Bəli, biz Rusiyanın xarici işlər naziri S.Lavrovun qəfil səfərini saf-çürük etməkdə ikən bu ölkədən təzə xəbər gəldi. Məlum oldu ki, Rusiya Ermənistana 200 milyon dollarlıq kredit verib. Və deyilənlərə görə, erməni tərəfi bu məbləğdən müdafiə məqsədi ilə istifadə edəcək...
Əslində Ermənistan prezidentinin Rusiyaya bu günlərdəki səfəri bizim də diqqətimizdə idi. Səfərin böyük bir hissəsi Rusiyanı bir məsələdə razı salmağa yönəlmişdi. Məsələ bundadır ki, Avropa Birliyi Ermənistanla assosiasiya sazişindən fərqli bir saziş bağlamağa, bu ölkənin “spesifika”sını nəzərə almağa çalışır. S.Sarkisyan da bu məqsədlə Rusiyaya səfər etmişdi ki, bu ölkə ona belə bir sazişi imzalamağa imkan versin...
Doğrusu, bilmirik, Rusiyanın buna reaksiyası necə olub? Ruslar özləri də, məsələn, viza ilə bağlı sazişlər kimi razılaşmaların olmasının əleyhinə deyildi.
Amma bu, bir qədər əvvəl olmuşdu. İndi Rusiyanın Avropa ilə münasibətləri elə bir səviyyədədir ki, düşünmürük onlar izafi ürək genişliyi nümayiş etdirmək fikrinə düşsünlər. Həm də bu, Avrasiya İttifaqının elan edilməsindən bir az əvvəl olmuşdu. İndi isə ortalıqda Rusiyanın öz layihəsi - Avrasiya İttifaqı var. Ona görə də Ermənistan da çalışıb bu layihə çərçivəsində özünün “gələcəy”ini qurmalıdır...
Qərəz, vəziyyət belədir. Yazılanlara görə həmin görüşdə Qarabağ məsələsinə də toxunulmuşdu. S.Sərkisyan orada atəşkəsin pozulması ilə bağlı da ağlamağı və Rusiyadan silah-sursat dilənməyi unutmamışdı. Budur, Rusiya da onu ovundurmağa çalışdı - 200 milyon dollar verdilər ki, erməni tüfəngləri boş qalmasın və həmin güllələri hələ də Rusiyanın Qarabağı qaytaracağına ümid edən azərbaycanlıların başına yağdırsın...
Nə başınızı ağrıdım, S.Sərkisyanın səfəri ilə bağlı bildiklərim bu qədərdir. Gəl, mən hələ də yəqinləşdirə bilmirəm ki, Rusiya ilə bağlı ümidlər haradan qaynaqlanır?..
Bəli, Azərbaycan Rusiyanın diplomatik tabularını pozmur-budur, Gürcüstanın ardınca NATO Kiyevdə mənzil-qərargah açmağa tələsir. Amma biz NATO adı gələndə az qala diksinirik - ölkə özünün NATO, AB və AŞ ilə əlaqələrini minimuma endirib...
Təbii ki, bu, Rusiyanın birinci, minimal tələbidir. Bundan başqa maksimal tələb də var ki, o da budur ki, Azərbaycan Avrasiya İttifaqı ilə bağlı da özünün münasibətinə açıqlıq gətirməlidir...
Bu xüsusda da bir söz deməyə çətinlik çəkirik. Rusiyanın vektorial vurnuxmaları, Azərbaycanı Avrasiya İttifaqına qoşmağa cəhd etməsi aydındır. Bu gün Avrasiya İttifaqının Ermənistanla sərhədi yoxdur, yalnız Azərbaycan bu boşluğu doldura bilər...
O ki qaldı bizim hakimiyyətin necə istəməsinə, müstəqillik bizimkilərin xoşuna gəlir. Həqiqətən də müstəqillikdən gözəl şey var? Necə deyərlər, öz əlindir, öz başın...
Amma rəsmi Bakı gözəl başa düşür ki, ideal müstəqillik yoxdur, ən müstəqil kiçik dövlət belə harasa söykənməlidir. Söykənəcək kimi də Rusiyanı seçiblər və həm də Rusiyanın sayəsində bir siyasi qüvvə kimi hakimiyyətdə qala biliblər. Bizimkilərin bir siyasi qüvvə kimi əsas keyfiyyəti odur ki, onlar heç də idealist deyillər, bir daha deyirəm ki, onlar gözəl bilirlər ki, ideal müstəqil dövlət və hətta hakimiyyət olmur...
Bunlar bir siyasi qüvvə kimi müstəqilliyi daha çox öz cəmiyyətlərindən asılı olmamaqda görürlər. Nəyə də olmasa, buna yeətincə nail olublar-bizim hakim siyasi qüvvə demək olar ki, ictimai rəydən asılı deyil...
Qərəz, reallıq budur. O ki qaldı Rusiyaya və bu ölkə ilə bağlı ümidlərə, ən qəliz vəziyyətdə belə məşhur bir deyimi yaddan çıxarmayın. O deyim də budur ki, atan yenə də kazaklardır... Yox, mən bununla erməniləri tamamilə təmizə çıxarmaq fikrində deyiləm. Hətta həmişə bu fikirdə olmuşam ki, biz nahaq yerə bütün bu oyunlarda, siyasi teatrda Ermənistana passiv komponent kimi baxırıq - ermənilər bu siyasi oyunlarda yetərincə “bişiblər”, özü də heç də pis oynamırlar...
Amma dirijor təbii ki, Rusiyadır. Elə bu səbədən də xam xəyallara lüzum yox.
Hərçənd, onu da bilirəm ki, bizim insanlar çox da ümummilli problemlərlə öz beyinlərini məşğul etməyi sevməzlər...
Amma olur da. Hərdən görürsən ki, kiminsə yadına düşür ki, axı bizim Qarabağımız da vardı, görən o, nə oldu? Qərəz, özünüzü çox “naqruzka”ya salmayın, necə yatmısınız, elə də yatın. Allah sizə rəhmət eləsin, dirilər!..