Hara qaçırsan, qaç! Lap istəyirsən, özündən qaç! Amma bir sualdan qaça bilməyəcəksən. O sual da budur ki, bəs sən özün nə etmisən?! Hansı fəlakət olur-olsun, hansı bədbəxtlik baş verirsə versin, əvvəlcə özündən soruş, sonra başqalarını qına. Özündən soruş, gör, sən özün nə etmisən?!..
Bir neçə gün idi ki, Avropanı bürüyən qaçqın selinə tamaşa edərkən qeyri-ixtiyari olaraq bu fikirlər keçirdi beynimdən. Düşünürdüm ki, haradadır görən özündən deməyi sevən ərəb ölkələri? Haradadır var-dövlət içində üzən ərəb kralları? Haradadır görən İran? Niyə bu qaçqınlara yiyə durmurlar? Ə n başlıcası isə, niyə bu qaçqın seli istiqamətini ərəb ölkələrinə, öz soydaşlarına tərəf götürmür?
Yox, onlar Avropaya üz tutdular. Avropaya pənah gətirdilər. Avropanın da axır ürəyi yumşaldı. Roma papası katolik dünyasına müraciət etdi və hər bir katolik kilsəsinə bir qaçqın ailəsini himayəyə götürməyi tapşırdı...
Qaçqınlara baxanda adamın ürəyi ağrıyırdı. Xüsusən də uşaq təsvirləri adamı çox təsirləndirirdi...
Amma mən hər şeydə və hər yerdə səmimiyyət və dürstlük axtarmağa meylliyəm. Burada da bunsuz keçinə bilmirəm və yadıma öz həyatımızdan bir detal düşür...
Vaxtilə müxalifət düşərgəsində ideoloji diskussiyalar gedərkən bir nəfər çox canfəşanlıq edir və yeni proqram layihəsinin qəbul ediləcəyi təqdirdə hətta özünə qəsd edəcəyini deyirdi. Bu adamın işi-gücü Qərbi söymək, onların həyat tərzini pisləmək idi. Qərəz, üstündən bir müddət keçdi, bu adam elə bil qeyb oldu. Bir də eşitdik ki, Almaniyaya mühacirətə gedib...
Bax, insanlar bu qədər qeyri-səmimi olurlar. İnsanlar bu qədər qeyri-obyektiv olurlar! Qardaş, Şərqi sevmirsən? Sev, lap yaxşı! Amma mühacirətə gedəndə də Şərq ölkələrinə get! Daha niyə Qərbə üz tutursan?...
Əminəm ki, elə Avropaya üz tutan suriyalıların da 90 faizi özünü qərblilərdən üstün tutur, ürəyində Qərbi söyüb yamanlayır və özünün “böyük keçmiş”indən dəm vurur, amma Avropada oyun çıxarır ki, oralara mühacirət edə bilsin!..
Adamı ən çox dilxor edən odur ki, bəli, bunların bir millət kimi gələcəyi qaranlıqdır, amma durub öz keçmişlərini də məhv edirlər - İŞİD-çilər gündə bir abidəni məhv edir...
Ən dəhşətlisi isə odur ki, onlar öz facilərində də yenə də Avropanı günahlandırır və onu ittiham edirlər. Amma suallar adama rahatlıq vermir. Bir sual o birinin ardınca gəlir...
Məgər yalandır ki, B.Əsəd də, onun otuz il hakimiyyətdə olan atası H.Əsəd də diktator idi? Məgər yalandır ki, Suriya otuz ildən artıq fövqəladə vəziyyət şəraitində idarə edilib? Məgər yalandır ki, Avropada siyasət və iş adamları öz cəmiyyətləri üçün çalışdıqları halda bizim Şərq despotları yalnız ciblərini doldurmaqla məşğul olurlar? Məgər yalandır ki, biz ən mütərəqqi dəyərlərə və təməllərə malik olduğumuzu iddia etdiyimiz halda özümüz üçün elementar bir quruluş yarada bilmirik? Məgər yalandır ki, özümüzü tərifləyə-tərifləyə dünya millətləri arasında hamıdan geri qalmışıq?..
Məgər bunlar yalandır? Bəs onda doğru nədir? Bəli, doğru nədir? Məni ən çox bilirsiniz, nə narahat edir? Biz öz tənbəl təbiətimizlə Avropanı da yaman hala qoyacağıq!..
Avropadakı həyat boş yerdə yaranmayıb. Onu avropalılar yaradıblar -işləməklə, hüquq tələb etməklə, qayda - qanun yaratmaqla, qənaətcilliklə və ən başlıcası isə, azadlığa qarşı sayğıları ilə...
Biz nə yaratdıq? Biz nə qurduq? Xarabalıqdan başqa əlimizdən bir iş gəldimi?
Bəli, demək, qınamaq asandır...
Qərəz, Avropanı qınayanların arqumenti bir az azaldı. Doğrudan da, qəribədir!
Bu insanlar fürsət axtarır ki, Avropanı yamanlasınlar...
Fərqinə də varmırlar ki, özləri də bilə-bilə və yaxud da bilməyərəkdən Şərq tipli despotiyalara xidmət edirlər, növbəti cəhənnəmin inşasında iştirak edirlər.
Yaxşı, tutaq ki, Qərb pisdir! Tutaq ki, Avropa pisdir! Onda niyə bəs onlardan umursunuz?..
“Onlar pisdir!” deyirsiniz! Onda özünüz yaxşı olun. Qoy, avropalılar da öz “tiran”larının əlindən qaçıb bura gəlsinlər...
Gəlirlərmi? Gəlmirlər və gəlməyəcəklər! Ona görə ki, oralar nə qədər pis olsa da, min dəfə buralardan yaxşıdır...
Sovetlərin çöküşündən sonra keçmiş sovet respublikalarında yaşayan bütün ruslar Rusiyaya köçdü. Amma Baltik respublikalarındakı ruslar köçmədi. Nə üçün? Ona görə ki, ora Avropa idi...