınmaz çöküşdədir…

Hüseynov Vüsal 

скачать dle 12.1