Saxta seçki oyunçuları

16-09-2015, 12:56
0
Saxta seçki oyunçuları

 

Dostumuz Hüseynbala Səlimov saxta seçkiyə qatılma çağırışında bulunan yazı ilə çıxış edib. H.Səlimov bizdəki barmaqla sayılacaq dəyərli analitiklərdəndir. Onun istənilən yazısı özünün dəmir kimi tutarqalarıyla dəyərli olur, indiki yazısından başqa. Bu, H.Səlimov düşüncəsinin doğurduğu yazı deyil, buna görə də tutarqasız “tutarqalar” üzərində qurulub. Yazı bəlli “YeM” qəzetində çıxıb. Bu qəzetin baş redaktoru rejimin tapşırığıyla müxalifəti necə təkrar seçkiyə sürükləyirdisə, indi də onda etdiyini edir.

2005-ci ildə biz yenidən seçkiyə gedilməsinə qarşıydıq. Biz sözümüzü yalnız bir neçə qəzetdə deyə bilirdik. R.Arifoğlunun üzünə bütün televiziyaların qapısı açıq idi. O bizi – yenidən seçkiyə getməməyə çağıranları – televiziya ekranından hakimiyətə işləməkdə suçlayırdı. Indi o, qəzetində çeşidli metodlardan yararlanmaqla, bizi – saxta seçkiyə getməməyə çağıranları – “hakimiyətin maraqlarına qulluq etməkdə” suçlayır. Onda o, A.Hacılı ilə birgə müxalifətə qarşı iş aparırdı (bu yöndə bir sıra faktların üstünü sonralar ABŞ-ın Bakıdakı baş diplomatı R.Harniş açmışdı). Indi R.Arifoğlu dəstəsi daha da genişlənib. I.Ağazadə başda olmaqla onlar “hakimiyət müxalifətin seçkidə iştirakında maraqlı deyil” yalanıyla özlərini xalqın gözündə doğrultmağa çalışırlar. Onlarla yanaşı saxta seçkiyə qatılanların bir ortaq tutarqası da var: “seçkidə iştirak demokratiyanın şərtlərindəndir, seçkidə iştirak etməyən müxalifətə demokratik dünya pis baxır”.

Dostumuz H.Səlimov da onların dediyini deyir: “demokratik təşkilatlar seçkini boykot edən və ya onda iştirak etmək istəməyən siyasi partiyaları və fəalları sevmirlər. Onlar demək olar ki, həmişə bir söz deyirlər: seçkidə iştirak edin”. Doğrudur, illərlə belə olub. Illərlə… 22 il Əliyevlər hakimiyəti müxalifətdəki əlaltıları ilə birgə xalqı, dünyanı saxta seçkilərlə aldadıb. Daha nə xalq Əliyevlərin saxta seçkilərinə inanır, nə də demokratik dünya. Xalqın sonuncu prezident seçkisini necə boykot etdiyi bəllidir. Qabaqlar bizi seçkiyə qatmağa çalışan demokratik dünya da indi bizdən bunu istəmir. Biz qabaqkı seçkilərə yarı könüllü, yarı da demokratik dünyanın istəyi ilə getməli olurduqsa, indi ortada elə bir istək də yoxdur. Onda biz sonuclarını qabaqcadan bildiyimiz saxta seçkiyə niyə qatılmalıyıq?

Dostumuzun başqa tutarqsına görə, “bizim boynumuzda bir yük də var: biz özümüzə demokrat demişik… Demokratlar isə öz fikirlərini insanlarla bölüşmək üçün bütün imkanlardan istifadə etməlidirlər…” Yox, dostum, demokrat olmaq ayağısürşkənlik deyil; prinsipiallıq olmayan yerdə – demokrat prinsipiallığı! – demokratiyadan danışmağa dəyməz. Demokrat adıyla korrupsiya-repressiya rejiminin çaldığı hər havaya oynamağın öz adı var: ayağısürüşkənlik, satılmışlıq!

Dostumuzun saxta seçkiyə qatılmaqla bağlı başqa bir tutarqası: “bir işə başlamamışdan öz qəlbini və iradəni məğlubiyyətə kökləmək də düzgün deyil… Gərək qələbəni çox istəyəsən. O qədər istəyəsən ki, artıq heç kim ona mane olmaq iqtidarında olmasın…” Biz ölkədə demokratiyanın kökünü qazıyan, korrupsiya-repressiya axarında hüquqsuzluğun başa çıxdığı ortamda yaşayırıq. Görün bu rejim kimləri türməyə doldurub?! Özü də hansı suçlamalarla?! Belə bir ortamda saxta seçkiyə “qələbəyə” köklənib getməyin adı nədir? Ən azı siyasi reallıq duyğusunu itirmək – bu isə gerçək siyasət adamlarına yaraşmayan görsənişdir.

2005-ci ildə mən 64 saylı Sabirabad II dairəsində seçkini böyük üstünlüklə udmuşdum. Bunu ABŞ Respublikaçıllar Institutunun keçirdiyi sorğu da, ABŞ ekzitpolu da, bülleten sayımı da göstərirdi. Biz bülletenlərin yığılıb sayıldığı məntəqənin qarşısında durub gözləyirdik. Sözsüz, Bakıdan, Prezident Administrasiyasından verilən göstərişlə polis bölüyü məntəqəyə basqın etdi, mənim adamlarımı vurub otaqdan çıxarandan sonra… qutulardan rejimin adamı çıxdı!

Xaliq Bahadır

скачать dle 12.1