Zəkanın oyuncağa çevrilməsi

16-09-2015, 11:57
0
Zəkanın oyuncağa çevrilməsi

 

Bir neçə gündür Bakıda şahmat üzrə Dünya Kubokunun keçirildiyindən yəqin çox az adam xəbərdardır. Halbuki bir neçə il əvvəl bu turnirin Azərbaycanda təşkil olunacağı elan ediləndə böyük təntənə var idi, Bakının belə nüfuzlu yarışa ev sahibliyi edəcəyi xalqa əsl toy-bayram kimi təqdim olunurdu.

Indi isə kubok başlayıb, əməlli-başlı səssizlikdir. Səbəbini bilmək maraqlı olardı. Məncə, neftin ucuzlaşmasından, neft pullarının azalmasından tutmuş məmurlarımıza sanksiya çağırışı edən Avropa təsisatları ilə açıq savaşadək bir çox məsələlərin yaratdığı pərtlik, dilxorçuluq da bunda az rol oynamayıb.

Əslində o vaxt Dünya Kubokuna ev sahibliyi başqa ölkələrə təklif edilmişdi. Hətta Norveç hökuməti bu yarışı keçirməyə razılaşmışdı da. Amma sonda boyun qaçırdılar – izafi xərc olduğu, xərci borcunu ödəmədiyi üçün! Bax onda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qaranlıq bioqrafiyası ilə tanınan Kirsan Ilyumcinov dövriyəyə girdi, tələm-tələsik Bakının yolunu tutdu – bizimkilərin imic naminə təntənəli idman turnirləri keçirməyə həvəsini, ona görə də simiclik etməyəcəyini bildiyi üçün!

Ilyumcinov yanılmamışdı, Bakıdakı danışıqlar bəhrə verdi. O vaxt hələ neftin özü də, qiyməti də əməlli-başlı fontan vururdu. Kim deyə bilərdi ki, turnirin keçirələcəyi vaxt Azərbaycan hökuməti artıq qəpiyə güllə atmağa başlayacaq.

Bu turnirin təkcə mükafat fondu 1 milyon 600 min dollardır. Yarışa 50-dən artıq ölkənin təmsilçiləri qatılırlar. Onların hotel, yeyib-içmək, nəqliyyat və digər xərclərini də hesablasaq, həmin məbləğ əməlli-başlı “şişir”. Indi – ilin-günün bu vaxtı yaptokratlara bu lazım idi? Yəqin ki, yox. Görünür, Dünya Kubokunun səssiz-küysüz, təntənəsiz keçirilməsini də bununla əlaqələndirmək gərəkdir.

Azərbaycanın şahmat təsərrüfatı faktiki olaraq dağıdılıb. FIDE reytinqində Azərbaycanın istər yığma, istərsə də fərdi göstəriciləri görünməmiş dərəcədə zəifləyib. Zəngin ənənələri olan qadın şahmat məktəbimiz iflasın bir addımlığındadır. Yeni parlaq şahmatçıların yetişəcəyinə ümidlər get-gedə azalır. Bizim Şahmat Federasiyası (ŞF) isə bütün bu problemlərin həlli əvəzinə Ilyumcinovun qulluğunda dayanmaq, onun könlünü xoş etməklə məşğuldur. Hansısa bahalı beynəlxalq yarış keçirməklə guya ölkə şahmatı canlanacaq. Boş söhbətdir. ŞF-nin vitse-prezidenti və faktiki əsas idarəçisi Faiq Həsənov izah edə bilərmi, Ilyumcinovu təkcə Azərbaycana bütün postsovet ölkələrinə üst-üstə etdiyi səfərlərdən daha çox səfər etməyə həvəsləndirən nədir? Nədir onun bu “Azərbaycan sevgisi”nin sirri?! Bizim təxminlərimiz var, amma yenə də cavabı Həsənovdan eşitmək maraqlı olardı.

Maraqlı bir fakt deyim. Bir neçə il əvvəl Xankəndidə “beynəlxalq şahmat turniri” keçirildi, ora xeyli əcnəbi şahmatçı qatıldı. Bizimkilər etiraz etdilər, FIDE-dən həmin şahmatçıların cəzalandırılmasını tələb etdilər. Ilyumcinov bu tələbi nəzərə alacağına söz verdi. Qoy indi bizim ŞF aydınlıq gətirsin görək: FIDE heç olmasa, bircə şahmatçıya cəza kəsdimi? Əvəzində Xankəndidəki turnir ənənə halını aldı, sonrakı illərdə də təşkil edildi. Buna görə isə Ilyumcinova “gözün üstə qaşın var” deyən olmadı, əksinə, o, həftə səkkiz, mən doqquz Bakıda mötəbər qonaq kimi qarşılanmağa davam etdi, öz vətəndaşlarına ən xırda etirazlarına görə rahatlıqla “ermənipərəst” damğası vuranlar Ilyumcinovun nə istəyi vardısa, sözsüz yerinə yetirdilər – tıpkı onun Dünya Kubokuna ev sahibliyi etməklə bağlı xahişində olduğu kimi!

Təkcə Azərbaycan yox, dünya şahmatının son illərdəki ən parlaq yetirmələrindən biri sayılan Vüqar Həşimovu sağlığında hansısa turnirdə Kasparovun komandasının heyətində çıxış etdiyi üçün “ermənipərəstlikdə” suçladılar, dışladıqca dışladılar, küsdürdülər, incitdilər, amma bunu edənlərin Dünya Kuboku ərəfəsindəki çıxışından belə məlum olurdu ki, açılış mərasimində iştirak etmək üçün elə həmin Kasparova düz iki dəfə ağız açıblar, az qala yalvarıblar! Absurdun yekəliyini görürsünüzmü?! Adam deməyə söz də tapmır.

Qısası, Azərbaycan şahmatının gününə ağlamağa iki göz bəs eləmir. Hər iş kimi, bu zəka oyununu da oyuncağa çeviriblər. Milyonlarla dollar töküb keçirdikləri Dünya Kuboku bir az da buna görə heç kimin tükünü tərpətmir – hətta özlərinin də!

Elnur Astanbəyli 

скачать dle 12.1