MƏN İNANMALIYAM Kİ...

26-03-2012, 16:46
0
MƏN İNANMALIYAM Kİ...

Deyirlər ki, ümidsizlik iblisə xas keyfiyyətdir və odur ki, hər bir insan sona qədər öz ümidini qorumalı, öz inamını hifz etməyi bacarmalıdır. Lakin etiraf edək ki, günümüzdə insana çörək qədər gərəkli olan inamı qorumaq, bugünün insanı ağuşuna çəkən bataqlığından sabaha boylanmaq olduqca çətin, daha dəqiq desək, mümkünsüzdür. Çünki hədsiz məhrumiyyətləri, maddi-mənəvi iztirabları ilə ilk öncə insanın inam adlı immunitet sistemini sıradan çıxardan mövcud rejim, insanda yaxşı, xoş heç nəyə ümid yeri qoymur. Sən nə baş verdiyi, necə baş verdiyini anlamağa macal tapmadan, özünü saysız-hesabsız məhrumiyyətlər qarşısında müdafiəsiz görürsən. Bu baxımdan az-çox ləyaqət və vicdan sahibi olan hər kəsin öz inamını sona qədər qoruması, özünü özünə xəyanətdən müdafiə etməsi olduqca müşküldür.

Mən inanmalıyam... Siz də inanın. İnanın ki, uğrunda mübarizə aparacaq, çəkdiyiniz məhrumiyyətlərə bəraət qazandıracaq ciddi bir səbəbiniz olsun. İnanın ki, bu iyrənc həyatın mundarlıqlarından ürəyiniz bulananda gözlərinizin qabağına gətirə biləcəyiniz bir müqəddəslik olsun. İnanın ki, sizin inamınızdan asılı olan yaxşı hər şeyi, hər kəsi yaşada biləsiniz. Unutmayın, unutmayın ki, bəzən ən böyük səadət, ən ali xoşbəxtlik bir inama sahib olmaq və onun uğrunda ölməkdir.Bəli, mən bütün bunların - bugünün reallıqları baxımından uzaq və əlçatmaz görünməyinə baxmayaraq - sadalananların hamısının ən qısa zamanda reallaşacağına inanmalıyam. Mən inanmalıyam ki, hər bir Azərbaycan vətəndaşı kimi üzləşdiyim bütün dəhşətli eybəcərliklərə, bütün mənəvi sarsıntılara dözə bilim. Mən inanmalıyam ki, bütün ölkəni bürüyən və xeyirin kökünü kəsən şərlə gücüm və nəfəsim çatdığım qədər mübarizə apara bilim. Mən inanmalıyam ki, içimdəki qorxu və çarəsizliyi boğa bilim. Mən inanmalıyam ki, sahib olduğum az-çox bütün mənəvi sərvətimi - ölməkdə olan iradəmi, sınmaqda olan ləyaqətimi, susmaqda olan vicdanımı ayaqda tuta bilim. Mən inanmalıyam ki, dəyişməyim, başqalaşmayım,  mən olaraq qala bilim.

Fəqət mən inanmalıyam... Mən inanmalıyam ki, bütün zəhmətkeş, saf, sıradan insanların kabus dolu həyatı tezliklə yeni, işıqlı bir həyatla əvəzlənəcək, çoxdan bəridir ki, üzlərdən itkin düşən təbəssüm, qəlblərdən çəkilib gedən səadət yenidən geri qayıdacaqdır. Mən inanmalıyam ki, 70 ildən sonra əldə edilən müstəqilliyin bəhrəsindən sonzuluğa kimi yalnız bir ovuc məmur faydalanmayacaqdır. Mən inanmalıyam ki, yadelli zülmü milli zülümlə əvəzləyən şəxslər gec-tez öz cinayətlərinə görə ədalət qarşısında cavab verəcək, hər zaman xalqı yüksək tribunalardan salamlayan şəxslər, fəlakətə sürüklədikləri insanları bir gün dar ağacından salamlayacaqdır. Mən inanmalıyam ki, siyasi müstəqilliyin iqtisadi-mənəvi köləlik gətirdiyi bu ölkədə nə zamansa sıradan insanlar da çörək dərdi çəkmədən yaşayacaq, buna görə başqaları qarşısında alçalmayacaq, əyilməyəcəkdir. Mən inanmalıyam ki, şəhid ailələri, minlərlə müharibə əlili və veteranı nə vaxtsa dövlətdən layiq olduqları hörmət və ehtiramı görəcəkdir. Mən inanmalıyam ki, I Qarabağ savaşında şəhid olan insanlar heç də nahaqdan - dodağı silikonlu kişilər, namusunu qazanc mənbəyinə çevirən qadınlar, öz zövqündən başqa heç nə düşünməyən manqurt gənclər uğrunda ölməyib. Mən inanmalıyam ki, onların son damla qanına kimi müdafiə etdikləri torpaqlar nəyin bahasına olursa-olsun geri qayıdacaq. Mən inanmalıyam ki, vətən, bayraq məfhumundan dövlət və hakimiyyət sahibləri sonsuza kimi siyasi fahişəlik metodu kimi istifadə etməyəcək, minlərlə insanın iztirab dolu həyatı hesabına sürdükləri harın, dəbdəbəli dünyalarının təməli bir gün mütləq və mütləq çökəcəkdir. Mən inanmalıyam ki, aclıq və məmur özbaşınalığı nəticəsində baş verən intiharlar aradan qalxacaq, kimsə öz acizliyinin, çarəsizliyinin bədəlini özünə qəsd etməklə ödəməyəcəkdir. Mən inanmalıyam ki, bu xalqın kişilərinin Rusiyaya, qadınlarının isə Dubaya uzanan yolları qapanacaq, heç kim öz nicatını yad ölkələrdə, qaranlıq, çirkli işlərdə axtarmayacaqdır.

 

Seymur Əliyev

скачать dle 12.1