“Şlyapalı iblis”dən alınacaq dərs

29-05-2013, 16:40
0
“Şlyapalı iblis”dən alınacaq dərs

“Cənab kimdir? – O, Teylerdir! Şlyapalı bir iblisdir,
Ürəyimdən səslər gəlir: - İngilisdir! İngilisdir”
Səməd Vurğun

 

Bu günlərdə İngiltərənin “Radstok” qəsəbəsində ingilis bayrağına qadağa qoyulub. Buna səbəb dalğalanan bayraqların adıçəkilən qəsəbədə məskunlaşan İngiltərənin müsəlman vətəndaşlarına səlib yürüşlərini xatırlatmasıdır. Məhz bunu nəzərə alan yerli bələdiyyə qəsəbə ərazisində ingilis bayrağının dalğalanmasına qadağa qoyub.

İngiltərədə baş verən bu hadisə Səməd Vurğunun bizə “şlyapalı iblis” kimi tanıtdırdığı ingilislər tərəfindən normal qarşılansa da, Azərbaycanda ciddi xof və marağa səbəb olub. Vətənpərvərlik və dövlətçiliyin məğzini mahiyyətdə deyil, formada axtaran bəzi saxta vətənpərvərlər baş verənləri İngiltərədə vətənpərvərliyin süqutu kimi dəyərləndirsə də, əslində məlum olayın isbatladığı yalnız bir həqiqət var. Bu da İngiltərədə vətəndaşın bayraqdan daha üstün, daha ali olması gerçəyidir.

Doğrudur, “şlyapalı iblislər” ölkəsində baş verənlər bizim dayaz, bayağı vətənpərvərlik şüurumuzun asanlıqla dərk edəcəyi şeylər deyil. Çünki bayraqdan öncə o bayrağın keşiyində duran insanın maraqlarını nəzər alan ingilis vətənpərvərliyi bizim paltar və döş nişanlarında axtardığımız vətənpərvərliklə daban-dabana ziddir. Yəqin ki, İngiltərədə baş verən məlum olay hansısa səbəbdən Azərbaycanda təkrarlansaydı, o zaman bayrağa yasaq qoyan dövlət yetkilisi dərhal vətənə xəyanətdə ittiham olunar, izdihamın müşayiəti ilə, hərbi orkestrin təntənəli sədaları altında dar ağacına yola salınardı. Ona görə yox ki, bizim bayrağımıza olan sevgimiz ingilisin öz bayrağına olan məhəbbətindən çoxdur. Ona görə ki, biz vətənpərvərliyi sadəcə olaraq forma və xarici elementlərdə axtaran insanlarıq. Buna görə də bizim üçün vətən uğrunda şəhid olan bir insanın ailəsinin dilənçi günündə yaşaması, Milli Qəhrəman ailəsinin evinin sökülməsi, müharibə veteranlarının səfalət içərisində dolanması adi, qəbul edilən bir normadır. Çünki bütün bunlar bizim vətənpərvərlik anlayışımızla heç bir təzad təşkil etmir. Biz vətənpərvərliyin formal elementlərini hifz etmək üçün onun gerçək mahiyyətindən, təməl sütunlarından imtina etməyə hazırıq. Biz öz vətənpərvərliyimizi isbatlamaq, bununla doyunca lovğalanmaq üçün az qala hər tində bu bayrağı ucaldır, öz daxili köləliyimizi, hüquqsuzluğumuzu bununla ört-basdır etməyə çalışırıq. Amma əfsus! Çünki nə deməyimizdən, hər binanın damına neçə bayraq sancmağımızdan asılı olmayaraq faktlar – dünənin və bu günün tarixi həqiqətləri bizim saxta vətənpərvərliyimizi ifşa edir. 20% torpağın işğalı faktı söyləyir ki, bunca vətənpərvəri olan bir ölkənin torpağı 20 il işğal altında qala bilməzdi. Şəhid ailələri və müharibə veteranlarının bir parça çörək üçün hər əzaba qatlaşmaq, hər məşəqqətə dözmək  məcburiyyəti dil açıb iddia edir ki, öz neft pulları ilə dünyaya meydan oxuyan, vətənpərvərliyin sözdə meydan suladığı ölkədə vətən uğrunda vuruşanlar çörək dərdi ilə dünyadan köçməli deyil. Küçə və prospektlərdə bir dənə də olsun hərbi vətənpərvərlik təbliğ edən plakatın olmaması həqiqəti isbat edir ki, bizim həqiqi vətənpərvərliklə yaxından-uzaqdan bir əlaqəmiz yoxdur və bizi öz sosial rifahımızdan, bir də bayrağımızın dimdik ucalmağından başqa heç nə maraqlandırmır. Biz ucalan bayraq dirəyinin altında acından can verən qazının taqətdən düşmüş bədənini heç bir ağrı və tərəddüd hiss etmədən ayaqlayıb keçə bilərik. Çünki bizə görə yerdəki o qazi ilə göydəki o bayraq arasında heç bir əlaqə olmayıb və bu gün də yoxdur.

Bəli, bayraq müqəddəs və toxunulmazdır. Lakin bayraq ona görə müqəddəs deyil ki, onun üzərində bir neçə rəng və element öz əksini tapır. Bayraq ona görə müqəddəsdir ki, o, özündə milyonlarla insanın mübarizliyini, şərəfini, heysiyyatını əks etdirir. Əgər bayrağı bayraq edən insanların mübarizə əzmi ən şərəfsiz üsullarla qırılırsa, şərəf və ləyaqəti hər addımda təhqir olunursa, burada heç bir vətənpərvərlikdən, heç bir bayraq sevgisindən söhbət gedə bilməz. Və belə bir ölkədə bayraq adi bez parçasından başqa heç nə ifadə etmək iqtidarına malik deyil.

Ümumiyyətlə, o yerdə ki, insanların bayrağa baxışında qürur və heyranlıq oxunmur, o yerdə ki, insanlar bayrağa baxdıqları zaman özlərini dünyanın ən güclü, ən bəxtəvər insanı hiss etmir, deməli orada həqiqi vətənpərvərlik, gerçək bayraq sevgisi mövcud deyil. Bunun günahkarı isə bayrağı insanlara yadlaşdıran ölkədəki siyasi sistem və onun insanlara vətənini qürbətə çevirən mahiyyətidir.

 

Seymur Əliyev

скачать dle 12.1