Mistikanın xoşbəxtliyimizə maneçiliyi

11-04-2015, 18:32
0
Mistikanın xoşbəxtliyimizə maneçiliyi
Barselonadan Düsseldorfa uçan təyyarənin Fransa ərazisində Alp dağlarına çırpılması haqda dəhşətli xəbəri televizordan eşitməmişdən bir az əvvəl bir məhbusla elə aviaqəzalar haqqında danışırdıq. O, bundan əvvəl baş vermiş hansısa aviaqəza zamanı salamat qalmış bir sərnişinin taleyindən danışırdı. Məlum olurdu ki, həmin sərnişin bilet aldığı reysə çatmaq üçün aeroporta tələsdiyi zaman yolda avtoqəzaya düşür. 
Bu qəzada iki nəfər həlak olsa da o, yüngül xəsarətlərlə qurtulur. Amma reysə gecikir. Sonradan məlum olur ki, həmin reyslə uçan təyyarə qəzaya uğrayıb və bütün sərnişinlər həlak olublar. Məhbus yoldaşım bunu hansısa mistik qüvvənin özünü təyyarəyə çatdıra bilməmiş sərnişini xilasetmə əməliyyatı kimi təqdim edirdi. İzah etməyə çalışdım ki, bu, sadəcə olaraq bir təsadüfdür və onun dediyi həmin o mistik qüvvə dediyi kimi mərhəmətli və ədalətlidirsə, heç təyyarənin qəzaya düşməsinə imkan verməməli idi, bəd ayaqda xilas etmək istədiyi yeganə sərnişini daha normal üsulla təyyarəyə gecikdirməli idi. Təbii ki, o, mənim dediklərimi qəbul etmirdi və hər şeyi mistik qüvvənin iradəsinə bağlayırdı. Biz bu haqda danışarkən yadıma düşdü ki, bir dəfə bir müsavatçı dostumla ta Tovuzdan Bakıyacan mübahisə etmişdik.
Hər il Yer üzündə yüz milyonlarla insan ölür. Əlbəttə ki, bu yüz milyonların içində çox qəribə, heyrətamiz və insanları düşündürməyə məcbur edən əlamətlərlə baş verən ölümlər də olur. Məsələn, yüz milyonlarla ölümün içində doğulduğu gün ölmək, ərlə arvadın eyni gündə dünyalarını dəyişmələri, dünyanın müxtəlif bölgəsində yaşayan iki qardaşın eyni gündə ölməsi, adamın toy günündə və ya 15 ildən sonra həbsxanadan çıxdığı gün ölməsində heç bir mistika yoxdur. Yenə deyirəm, söhbət əgər yüz milyonlardan gedirsə, tək-tük belə hadisələr çox normal qarşılanmalıdır. 
Qayıdıram yenə də adamların bilet atdıqları qatar, gəmi, təyyarə və avtobus reyslərindən qalmaqalla baş vermiş qəzadan qurtulmalarında mistik qüvvənin roluna. Bəri başdan qətiyyətlə bildirim ki, bu işdə heç bir mistika yoxdur. Məsələni belə izah edirəm: adi halda sərnişinlərin əvvəlcədən bilet aldıqları qatara, gəmiyə, təyyarəyə və avtobusa gecikmələrində qəribə bir şey görmürük. Məsələn, hər gün yola çıxan Bakı-Moskva qatarının yüzlərlə əlibiletli sərnişinlərindən birini və ya bir neçəsinin hansı səbəbdənsə qatara minə bilməməsi çox adi işdir. Belə hal hər gün baş verir. Nə qədər ki, texnika var, texnogen qəzalar qaçılmazdır. Mən hələ terrorçu amilini də bura aid edirəm. Uzaq olsun, əgər günlərin birində Bakı-Moskva qatarında bir faciə baş versə, çox güman ki, bayaq qeyd etdiyim qisim insanlardan kimsə həmin qatarda olmayacaq və beləliklə, salamat qalacaq. Sonra da özü də daxil olmaqla, bütün tanış-biliş onu hansısa mistik qüvvənin xilas etdiyini danışacaq. Özü də ürəkdən bu cəfəngiyata inana-inana.
Təsəvvür edin ki, moskvalı quldurlar daldey bir yerdə qadının boğazına bıçaq dirəyib pullarını tələb edirlər. Dil-dodağı təpmiş qadın nitqi tutulmuş halda əlləri əsə-əsə çantasını açır. Görəndə ki, səhər ora qoyduğu on min manatı yoxdur “Vaay, evim yıxıldı, pullarımı götürüblər” deyib qiyyə çəkir. Guya ki, o pullar yerində olsaydı nə olacaqdı ki, onsuz da onlar bu quldurlara qismət olcaqdı da, ağlamağın, qışqırmağın nə mənası. Bəzən olur ki, ölümdən qurtuluş da indi dediyim qadının qorxusu kimi mənasız olur. Elə müsavatçı dostumla Tovuzdan Bakıya qədər bu məsələnin mübahisəsini etmişdik. Yolda dəhşətli qəza baş vermişdi. Avtoqəza nəticəsində cavan gəlinin əri və iki oğlu ölmüşdülər, özü isə tanınmaz hala gəlmiş maşından salamat çıxmışdı. Müsavatçı dostum israr edirdi ki, həmin gəlini mistik qüvvə xilas edib. Mən bu avtoqəzanı fizikanın qanunlarına uyğun bir hadisə olduğunu deyirdim. Deyirdim ki, əgər, sən dediyin mistik qüvvənin burada hər hansı rolu varsa qadını xilas etməyib, əksinə, onu faciəyə düçar edib. O qadın məmnuniyyətlə əzizləri ilə birlikdə ölmək istəyərdi. əgər mistik qüvvənin bu qadına xüsusi bir simpatiyası və mərhəməti varıydısa onun əzizlərini də xilas edərdi. 
Bunları niyə yazdım? Həmin müsavatçı dostum da daxil olmaqla çoxları belə düşünür ki, Azərbaycanda demokratik cəmiyyəti qurmaq ona görə mümkün olmur ki, xalq mistik qüvvənin qayda-qanunlarına əməl etmir, əvəzində o da bizi belə antikalı rejimlə cəzalandırır.
скачать dle 12.1