Ən legitim dahi...

14-09-2015, 18:02
0
Ən legitim dahi...
Bəli, onun haqqında yazmaq elə də asan deyil. Çox götür-qoy etdim. Fikirləşdim ki, Allah, mən bu yazının adını nə qoyum? Qəfil ağlıma gəldi ki, yazının adını elə “Ən legitim dahi” qoyum. Ona görə ki, bu adam - Üzeyir bəy bəlkə də yeganə yaradıcı insandır ki, onun dahiliyini hamı etiraf edir...
Bəli, sentyabr ayında Üzeyir bəyin anadan olmasından 130 il keçir. Nə demək olar? 
Bəlkə də bizim millət xoşbəxtdir ki, onun belə bir oğulu olub. Bir dəfə söhbət zamanı bir həmkarım dedi ki, Üzeyir bəyin yaradıcılığında bir az primitivizm əlamətləri var...
Amma mən bu fikirlə razılaşmadım və indi də razılaşmıram. Bəli, kimsə deyə bilər ki, bəs onun tam ali musiqi təhsili yox idi. Kimsə qayıda bilər ki, bəs o, yaradıcılığında xalq musiqisinə həddən ziyadə çox yer verirdi...
Fəqət, bütün bunlarla razılaşmaq elə də asan deyil. Nə deməkdir tam ali təhsil? Bizim müəllimimiz vardı - akademik Y.Zeldoviç. Bəli, o, düz üç dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdu, sovet atom silahının yaradıcılarından biri idi, böyük nəzəriyyəçi fizik və fiziki-kimyaçı idi. Amma ali təhsili yox idi. Ali təhsil haqda diplomu ona akademik seçiləndən sonra vermişdilər! Əgər insan daim öz üzərində işləyirsə, ona nə ali təhsil?!..
Həm də bir dəfə oxumuşdum ki, sovet hakimiyyətinin ilk illərində məhz iddia olunan klassik musiqi təhsili boşluğunu doldurmaq üçün rus bəstəkarı R.Qlieri Bakıya dəvət ediblərmiş. Amma az keçmir ki, Bakıya öyrətməyə gələn Qlier özü də öyrənməyə başlayır, özü də Üzeyir bəydən...
O ki qaldı xalq musiqisi məsələsinə, Üzeyir bəyə qədər də bu musiqi vardı, bəli, o vaxta qədər də muğam vardı, xalq mahnıları vardı, hətta mərsiyyələr də mövcud idi. Amma Üzeyir bəyin sayəsində hamı milli musiqimizi özü üçün elə bil yenidən kəşf etdi...
O, musiqini hiss edirdi. Bunu isə təhsillə əldə etmək mümkün deyil. Musiqi təhsili daha çox texnika verir, amma musiqi duyumu Allahdan gəlir, o, ya var, ya da ki, yoxdur...
Üzeyir bəy mənim üçün təkcə bəstəkar deyil. Amma əvvəl daha bir məsələni deyim... Onu Azərbaycanın iki himnini yazmaqda qınayırlar. Amma mənə elə gəlir ki, Üseyir bəy düz etmişdi. Bəli, o, sovet hakimiyyətilə əməkdaşlığa getdi və bunun nəticəsində “Koroğlu”nu qazandıq, konservatoriyanı qazandıq, böyük bir musiqi məktəbi qazandıq! Tutaq ki, Üzeyir bəy sovetlərlə əməkdaşlıq etməyəydi və ona qarşı mübarizə aparaydı, onda nə qazanardıq?..
Hər millətin özünün “etnik-mədəni pasportu” olur. Elə bir opera olur ki, deyirsən ki, bu, əsl Azərbaycan operasıdır. Elə bir roman olur ki, elə bir film olur ki, dərhal deyirsən ki, bəli, bu, Azərbaycan filmi, Azərbaycan romanıdır...
Üzeyir bəyin “O olmasın, bu olsun”u, “Arşın mal alan”ı bizim etnik-mədəni pasportumuzdur. Bu əsərlərin qəhrəmanlarına baxanda əsl azərbaycanlı tiplərini görürsən... 
Sonrakı dövrlərdə mədəniyytdə bu cür etno-mədəni identiklik məsələsi bir az arxa plana keçdi (guya ki, sovet adamı yarandı!), amma Üzeyir bəydən qalma böyük ənənələr tamam-kamal da unudulmadı, onlar yaşadı, bu gün də yaşayır və gələcəkdə də yaşayacaq...
Sovetlərin çöküşündən sonra çox adam özünə bəy dedizdirməyə çalışdı. Amma bir-iki adam vardı ki, hətta sovetlərin vaxtında da onlara bəy deyirdilər. Bu, sizə adi görünməsin. Hətta sovetlər bu adamların əsilzadə olduğunu etiraf edirdi. Bellərindən, belə, tək-tük ADAM-lardan biri də Üzeyir bəy idi...
Mən elə bir bəstəkar tanımıram ki, onda musiqi istedadı ədəbi istedadla bu qədər çulğalaşmış olsun. Üzeyir bəy hətta bəstəkar olmasaydı belə o, ölkənin və millətin tarixində gözəl dramaturq, jurnalist və ədib kimi qalacaqdı...
Qərəz, Allah ona hər şey vermişdi. İstedad, ağayana görkəm! Yaradan sanki bu adamdan heç nə əsirgəməmişdi...
Hətta əvvəl onu qəbul etməyənlər də sonradan etiraf edirdilər ki, bəli, Üzeyir bəy haqlı imiş...
Ona görə də mən ona tək bəstəkar kimi baxmıram. Üzeyir bəy əslində filosof idi. Mənə həmişə elə gəlib ki, bizim fəlsəfi xəzinəmizin bir hissəsi bizim molla Nəsrəddin lətifələrində hifz olunub. Amma onun bir hissəsi də Üzeyir bəyin musiqisində kodlaşdırılıb...
Deyilənə görə, “Uliss”i yazmamışdan öncə C.Coys deyirmiş ki, elə bir əsər yazacam ki, hətta Dublin şəhəri tamam dağılsa belə, onu mənim bu əsərimə görə bərpa etmək mümkün olsun...
İndi Allah eləməsin, birdən biz Azərbaycan türkləri yox olsaq, bizi də heç bir çətinlik çəkmədən Üzeyir bəyin əsərləri əsasında bərpa etmək olar...
скачать dle 12.1