“Vazgeni və Jirinovskini necə öldürməli?”

16-09-2015, 11:29
0
“Vazgeni və Jirinovskini necə öldürməli?”
Sözümüz sözdür də? Danışdıq ki, əsas mövzuya keçməmişdən əvvəl KİV-də işlədilən səhv və dilimizə uyğun olmayan ifadələrdən yazacam. Bu dəfə “türk vətəndaşı” ifadəsindən gileyimi bildirirəm. Bu ifadə KİV-ləri başına götürüb. Çox yanlış və savadsız ifadədir. Çünki “vətəndaş” ifadəsi dövlətə aiddir, onun etnik əsası yoxdur. Yəni “türk vətəndaşı” əvəzinə “Türkiyə vətəndaşı” ifadəsi işlənməlidir. Bu qədər bəsit. İqtidar deyir ki, istehlak mallarının qiymətlərinin artırılmasının heç bir əsası yoxdur.
Bax elə ona görə də qiymətlər heç bir əsas olmadan qaldırılır. Qiymətlər artırsa, deməli, əhalinin dolanışıq səviyyəsi aşağı düşür, xüsusən də az maaş alanların. İqtidarın müəyyənləşdirdiyi minimum əmək haqqı belə halda parodiyaya çevrilir. Bildiyiniz kimi, ABŞ-ın və onun tərəfdarlarının Rusiyaya qarşı tətbiq etdikləri iqtisadi sanksiyalar nəticəsində bu ölkədə də qiymətlər kəskin şəkildə qalxdı. Orada hökumətin müəyyənləşdirdiyi minimum əmək haqqı lap gülməli (bəlkə də ağlamalı) günə qalıb. Leninqrad vilayətinin Qanunverici Məclisinin Vladimir Petrov adlı bir deputatı qəribə eksperiment keçirib. Bu deputat iki çoşqa (donuzun balası) alır. Onlardan birinin adını Ukrayna prezidenti Poroşenkonun acığına “Porotsenko” qoyur. Bilməyənlər üçün deyim ki, rusca donuzun balasına (çoşqa) “porosyonok” deyilir (Etiraf edək ki, bu cüvəllağı deputat çox bic priyom işlədib). İkinci çoşqanın adı yadımda qalmayıb. Bu deputat həmin çoşqaların hər birini ayrı-ayrılıqda Rusiyadakı minimum əmək haqqına nə qədər yem düşürsə ancaq onunla yemləyir. Bir aydan sonra məlum olur ki, çoşqalar 5-6 kq çəki itirib, yəni arıqlayıblar. Bununla o sübut edib ki, Rusiyada verilən minimum əmək haqqı nəinki bir adamın və ya ailənin, heç bir çoşqanın da bir aylıq yeminə çatmır.
Mənə elə gəlir ki, belə bir eksperimenti bizdə də keçirmək olar. Biz milli-dini ənənələrimizə sadiq qalaraq “murdar və haram” donuz balalarının əvəzinə, iki qoyun götürə bilərik. Balasını yox ha, özünü! Dünyanın ən humanist və heyvan hüquqlarını qoruyan xalqı kimi körpə quzuların üstündə eksperiment keçirməyi (xahiş edirəm, mələməmiş quzuları şişə çəkmək məsələsini yadınıza salmayın) özümüzə rəva bilmərik. Əgər belə bir eksperiment keçiriləcəksə, onlardan birinin adını “Jirinovski”, digərininkini isə “Vazgen” qoymağı təklif edirəm. Qoyunlardan birinin adını “Jirinovski” qoymaqla LDPR-in sədri Vladimir Volfoviç Jirinovskidən heyfimizi ala bilərik. Xatırlayırsınızsa, respublikamızın əhalisinin sayı 7 milyon olan dövrlərdə “yeddi milyon qoyun” ifadəsi ilə bizi çox ağır şəkildə təhqir etmişdi. Düzdür, keçən il iqtidar Jirinovskini Bakıda çox təmtəraqla qarşılayanda bu faktı unutmuşdu. Əminəm ki, qoyunun adını “Jirinovski” qoysaq, bu fakt şanlı iqtidarımızın yadına düşəcək və onu yenidən Bakıya dəvət edərək, ayaqları altında bir sürü qoyun qurban kəsib göstərəcək ki, biz qoyun deyilik. Axı Jirinovski alim adamdır. Görəndə ki, biz onun ayaqları altında qoyun qurban kəsirik, başa düşəcək ki, qoyun qoyunu kəsə bilməz və illər əvvəl dediyi fikrini təkzib edəcək. Bax bu, Azərbaycan diplomatiyasının Lissabon sammiti qələbəsinə bərabər bir qələbə olar. 
