Azərbaycan: korrupsiya – işğal türməsi

15-09-2015, 14:42
0
Azərbaycan: korrupsiya – işğal türməsi

 

Avropa Parlamentinin Azərbaycandakı IŞĞALÇI rejimlə bağlı qərarı ölkəmizdəki bütün Işğal güclərini, onların əlatı-qulluqçularını ayağa qaldırıb. Saxta parlamentin başına oturdulan, ən azı parlament başqanlığında normal bir cümlə düzəltməyi bacarmayan Oqtay Əsədovun deyinə baxın: “Mənim Avropadakı mənzərəyə ürəyim ağrıyır”.

Milyardları yeyib-oğurlayıb-mənimsəməklə Azərbaycanı, Azərbaycan xalqını götürüm saldıqlarına ürəkləri ağrımır; şəhid ailələrinin ağlamalı durumuna ürəkləri ağrımır; Qarabağ savaş veteranlarının dolanışıq dözülməzliyindən özünü yandırıb öldürmələrinə ürəkləri ağrımır; xalqın qansız-acımasızca yüksək faizli kredit asılılığından özünü az qala kütləvi asıb öldürməsinə ürəkləri ağrımır; işsizlikdən, evsizlikdən, dolanışıq dözülməzliyindən hər ay ölkədə 1000-dən artıq (mindən artıq!) ailənin dağılmasına ürəkləri ağrımır; Azərbaycandakı dünyada görünməmiş faiz faşizminə ürəkləri ağrımır; polislərin xalqı soyub-yağmalamasına, döyüb öldürməsinə ürəkləri ağrımır; ölkədəki korrupsioner kadr karuselinə ürəkləri ağrımır; xalqa satılan 1 litr “badamlının” 50 qəpik, xalqdan alınan 1 kq pambığın 42 qəpik olmasına ürəkləri ağrımır; Azərbaycanda benzinin ABŞ-dakından baha olmasına ürəkləri ağrımır; təhsil göstəricilərinə görə yoxsul “Ermənistanın” 74-cü, milyardların oğurlanıb-mənimsəndiyi Azərbaycanın 104-cü yerdə olmasına ürəkləri ağrımır; qadın-uşaq ölümünə görə Azərbaycanı Afrikanın Syerra-Leone kimi ən geridə qalmış ölkələrinə tay etmələrinə ürəkləri ağrımır; ölkədə ölü təhsil, ölü sağlamlıq sistemi yaratdıqlarına ürəkləri ağrımır; “regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı” adına 51 milyardlıq itkiyə, yeyinti-mənimsəməyə ürəkləri ağrımır; prezident ailəsinin adına bağlı 48 milyardlıq, 17 milyardlıq, bunlardan başqa neçə-neçə milyardlıq, milyonluq oğurluqlara görə ürəkləri ağrımır, Azərbaycan müəlliminin 200, Azərbaycan həkiminin 150, eləcə də “Milli” elmlər akademiyasında elmi işçinin 150 manat, elmlər doktorunun 300 manat aylıq-donluq almasına ürəkləri ağrımır; Akademiyanın fizika institutunun əməkdaşı Elman Şahverdiyevin Akademiyadkı saxta seçki-korrupsiya faktları ilə bağlı dövlət başçısına 1000-dən artıq (mindən artıq!) cavabsız məktublarına ürəkləri ağrımır; Qarabağ əlilinin arvadının üzləşdikləri qanunsuzluqlarla bağlı dövlət başçısına 5 ildən bəri cavabsız məktublar yazdığına ürəkləri ağrımır; yaratdıqları milyonlarca Azərbaycan faciəsinə ürəkləri ağrımır… “Avropadakı mənzərəyə ürəkləri ağrıyır”. Nə boyda yalan! Uzun illər Kürüylə, Neftlə, Qazla ələ almağa çalışdığınız Avropa nədən sizdə belə acıq doğurdu? Nədən tonlarla kürüdən, milyardlarla dollar dəyərində neftdən, qazdan keçməklə Avropanı ələ almağa çalışırdız?

Azərbaycanda qanundan, hüquqdan üstün hökumət, parlament, məhkəmə-hüquq sistemi qurmaqla uzun illər ağalıq etmək – hakimiyət sürmək üçün tonlarla kürüdən, milyardlarla dollar dəyərində neftdən, qazdan keçdiniz… Avropanın indiki qərarı ilə bunlar hamısı boşa çıxandan sonra Avropa sizdə acıq doğurdu! Gözəl çağlar gəlib: yalnız müxalifət arasındakı Rauf Arifoğlu kimi çoxillik Karrantilərinizi (“Uzaq sahillərdə” filmi) deyil, illərlə qucağınızda bəzəyib-bərtəyib “müxalifət” adıyla bəslədiyiniz Sabir Rüstəmxanlı kimilərini də açıq döyüşə göndərməli olursuz! Görün bu şair-deputat Avropa Parlamentinin indiki qərarı ilə bağlı nə deyir: “Avropa parlamentinin bu qərarı Azərbaycan xalqına təhqirdir”. 22 il Azərbaycan xalqını soyub-yağmalayan, əzib-tapdayan, hər cür TƏHQIRƏ uğradan bir rejimə əlaltılıq edənin dediyinə bax!

Aproparlamentin 17-ci qərarında deyilir: “Avropa Parlamenti Avropa Birliyi Şurasını Azərbaycanda insan hüquqlarının pozulmasına görə sorunlu olanlarla bağlı ünvanlı sanksiyaların uyğulanmasına baxmağa çağırır”. Rejim yetkililəri ilə rejim əlaltılarının birləşmiş güclə Avroparlamentin qərarına qarşı çıxmaq gərəyi yaranıb!

Xaliq Bahadır

скачать dle 12.1