Son vaxtlar hakimiyyətin nəzarətindəki telekanallar vasitəsi ilə tanınmış ziyalı Rüstəm İbrahimbəyova qarşı hücuma keçməsi, hörmətli kinorejissoru biznes ambisiyalarının əsiri olan, anti-azəarbaycanlı ruhuna malik bir şəxs kimi təqdim etməsi müşahidə olunur. Şübhəsiz, hakimiyyətin mahiyyətinə bələd olan, onun həqiqətdən ilan vuranın ala çatıdan qorxduğu kimi qorxduğunu bilən hər kəs üçün belə bir münasibət tamamilə təbiidir. Hakimiyyətə az-çox bələdliyi olan hər kəs yaxşı başa düşür ki, ölkə iqtidarının R.İbrahimbəyova olan qəzəbinin arxasında ifşa olunmaq, olduğu kimi görünmək qorxusu dayanır. Məhz bu qorxu hakimiyyəti hərəkətə keçməyə, Azərbaycan xalqı və incəsənəti qarşısında böyük xidmətləri olan ziyalını susdurmaq üçün yollar aramağa vadar edir. Elə sözügedən səbəbdən dolayı da bu günə qədər susqunluq sərgiləyən hakimiyyət birdən-birə R.İbrahimbəyovu təftiş etməyə, onun Azərbaycan ictimaiyyəti və milli ruhu üçün nə qədər “təhlükə kəsb etdiyini” aşkarlamağa başlayıb. R.İbrahimbəyov hakimiyyətin quyruğunu tapdalayandan sonra bəlli olub ki, sən demə hörmətli kinorejissor böyük biznesə malik imiş və onun bütün mübarizəsinin kökündə məhz biznes maraqları dayanır. R.İbrahimbəyov ölkədə demokratiyanın acınacaqlı vəziyyətini davamlı olaraq gündəmə gətirəndən sonra isə məlum olub ki, R.İbrahimbəyovun içində sovet dönəmindən qalma “erməni sevgisi” gizlənibmiş və nə qədər qəribə olsa da hakimiyyət bu “həqiqəti” də son anda, məhz maskası cırılmağa başlayanda fərq edib. Bir sözlə, R.İbrahimbəyovun “təhlükəli tip” kimi kəşfi hakimiyyətin bir tam olaraq ifşa edilməsi ilə üst-üstə düşüb. Təsadüfimi? Əsla!
Hakimiyyət Rüstəm İbrahimbəyovun xortdan obrazını yarada biləcəkmi?
Bu gün nəyin bahasına olursa-olsun R.İbrahimbəyovun xortdan obrazını yaratmağa və bu obraza özünəməxsus don geyindirməyə çalışan hakimiyyət bunun üçün müxtəlif yollara əl atmaqda, habelə kinorejissora malik sərvəti gündəmə gətirməkdədir. Halbuki, az-çox düşüncə sahibi olan hər kəs etiraf edər ki, bunun R.İbrahimbəyovun apardığı demokratiya savaşı ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, dünyada elə bir qanun yoxdur ki, müəyyən sərvətə malik insanların demokratiya uğrunda mübarizə aparmasına qadağa qoysun. Demokratiya uğrunda mübarizə yalnız kasıbların boynuna biçilən bir don olmadığından hətta hakimiyyətin milyoner elan etdiyi R.İbrahimbəyovun da belə bir mübarizədə iştirakı mümkündür və bunu ona ayıb hesab etmək olmaz. Kinorejissora məxsusluğu iddia oluna ev və sərvətə gəlincə, hətta bütün deyilənlər həqiqət olsa belə, bu məsələdə R.İbrahimbəyovun əleyhinə işləyən heç bir məntiqi dəlil yoxdur. Ən azından ona görə ki, namuslu yolla əldə edilən heç nə qəbahət sayıla bilməz və əgər R.İbrahimbəyov öz bilik və bacarığını bu şəkildə maddiləşdirə bilibsə, bundan kiminsə narahat olmasının özü anormallıq göstəricisidir.
R.İbrahimbəyovun ermənilərə meyl etməsinə gəlincə, hörmətli ziyalının qondarma erməni soyqırımını qəbul edən Fransaya etiraz əlaməti olaraq bu ölkənin ordenindən imtina etməsi faktını yada salmaq bu ittihamın böhtandan başqa bir şey olmadığını isbatlamaq baxımından kifayətdir.
Bütün bunlar bir daha göstərir ki, hakimiyyətin R.İbrahimbəyovdan xortdan düzəltmək cəhdi nəticə verməyəcək. Ən azından ona görə ki, iqtidarın bu məqsəd üçün seçdiyi xammalın təbii-texniki göstəriciləri belə bir emal üçün yaramır. Bu isə o deməkdir ki, bu günə qədər olduğu kimi bundan sonra da hakimiyyət cəmiyyətin nəzərində milyonlarla insanın həyatına hökm edən şəriksiz nüfuz və hakimiyyətə malik yeganə xortdan olaraq qalacaqdır.
Heç kim mələk deyil...
Şübhəsiz, bütün bunları yazmaqla R.İbrahimbəyovu idealizə etmək, onun mələk obrazını formalaşdırmaq fikrində deyilik. Yəqin hər kəs razılaşar ki, yaşadığımız dünyada heç kim mələk deyil və bu baxımdan R.İbrahimbəyovun da hansısa fikrində səhv tutmaq, hansısa arqumentinə daha sanballı arqumentlə cavab vermək mümkündür. Lakin bu da sirr deyil ki, bu gün R.İbrahimbəyovu ittiham edən, onun xalqa və dövlətə zidd mövqedə dayandığını sübut etməyə çalışanların heç birinin Azərbaycan xalqı və dövləti qarşısında R.İbrahimbəyov qədər xidməti yoxdur. Buna görə də bu gün R.İbrahimbəyova yönəlik ittihamlar prokurorun müttəhimi deyil, müttəhimin prokuroru ittiham etməsi təsiri bağışlayır. Bu mənzərə qarşısında insanın keçirdiyi ilk hiss təəccüb və heyrət hissi olur. Ancaq bir qədərdən sonra bu təəssürat da ötüb keçir. Və insan anlayır ki, bu cür paradoksların təəccüb yaratmaması gərəkən yeganə yer elə Azərbaycandır. Namuslu olmağın günah sayıldığı, ləyaqətli olmağın suç elan edildiyi Azərbaycan.
Seymur Əliyev