Xalq da bilir, Avropa da

16-09-2015, 13:54
0
Xalq da bilir, Avropa da

Əsl komediyadır! Milli Məclisin sədri postunu tutan Oqtay Əsədov deyir ki, Avropadakı mənzərəni görəndə ürəyi ağrıyır. Təsəvvür edin ki, bunu ürək ağrısına görə Avropada həkimə gedən biriləri deyir və gözəl bilirlər ki, onun bu sözləri hamıda gülüş doğurur.

YAP təmsilçilərini, deputatları dinlədiniz, halları bəllidir sizə. Bəs sizcə Azərbaycan hakimiyyətini təmsil edənlər niyə bu qədər isterika içindədir, niyə bu qədər gülməli hala salırlar özlərini? Mən qətnamədən düzgün nəticə çıxarıb doğru addım atmalarını demirəm, bu, gözlənilən də deyil, heç olmasa Avropa Parlamentinin ölkəmizlə bağlı 10 sentyabr qətnaməsinə ciddi və saymazyana münasibət göstərə bilməzdilərmi? Rus bayrağı ilə təşkil olunan o cür etiraz aksiyası, parlamentdəki çıxışlar, uzağa getməyək, elə ölkə içində də bunları, daha da bayağı, aciz və mənfur göstərir.  Bəli, Avropa Parlamentinin qətnaməsi olduqca sərtdir, olduqca sərt dönəmin başladığını bildirir, amma sərt də olsa ciddi cavablar vermək olmazdımı?

Bunu ona görə sormuram ki, gözləntilər vardı. Bunu ona görə soruram ki, bu hakimiyyətin mahiyyətini bir daha yada salasınız. Mən hələ onu demirəm ki, Rusiya Ermənistana ciddi partiyalarla silah-sursat verəndə bu adamların heç birinin səsi öz qulağına çatmırdı.

Işin başqa tərəfi var. Ən vacib tərəfi! Avropa Parlamentinin Azərbaycanla bağlı 10 sentyabr qətnaməsi məhz onunla sərtdir ki, orada yazılanlar HƏQIQƏTDIR. Çünki yalan olsaydı, qərəzli olsaydı, bu qədər əhəmiyyət də verməzdilər. Əksinə, sevinib deyərdilər ki, görürsünüz, yalan danışırlar. Yalan isə yoxdur, hamısı həqiqətdir. Ona görə də çalışırlar bu qətnaməni Azərbaycana qarşı qəbul edilmiş bir sənəd kimi qələmə versinlər, halbuki sənəd hakimiyyətin mahiyyəti və əməlləri barədədir.

Qətnamə qəbul olunduqdan sonra hakimiyyəti müdafiə edənlərin bir neçəsi bəyan etdi ki, sənəd Azərbaycanda hazırlanıb. Bu, çox incə məqam idi. Bu o demək idi ki, Avropa sənəddəki məqamların hamısını belə dəqiqliklə bilə bilməz, onu yalnız buradan yazıblar. Əslində, etiraf idi bu cür münasibətlər, orada yazılanların Azərbaycanda bilinən həqiqət odluğunun etirafı idi. Sadəcə, Avropaya necə bu dəqiqliklə çatdığına inana bilmirdilər.

Amma çox ciddi şəkildə yanılırlar, ölkədə baş verənləri, hakimiyyətdəkilərin nələrlə məşğul olduğunu bilməyən yoxdur. Xalq da bilir, Avropa da. Hətta bunları dilə gətirməyəndə də bilirdilər hər şeyi. Sadəcə, o qədər ağ elədilər ki, artıq susa bilmədilər…

Avropa Parlamentinin 10 sentyabr qətnaməsi tarixi sənəddir. Illərlə Azərbaycandakı zülmə susqun qalmış Avropanın əl-üzünü tamam yumasa da, yeni tarixi mərhələnin başlamasını  özündə əks etdirir. Tarixin gedişini anlamayanlar isə həşir qaldırmaqda davam edirlər. Amma xeyri varmı?

Bir neçə il əvvəl kimin ağlına gələrdi ki, hakimiyyət öyündüyü büdcəni ciddi şəkildə kəsə bilər?

Bir neçə il öncə kim qəbul edərdi ki, manatı endirəcəklər?

Bir neçə il öncə kim deyə bilərdi ki, Avropada bu cür açıq sənədlər qəbul ediləcək bu rejimin əməlləri barədə!

Nə baş verdiyini analiz etmək, nəticə çıxarmaq mürəkkəb iş deyil. Sabahı görmək, onu təsvir etmək üçün sözlər seçmək mümkünsüz deyil. Anlamaq çətin deyil. Azərbaycanın ən dəyərli övladlarına şər məhkəmələrində hökm oxumaqla təntənə yaşayanlara tarix hökm oxumağa hazırlaşır.

Şahvələd Çobanoğlu

скачать dle 12.1