Dünyanın minnətdar olası ölkə – Türkiyə!

16-09-2015, 10:13
0
Dünyanın minnətdar olası ölkə – Türkiyə!

İnsanlıq tarixinin ən qədim izlərini özündə yaşadan Yaxın və Orta Şərq ölüm saçan atəşlər içində qıvrılıb yanır, aclıq və səfalət içində çırpınır. Nağıllar misalı, elm, mədəniyyət beşiyi Bağdad, Şam, Qahirə qəddar diktatorların və onların himayədarı olan böyük dövlətlərin rəzil siyasətinin ortaya qoyduğu insanlıq faciəsini yaşayır. Yandırıb, külünü göyə sovururlar. İnsansızlaşdırılır, torpaqlarında bayquşlar uladırlar.

Bir zamanlar bir çox millətlərin, fərqli məzhəblərin sülh və əmin-amanlıq içində birgə yaşadığı bu yerlər indi ayrı-ayrı məzhəblərin, əşirət və tayfaların bir-birinə tuzaq qurduğu, məzhəb davaları adı altında kilsələrin, məscidlərin, məbədgahların dağıdıldığı, yüz minlərlə günahsız insanın məzara gömüldüyü, milyonlarla insanın yurdlarından cəlayi-vətən düşüb yad ölkələrə üz tutduğu xarabalıqlara çevrilib.

Yer üzündən silinmək həddinə çatan bu şəhərləri, haqq-əcəl gəlməmiş ölən, məzara gömülən yüz minlərlə günahsız insanları, dağılan, xarabazarlıqlara çevrilən qədim yurdları, körpə fəryadını, ana naləsini, baş alıb gedən köçləri göz önünə gətirən insanlıq, diktator əbaları qana bulaşmış səddamlara, qəddafilərə, mübarəklərə, əsədlərə necə də lənətlər oxumasın!…

Yaxın və orta Şərqin milli sərvətini, neftini, qazını ələ keçirmək üçün bu yerlərin xalqlarını “ərəb baharı” adlı inqilablara sürükləyib diktatorlarının qanlı cəngində boğduran, axan qanlara, yaşanan insanlıq dramına biganə qalan, müharibənin, qanın-qadanın əlindən baş götürüb köç edən insanlara qapısını bağlayan, sərhədlərində keçilməz divarlar hördürən ABŞ, Avropa siyasilərinə, tökülən qanlarda onlardan da az günahkar olmayan Kreml yönəticilərinə necə də lənətlər oxunmasın ki, fitnə və fəsadın baş müəllifi onlar özləridir.

Nə bəndəyə, nə də bəndə sahibi Allaha xoş getməyən işlər varmış. Sərhədləri min kilometrlərlə aralı olan ölkələrə gir, qoşun yerit, qır, çat, viranə qoy, dağıt, yüzminlərlə insanı imperialist siyasətinin qurbanına çevir, havadan bombalar, qurudan atəşlər yağdır, milyonlarla insanı yurdlarından qaçqın sal və sonra da insafsızcasına Avropaya gələn dəniz, quru, hava yollarını onların üzünə bağla ki, nizamın pozulmasın.

Siz ey əclaf siyasilər, siz ey müsəlman və türk dünyasını qan gölündə çalxalandıran Avropa yetkililəri, qanlı diktator B.Əsədə dəstək verən İran və Rusiya, siz ey öz qövmünə qənim kəsilən, Avropanın Rusiyanın şərqdəki qanlı siyasətinə şərik olan əbləh ərəb şeyxləri, əmirlər, krallar! Gözünüzü açın və şərq dünyasında baş verən qanlı olaylara diqqətlə baxın. Bu gün yaşanan insanlıq faciəsinə göz yumanlar sabah bu susqunluğun bədəlini mütləq ki, on qat ödəməli olacaqlar.
Kanada, İngiltərə, Fransa, Almaniya deyəsən insafa gəlib. Köçkünləri qəbul etmək, yardımlar göstərmək haqda bəyanatlar verirlər. Kobanidən köçgün düşən bəbək Aylanın Bodrum sahillərində sinələr dağlayan cansız cəsədini görüb də Allahın cəzasından qorxdunuzmu? Yoxsa bu da bir demokratik görüntü yaradan siyasi gəzişmədir? Şərqi, qərbi bir-birinə salışdıran, yaxın və uzaq qonşuları içində məhzəb, etnik parçalnma toxumu səpən, Ukraynanı, Moldovanı, Gürcüstanı, Azərbaycanı münaqişə ocağına döndərən təcavüzkar Rusiya. Nədən qapıların bağlı, niyə bir köçgün dalğasını qəbul etmək istəmirsən?

Xristian klubu, anti-müsəlman xislətli, islamafobiya, ksenofobiya çarçısı, insan haqlarına yanaşmada ikili standartlar tətbiqçisi Avropa İttifaqı! Nədən insan haqlarından danışıb da Şərqdə insan haqlarının bu qədər geniş miqyasda pozulmasına biganəlik nümayiş etdirirsiniz? Bir milyon Azərbaycan insanının erməni təcavüzünə məruz qalıb öz yurdlarından didərgin düşməsinə susqun halətinizlə, insan haqlarından danışmağınız necə də təzadlı görünür.
Sizlərin yürütdüyü ikibaşlı siyasətin nəticəsi deyilmi Yaxın Şərqi qan gölündə çalxalandıran? Diktatorları hakimiyyətə gətirən də, işinizə yaramayanda, hakimiyyətdən salan da sizlər deyilmisiniz? Qızıla, sərvətə hərisliyiniz sizi öz xalqına qənim kəsilən diktatorlarla həmrəy etdi. Bu gün qaplarınızı üzünə bağladığınız xalqların qaraçı köçünə düşməsinin baş memarı da Şərqi talamaq siyasəti izləyən sizlərsiniz.

Dünyanın, insanlığın minnətdar olası bir ölkə var. İlk gündən Suriyadan, İrakdan, Liviyadan, Fələstindən, Balkanlardan gələn müsəlman və türk köçünə qapılarını açan Türkiyə. PKK, İŞİD adlı terrorla mücadilə verdiyi bir şəritdə ölkəsinə pənah gətirən qaçqınları ağuşuna alıb, ana şəfqəti ilə onlara qayğı göstərən Türkiyə. Avropanın qüdrət və böyüklüyündən əndişə duyduğu, Rusiyanın özünə əzəli düşmən elan etdiyi, bir zamanlar imperiyası tərkibində dinini və qövmünü qoruyub uca tutduğu ərəblərin, məqam düşdükcə onu satmağa qalxdığı, fəqət bütün tük dünyasının canı-dildən sevdiyi Türkiyə.

 

скачать dle 12.1