MOSSAD müsabiqənin tam təhlükəsizlik şəraitində keçməsinə nəzarət edəcək.

29-03-2012, 16:35
0
MOSSAD müsabiqənin tam təhlükəsizlik şəraitində keçməsinə nəzarət edəcək.

Məlum olduğu kimi, "Müsavat" qəzetinin martın 28-29-u tarixinə təsadüf edən saylarında ölkəmizdə keçiriləcək "Evrovision" mahnı müsabiqəsinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfinin İsraillə gizli anlaşmaya imza atdığı qeyd olunub. Qəzetin yazdığına görə, musiqi festivalının davam etdiyi bir həftə ərzində İsrailin xüsusi xidmət orqanı olan MOSSAD müsabiqənin tam təhlükəsizlik şəraitində keçməsinə nəzarət edəcək. 

Qeyd edək ki, ümumavropa əhəmiyyətli tədbirlə əlaqədar olarar Azərbaycana ABŞ və Avropadan xeyli sayda qonağın gələcəyi gözlənilir. Məhz bu baxımdan da rəsmi Bakı keçiriləcək müsabiqənin güvənli bir ortamda insidentsiz başa çatmasında maraqlıdır. Bu baxımdan Azərbaycanın "Evrovision" festivalının təhlükəsizliyini təmin etmək məqsədilə İsrail və ya hər hansı Avropa ölkəsi ilə əməkdaşlıq etməsində heç bir qəribəlik yoxdur. Lakin bu barədə irəli sürülən mülahizələrin təhlili göstəririr ki, burada söhbət İsrail və ya hər hansı Avropa ölkəsi ilə əməkdaşlıqdan daha çox, keçiriləcək müsabiqənin təhlükəsizliyinin əsas məsuliyyətinin kənar bir dövlətə etibar edilməsindən gedir. Başqa sözlə desək, Azərbaycan öz təhlükəsizlik və hüquq-mühafizə orqanlarının peşəkarlıq qabiliyyətinə etibar etmədiyi üçün bu məsələni İsrailin dünyaca məşhur xüsusi xidmət orqanına həvalə etməklə, öz yaxasını qismən də olsa məsuliyyətdən kənara çəkməyə çalışır. Halbuki, bütün güc orqanlarında generalların sayını sürətlə artıran, demək olar ki, başdan-başa generallar ölkəsinə çevrilən Azərbaycan ev sahibi bir ölkə kimi təhlükəsizlik sisteminə nəzarəti bilavasitə özü həyata keçirməli, İsrail, ABŞ və s. kimi ölkələrin təhlükəsizlik orqanlarının köməyindən yardımçı məqsədlə istifadə etməli idi. Lakin Azərbaycan tərəfinin bu məsələdə MOSSADa daha çox ümid bəsləməsi ölkənin ali siyasi elitasının öz generallarına, milli təhlükəsizlik sisteminə o qədər də etibar etmədiyini göstərir.

Və bu gerçək bütövlükdə Azərbaycan üçün önəmli olan bir problemi aktuallaşdırır. Madam ki, yaradılan təhlükəsizlik sistemləri, əlaqədar güc mərkəzləri 10-15 ildən bir keçiriləcək bu cür beynəlxalq tədbirlərin təhlükəsizliyini təmin etmək üçün yetərli deyil, madam ki, çiynində general paqonu daşıyan onlarla insan ona, onun bacarıq və səriştəsinə ehtiyac duyulduğu bir zamanda digərlərinin üzünə tamaşa etməklə kifayətlənir, o zaman bu qurumlara milyonlarla vəsait sərf etməyin, vətən və dövlət qarşısında heç bir xidməti olmayan, iddiası ilə bacarığı üst-üstə düşməyən insanlara elə hey bir ucdan general rütbəsi verməyin nə mənası var? Madam ki, bizim generalların qurmalı və başında dayanmalı olduğu bir sistemi İsraildən gələn hansısa bir general və ya leytenant quracaq, o zaman bu generalların heç bir rütbə və titula sahib olmayan sıradan bir əsgərlə nə fərqi var ki? Və həmçinin, gərəkdiyi zamanda gərəkdiyi bir yerdə olan adi bir əsgər, gərəkdiyi zamanda gərəkdiyi yerdə olmayan generaldan daha qiymətli deyilmi?

Göründüyü kimi, "Evrovision" aynasında əks olunan təhlükəsizlik çatının bu problemi daha qabarıq, daha iri müstəvidə ortaya qoyduğu inkaredilməzdir. Fəqət, proseslərin mövcud inkişafını nəzərə alsaq, sözügedən problemin çağdaş Azərbaycana məxsus digər bütün problemlər kimi yaxın zamanlarda öz həllini tapacağı heç də inandırıcı görünmür. Lakin nə qədər çətin də olsa ümid edək ki, nə vaxtsa kütləvi aksiya və mitinqlərdə öz xalqına qarşı əzələ nümayiş etdirən DİN, bugünlərdə öz general kontingentini daha 3 general hesabına bir qədər də genişləndirən MTN əl-ələ verib Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərin təhlükəsizliyini təmin edəcək, ölkəmizi kənar dövlətlərin xüsusi xidmət orqanlarının bacarığından sonsuza kimi asılı vəziyyətə qoymayacaqdır. Əks-təqdirdə, Azərbaycan hətta lokal xarakterli tədbirlərin təhlükəsizliyini belə İsrail və ABŞ-ın xüsusi xidmət orqanları hesabına qorumalı olacaq, Azərbaycanın güc orqanları isə faktiki olaraq bu orqanların əlavəsi qismində çıxış edəcəkdir.

 

 

Hüseynov Vüsal

скачать dle 12.1