Və yaxud parlamentin “starik” deputatları necə “lomka”ya düşəcək...
Ötən həftə - seçki kampaniyasına start veriləndə iki dəfə Sovet Azərbaycanının, dörd dəfə müstəqil Azərbaycanın deputatı “seçilmiş” Hacı Madər yenidən öz namizədliyini irəli sürdüyünü elan etdi. Üst-üstə altı dəfə, yəni otuz il deputat olan hacı Madər bu zaman analoqu olmayan bir bəyanatla diqqətləri cəlb etdi. Belə ki, o, yenidən deputat “seçilməyəcəyi” təqdirdə alverlə məşğul olacağını və orda-burda alıb-satacağını bildirdi. Daha sonra bir qədər də irəli gedərək “deputatlıqdan kayf aldığını” söylədi!
Əlbəttə, hacı Madərin deputat olmayacağı təqdirdə nəyi alıb-satacağı oxucularımız üçün o qədər də maraqlı deyil. Lakin onun bir deputat olaraq nədən “kayf” aldığına diqqət yetirək. İlk olaraq onu deyək ki, hacı Madərin bu bəyanatı bir çox gizli məqamları ortaya çıxardı. Belə ki, YAP rəsmisi Səyavuş Novruzov qəzetlərdən birinə verdiyi müsahibədə açıq və net şəkildə bildirmişdi ki, “biz ancaq YAP-ın verdiyi namizədləri dəstəkləyəcəyik”. Hacı Madər də bu müsahibədən sonra YAP-ın siyahısını gözləməyi belə lazım bilməyərək, öz mövqeyin ortaya qoydu və deputatlığa namizədliyini irəli sürdü. Bilirsiniz nədən? Bəzi hakimiyyətə yaxın olan KİV-lərdə məlumat getmişdi ki, hakimiyyət yeni dönəmdə “starik”lərdən yaxa qurtaracaq.
Bu informasiya KİV-ə sızdırılmışsa, deməli, hakimiyyət ətrafında olanlar da bilirlər ki, artıq yaşlı deputatların kitabı bağlanıb. Bu da həmin “starik”lərdən birinin tələm-tələsik hərkətə keçməsinə səbəb olub...
Əslində, yeni dönəmdə deputat olmamaq mandat azarına tutulmuşlar üçün “ciddi faciə”dir. Bu halı ilə barışmayan Haci Madər qızdırması yüksək olan vaxtı danışan adamların sözlərinə bənzəyən bir neçə bəyanat verdi. Baxın, Hacı deyir ki, “mən deputatlığdan “kayf” alıram”! Yəni cavan yaşından deputat olan (nə az-nə çox otuz il - müəl.) Hacı parlamentdə qocaldığını hiss etməyərək “kayf”dan danışır...!
Deməli, bu çoxillik “stariklər” hər dəfə ona görə deputat olurmuşlar ki, “kayf” alsınlar?! Bəlkə, bizim çoxillik məmurlarımız, nazirlərimiz də “kayfariklər”dir?! Görünür, onlar illərdir ona görə vəzifədən əl çəkmirlər ki, bu halda “lomkaya” düşəcəklər! Bir sözlə, yazıqlar olsun, bu millətə ki, onu idarə edənlər “kayfarik”lərdir.
Sözsüz ki, hacı Madərə “kayf” verən təkcə Milli Məclisin üzvü olması deyil, daha çox deputat mandatı hesabına qazandığı milyonlardır. Hacı Madərin 30 il ərzində neçə milyona sahib olduğunu araşdırdıqda çoxlarına bəlli olacaq ki, “kayf” almaq kişinin “doğal” haqqıdır. Amma görünən odur ki, 30 illik “kayf”dan sonra hacı Madəri qarşıda “lomka” gözləyir! Təkcə onumu? Əlbəttə, yox! Güman edirik ki, bu seçkidə hələ çox “lomka”ya düşənlər olacaq.