İkinci qoyunun adını “Vazgen” təklif etməyim də təsadüfi deyil. Zamin Hacı yazmışdı ki, 1989-cu ildə yaşadığı Aşağı Seyidəhmədli kəndində bir tülkü vurublarmış və onu kəndin içində asıb üstünə “Vazgen” yazılmış lövhə bərkidiblərmiş. Zamin bəyin yazdığına görə, bu mənzərə camaatda çox maraq oyadıbmış. “Vazgen”ə baxmaq üçün nəinki qonşu kəndlərdən, hətta Bakıdan və xarici ölkələrdən də turistlər axışıblarmış (Xarici turist məsələsini özümdən qoşdum və deyəsən, ağ elədim).
Qoyunların qida rasionundan azdan-çoxdan başı çıxan adam kimi əminliklə bildirirəm ki, iqtidarın verdiyi minimum əmək haqqı ilə alınmış yem qoyunlara bəs etməz. Onlar nəinki arıqlayarlar, sadəcə olaraq, distrofiyadan (tibbi termindir və qida çatışmazlığı deməkdir) ölərlər. Sözsüz ki, iqtidar cırnayacaq və qoyunların ölümündən minimum əmək haqqının miqdarının heç bir rolunun olmadığını deyəcək. İddia edəcək ki, həmin pula qoyunlar üçün artıqlaması ilə yem almaq mümkündür, sadəcə olaraq, Azərbaycan düşmənlərinin beynəlxalq şəbəkəsi və erməni lobbisi bir mərkəzdən idarə olunaraq qoyunların yemlərini oğurlayıb müxalifətin qoyunlarının kökəldilməsinə yönəldib. Dalınca da prokurorluq 15-20 müxalifətçini “kəpək, ot-ələf oğrusu” adı ilə həbs edəcək. Qurulan məhkəmədə də ölən qoyunların yaxınları şahid qismində iştirak edəcəklər.
Təbii ki, eksperimentin nəticələrini iqtidar və müxalifət özünə sərf edən şəkildə yazacaq. Olsun, bu çox təbiidir. Bununla belə, həmin nəticədən ümummilli maraq üçün istifadə etmək olar. Onsuz da Avropa Olimpiadası ilə bağlı ölkəmizə çoxlu sayda xarici turistlər və müxbirlər gələcək. Biz də Aşağı Seyidəhmədli camaatının təcrübəsindən yararlanaraq distrofiyadan ölmüş iki qoyunun cəmdəyini mərkəzi meydandan asarıq və üstlərinə “Vazgen” və “Jirinovski” yazılmış lövhə yapışdırırıq. Təsəvvür edin ki, dünyanın ən qabaqcıl informasiya agentlikləri “Vazgen öldü”, “Jirinovski öldü” xəbərini yayırlar. Lap fısqırıq olar. Dünyanın işini bilmək olmaz, bəlkə də doğrudan öldülər. Bu da olacaq minimum əmək haqqının xalqa xeyri.
P.S. Cığal oxucularımdan xahiş edirəm “Vazgenin yerinə Qaragin yazmaq lazımdır” təşəbbüsünü qaldırmasınlar.
скачать dle 12.1