Niyə axıra qədər getmədik?

22-04-2016, 13:34
0
Niyə axıra qədər getmədik?
Qarabağ probleminə indiki qədər maraq olmamışdı. Əvvəllər maraqsızlıq adamı lap üzürdü. Düşünürdün ki, belə də ölkə olar? İnsanlar heç nə ilə bağlı maraq göstərmir, tam etinasız davranırlar...
 
Amma bu, Qarabağa qarşı maraqsızlıq deyildi. İnsanlar Minsk Qrupu haqqında yazılanlara, deyilənlərə maraq göstəmirdilər. Səbəbi də aydındır - 24 il sərasər bu qurumun nəsə edəcəyini gözləşmişdi insanlar. Nəticəsi də olmamışdı. Üstəlik, özümüz də vəziyyətin yeknəsəqliyini dəyişə bilmirdik və gözümüz onun-bunun ağzında qalmışdı...
Bu yaxınlarda kiçik də olsa, dəyişiklik baş verdi. Ordumuz layiqli müqavimət göstərə bildi. İndi hamının dodaqlarında bir sual donub: Niyə hərbi əməliyyatları dayandırdıq? Niyə axıra qədər getmədik?... Cavab vermək, bəli, insanları qane edən cavab vermək, elə də asan deyil...
İndi ortalıqda daha çox Rusiyanın fəallığı var. Deyirlər ki, bu yaxınlarda problemlə bağlı intensiv danışıqlar başlayacaq. Danışıqların V.Putinin iştirakı ilə baş tutacağı deyilir.
Əvvəllər, prezident olarkən D.Medvedev də belə görüşlər təşkil edirdi. Amma o görüşlər bir nəticə vermədi...
O ki qaldı bugünkü vəziyyətə, əslində bu yaxınlarda Azərbaycanda olmuş S.Lavrov və D.Medvedev düşünmək üçün xeyli mövzu verdi. D.Medvedev də yüksək çinli adamdır, baş nazirdir, hər halda, o, ölkəsinin Qarabağla bağlı siyasətini bilir. Amma gedərkən nə dedi? 
Bəli, dedi ki, qan tökülməkdənsə münaqişənin donmuş vəziyyətdə qalması daha məqəsədəuyğundur. Lavrov isə Qarabağdan çox Kollektiv Təhlükəsizlik Təşkilatı və Avrasiya Birliyi haqda danışdı...
 
Bütün bunlar təcrübəli təhlilçi üçün yetərli olmalıdır. Amma ümid adamı tərk etmir, hər dəfə düşünürsən ki, bəlkə nəsə yeni bir şey olacaq?
Yenilik məsələsi isə çətin məsələdir. İndi Ermənistandan Rusiyaya qarşı daha çox təzyiq hiss edilir. Ermənilər belə hesab edir ki, ruslar onları bu dəfə yetərincə müdafiə etmədi. Amma atəşkəslə bağlı razılaşmanın başqa bir yerdə yox, məhz Moskvada imzalanması az şey demir.
Ruslar hər zaman ermənilərə dəstək veriblər, indi də verirlər. Elə bu səbəbdən V.Putinin missyası bizə bir o qədər aydın görünmür...
Diqqəti daha çox aprelin ilk günlərində baş vermiş hadisələrə yönəltməli və onları təkrar-təkrar analiz etməliyik. Həmin hadisələrin isə müəyyən dərsləri oldu.
Bəlkə də birinci dərs odur ki, bu vaxta qədər özümüz və ordumuz haqqında dediklərimiz, nəhayət ki, təcrübədə təsdiqini tapmalı idi. Bizim hərbi xərclərimiz demək olar ki, Ermənistanın total büdcəsi qədərdir. İnsanlar da haqlı olaraq bunun nəticəsini gözləyirlər...
Bəli, demək olar ki, 23 ildə ilk dəfə olaraq ordu imtahandan yaxşı çıxdı. Bunu təkrar-təkrar vurğulamaq bizə artıq görünmür...
İkinci dərs odur ki, öz torpağımızda heç kim bizə işğalçı deməyəcək. Yenə də deyirik ki, bəlkə də biz bəzi məqamları bilmirik, bəlkə də bizə nəsə bəlli deyil, amma heç kim demədi ki, ay aman, qoymayın, azərbaycanlılar erməniləri qırdı!.. Bəli, hərbi əməliyyatları dayandırmaq haqqında çağırışlar oldu. Amma bu, olmalıdır da, bunsuz mümkün deyil...
Üçüncüsü, bizi azacıq güclü görəndən sonra daha çox ölkə mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyindən danışdı. Bu da təbiidir. Dünya güc və resurs dünyasıdır. Xüsusən də ruslar yalnız güclə hesablaşırlar. Bunu hələ bir vaxtlar U.Çerçill deyirdi...
Qərəz, artıq problemi həll etmək üçün nə lazım gəldiyini bilirik. Üstəlik, aydın oldu ki, onu həll etmək iqtidarımız da var...
Elə bu səbəbdən də fürsət düşəndə ermənilərə elə sarsıdıcı zərbələr vurmalıyıq ki, onlar papaqlarını qarşılarına qoyub düşünməyə məcbur olsunlar...
Təbii ki, danışıqlar lazımdır. Amma diplomatiya da güc olmayanda yazıqlaşır, təsirsiz olur, zəif ölkələrin diplomatlarını heç kim eşitmək istəmir...
İndi özümüz haqqında təsəvvürü dəyişməliyik. Ritorikanı gerçək siyasətə və gerçək əmələ çevirməliyik. Yoxsa özümüz deyib, özümüz eşidəcəyik...
 
O ki qaldı Putinin iştirakı ilə danışıqlara, olsun, onlarda da iştirak etmək olar. 
Amma böyük ümidlər bağlamırıq bu məsələyə. Əvvəldə Rusiyanın iki mühüm adamının dediklərindən misal gətirdik...
Fəqət, danışmaq istəyirlərsə, danışaq. Həm də hamı görsün ki, biz danışıqdan və müzakirədən qaçmırıq. Amma əsası başqa məsələdir: odur ki, bizim gücümüz olsun, əsas odur ki, biz döyüşdən qaçmayaq. Onda danışmaq istəyən hər bir kəs özü bizi tapacaq...
Anastasiya Soldousova 
скачать dle 12.1