Bir yarışa dair iki sual

15-09-2015, 11:45
0
Bir yarışa dair iki sual

Bəli, əsl yarışdır – yaptokratlar Avropa Parlamentinin (AP) məmurlarımıza fərdi sanksiyalarla bağlı məlum qətnaməsinin, ATƏT-in isə noyabrda keçiriləcək seçki-şounu izləməkdən imtina qərarının ardından Avropa təsisatlarını sözün həqiqi mənasında yıxıb-sürümək, yerdən-yerə vurmaq üçün növbəyə düzülüblər. Söyüşün, həqarətin biri bir qəpik.

Şəxsən mən bu mənzərəni keyflə seyr edirəm. Avropalı cənablar həmişə qara kürü yeməyəcəkdilər ki? Indi zəhmət çəkib bir az da bunlardan tənəli, təhqirli sözlər yesinlər.

Biz də – sadə xalq da gərək heç bu məsələyə çox baş qoşmayaq, öz yedirib-içirdikləri avropalılardır, istəyərlər sevərlər, istəyərlər söyərlər, bizə nə?!

Amma hər bir halda mənim bu çılğın kampaniya ilə bağlı beynimi ciddi məşğul edən iki sual var.

Birinci sual

Əlbəttə, əslində bu isterik anti-Avropa çıxışları ümumən Azərbaycan üçün zərərli, ziyanlıdır. Hər nə qədər hədəfdə AP-map, ATƏT-matət olsa da, yaptokratların ümumi ovqatı Avropa dəyərlərinə, Avropa ideallarına qarşı köklənib. Hansı ki, dərinə getsək, onlar bəşəri dəyərlər, bəşəri ideallardır. Sadəcə, daha çox Avropa coğrafiyasında bərqərar olub deyə, elə onun adı ilə də adlandırılır.

Onu da unutmaq olmaz: Avropa artıq çoxdan yalnız bir coğrafi anlayış deyil, Avropa həm də həyat və düşüncə tərzidir. Avropa azad, mədəni, modern yaşayışın simgəsidir.

Bu mənada yapçıların belə alovlu, kəskin anti-Avropa kampaniyası narahatlıq doğurur. Kütlənin beynini Avropaya nifrət, kin və qəzəblə doldurmaq bizə yaxşı heç nə vəd etmir. Bu kampaniya bir tərəfdən bizim hazırki yerimizin Avropa olmadığını isbatlayır, amma o biri tərəfdən gələcəkdə də yerimizin Avropa olmayacağına dair quşquları gücləndirir. Belə dəhşətli anti-Avropa ruhu ilə böyüyən uşaqlarla, yetişən gəncliklə hara gedəcəyik, necə bacaracağıq?

Sabah bunlar hakimiyyətdən getsələr də, şüurları onların çoxillik zərərli təbliğatları ilə zəhərlənmiş nəhəng xalq kütləsi Azərbaycanın Avropanın bir parçasına çevrilməsini rahatlıqla, asanlıqla qəbul, həzm edəcəkmi?

Ikinci sual

Yapçılar indi püskürdükləri nifrin və qəzəbin mində birini heç vaxt Rusiyaya qarşı bildirməyiblər. Dünyadan Xocalıya ədalət istəyirlər, amma bir dəfə də olsun Rusiyadan bu faciənin törədilməsində birbaşa iştirak edən 366-cı rus motoatıcı alayına görə Kremldən hər hansı üzrxahlıq tələb olunduğunu indiyədək eşitməmişik. Bu günlərdə rusların ermənilərə yenidən silah göndərdiklərini oxuduq, indi Avropa Parlamentini ən ağır ifadələrlə yaş yuyub quru sərənlərdən Kremlə ən kiçik bir irad eşitdinizmi?

Bu o deməkdir ki, yaptokratlar Avropa təsisatlarının bunlara qarşı hər hansı addımında erməni izi axtararkən də səmimi deyillər. Səmimi olsalar, AP-nin, ATƏT-in-zadın ünvanına qəzəblərinin, nifrətlərinin mində biri də Kremlə yönəlmiş olardılar.

Istər-istəməz sual yaranır: belə çıxmırmı, yaptokratlar bu anti-Avropa kampaniyası ilə həm də əslində Rusiyanı sudan quru çıxardırlar? Belə çıxmırmı, bu kampaniya ilə hətta sözdə də olsa apardıqları “balanslı siyasət”dən qəti şəkildə imtina, Rusiya ilə birgəliklərini isə açıq şəkildə bəyan edirlər? Belə çıxmırmı, bu kampaniya ilə cəmiyyətdə bu cür fikri hakim qılmağa çalışırlar ki, əslində bizim bütün bəlalarımızın baiskarı Avropadır, hətta torpaqlarımızın işğalının da! Təsəvvür edin, Bakıdakı AP, ATƏT əleyhinə məlum düzülüb-qoşulmuş piketdə Azərbaycan bayrağı ilə bərabər Rusiya bayrağı da qaldırılmışdı. Nə demək idi bu? Yoxsa təsadüf idi? Bizim az əvvəl yazdığımızı elə Rusiya bayrağı ilə bağlı fakt təsdiq eləmirmi?

Bəli, hansı üzünə çevirirsiniz çevirin, anti-Avropa kampaniyası həm də Rusiya ilə birgəliyin açıq nümayişidir. Hətta kampaniyanın bu qədər çılğınca, isterik, gurultulu aparılması da, kim bilir, bəlkə ona görədir ki, bizim (daha doğlrusu, YAP rejiminin!) Kremlə birgəliyi daha aydın görülsün, daha aydın eşidilsin?!

Yeri gəlsə, bu heç təəccüblü də deyil. Əvvəl-axır belə olacağı bəlli idi. “Bir əldə iki qarpız tutmaq” mümkündür, amma nə qədər? Nə vaxtacan? Biz indi məhz bunu – “qarpızlar”ın birindən (oxu: Avropadan!) imtina tamaşasını izləyirik.

Hamımıza, türklər demiş, “iyi seyirlər!”

Elnur Astanbəyli 

скачать dle 12.1