İqtisadiyyatımızda voleybol xalları

7-04-2015, 18:54
0
İqtisadiyyatımızda voleybol xalları
Fikir verirsinizsə, hakimiyyət bəzi stereotiplərdən imtina edib, artıq yenilərini məngirləyib. 1993-cü ildən başlayaraq təxminən 15 il ərzində hər uğursuzluğun, hər çatışmazlığın günahkarı kimi AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti göstərilirdi. İndi iqtidar deyir ki, Qarabağın azad edilməsinin və digər problemlərin günahkarı mən özüməm. Nə mən səhv yazdım, nə də siz səhv anladınız. Bəli, iqtidar deyir ki, bütün günahlar mənimdir. Özü də rəsmi şəkildə.
Bunu harda və nə vaxt dediyini yazmamışdan əvvəl, icazənizlə sizə çoxdan bildiyim bir lətifəni danışım.
Nənə nəvəsindən soruşur ki, güldanı kim sındırıb. Nəvə də deyir ki, atam. Nənə bunun necə baş verdiyini soruşur. Nəvə deyir ki, atamla anam dalaşırdılar. Anam güldanı götürüb atama atdı. Atam aşağı əyildi və güldan çilik-çilik oldu. Əgər o əyilməsəydi, güldan onun döşünə dəyib xalçanın üstünə düşəcəkdi və sınmayacaqdı. Bax belə, hörmətli oxucular.
İndi də YAP-ın dediklərinə baxaq. O deyir ki, ölkəmizin analoqu olmayan inkişafı ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Polşa və s. bu kimi ölkələrin yuxularını qaçırıb. Bizim inkişafımızı gözləri götürmür, paxıllanırlar, ona görə də bizə tələlər qururlar, problemlər yaradırlar, məkrli planlar cızırlar və s. Deməli, uzaqgörən, müdrik daxili və xarici siyasət nəticəsində önə çıxmağımız başımıza bəla olub. Əgər biz də Ermənistan kimi zəif, acından ölən ölkə olsaydıq, bizi nəinki özlərinə rəqib və təhlükə mənbəyi görməzdilər, əksinə, yazıqlayıb kömək edərdilər.
 Üst-başımızın tozunu çırpardılar, burnumuzun fıtdığını silərdilər, cibimizə noğul qoyardılar. İndi gördünüzmü bizə problem yaradan kimiymiş? Hələ 3-4 il bundan qabaq həmin o dövlətlər yığışıb bizim iqtidara minnətçi düşdülər ki, amanın bir gündür, bir az yavaşlayın, day dalınızca yüyürməkdən təngnəfəs olmuşuq, bir az da belə getsə, çatlayacağıq. Bax, heç olmasa onda gəlib ayağımızı tormoza qoymasaq da, qazdan qaldıraydıq. Bunu etmədik. Gərək ki, məşhur xalq mahnısında belə deyilirdi: “Aləm mənə düşmən olmuş, Əsməri sevdiyim için...” Bu mahnını siyasi-iqtisadi müstəvidə anlamı belə olmalıdır: “Aləm bizə düşmən olmuş, bərk getdiyimiz için...” Necə deyərlər, sürmə yüz, yaşa yüz! 
Söz düşmüşkən, YAP-ın iqtisadi uğurlarının nədən ibarət olduğu haqda bir belə təhlil aparaq. O deyir ki, düzdür, müəllimlərə, həkimlərə, hərbçilərə hələlik düz-əməlli maaş, təqaüdçülərə və əlillərə normal təqaüd verə bilmirik, əvəzində çoxlu körpü, fontan, park tikmişik, xeyli binanın üzünə alkopan çəkmişik, bir o qədərinin də üzünü qaşımışıq, hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsindən çoxdur və s. 
Bir dəfə anası oğlundan soruşur ki, atan nərdivandan yıxılanda nə dedi? Oğul da soruşur ki, işlətdiyi söyüşləri də deyimmi? Anası deyir ki, söyüşləri çıx, yerdə qalanını de. Uşaq bir az fikirləşib deyir ki, atam heç nə demədi. Yəni büdcəmizdən nefti çıxandan sonra yerdə heç nə qalmır. Mən dünyada elə bir əfəl hökumət tanımıram ki, ölkəsinin neftini sata, neftdən gələn pulları xərcləyə bilməsin. Deyirlər, Herodot tarixin atasıdır. Herodotdan üzü bu yana bütün tarixçilərin yazdıqlarını oxumuşam. Hələ rast gəlməmişəm kimsə desin ki, nefti Azərbaycan torpaqlarının altına yapçıların ulu babaları doldurublarmış. 
Yəqin ki, voleybol oyununda xalların necə sayılmasından xəbəriniz var. Hər top itkisi rəqibə xal qazandırır. Bir dəfə hansısa voleybol turnirini izləyirdim. Qadın voleybolçular yarışırdılar. Turnirin favoriti autsayderlə görüşürdü. Oyunun bir seti 25-11 hesabi ilə favoritin xeyrinə qurtardı. Oyunu izləməmiş adam elə bilərdi ki, uduzan komanda çarpışıb heç olmasa 11 xal qazanıb, amma elə deyildi. Həmin komandanın qazandığı 11 xalın hamısı qalib komandanın topu servislə oyuna daxil edərkən, auta vurduğu toplar hesabına verilən xallar idi. Yəni güclü komanda topu itirdikcə avtomatik olaraq zəif komandaya xallar yazılırdı. Bax, YAP iqtidarının öyündüyü xallar da məhz o cür xallardır. Onlar qazanılmış xallar yox, “darmavoy” (müftə) xallardır. Bununla öyünmək üçün adamda analoqu olmayan məsuliyyətsizlik lazımdır ki, bəziləri bundan heç korluq çəkmirlər.
İstəyirəm söhbətə burada nöqtə qoyum. Çünki erməni dəyirmanına xeyli su tökdüm. Bir az da artırsam dəhnə dağılar, dəyirmana ümumiyyətlə su getməz. Həm də eşitmişəm ki, həbsxanadan erməni dəyirmanına su tökmək milli mental dəyərlərimizə çox ziddir.
скачать dle 12.1