Erməniyə pul, şəhidə “get tullan”

31-03-2015, 19:01
0
Erməniyə pul, şəhidə “get tullan”
Qəzetimizin əməkdaşı Elşad Paşasoy tez-tez mandat verilərək parlament binasında işə təyin edilmiş yapçılardan müsahibə götürür. YAP onlara “deputat” ayaması yapışdırıb, amma uca və qədirbilən xalqımız həmin adamları öz adları ilə çağırır. Çünki adama ayama, ləğvə qoşmaq yaxşı deyil. Əl tutmaq Əlidən qaldığı kimi, “adın çıxınca canın çıxsın” ifadəsi də parlamentarizmin düşmənləri olan adamlara “deputat” ayaması yapışdırılandan sonra meydana gəlib. Bir də baxırsan, Elşad bəy bir deputatın yaxasına çöküb tərs-avand sualları ilə sillələyir.
Belə suallardan biri də ölkədə siyasi məhbuslar haqqında olur. O, təxminən belə bir sual verir: “Hörmətli filankəs deputat, filankəs müxalifətçiyə məhkəmə 8 il iş verib, o isə özünü günahkar saymır və deyir ki, siyasi fəaliyyətinə görə həbs edilib. Həmin deputat da cavabında deyir ki, ümumiyyətlə, cinayətkarlar öz əməlini etiraf etmirlər. Onlar bir qayda olaraq suçsuz olduğunu deyirlər, o cümlədən də özünü siyasi məhbus adlandıran məhbuslar.  
Mənim də ”deputat" ayamalı məmurlara belə bir sualım var. Heç seçkiləri saxtalaşdırdığını, siyasi rəqiblərini uydurma ittihamlarla həbsə atdığını, avtoritar rejimlərə rast gəliblərmi? Mən heç diktatura rejimlərini demirəm. Təsəvvür edin ki, İslam Kərimov deyir ki, o, seçkiləri saxtalaşdırmaq hesabına hakimiyyətdədir və hüquq-mühafizə orqanlarına siyasi rəqiblərini şərləyib dama doldurmağı tapşırıb. Gülməli çıxır, elə deyilmi? Elşad Paşasoyun sualına cavab verən deputatların dediyinə inansaq, əgər belə bir şey olsaydı, iqtidar hər şeyi olduğu kimi açıb deyərdi. Demirsə, deməli, siyasi məhbuslar və onların müdafiəçiləri yalan deyirlər. Özü də fikir verin, bunlar belə suallar qarşısında “rüşvət hər yerdə var” kimi sarsaq ritorikadan istifadə etmirlər. Bu halda onda gərək belə deyəydilər: “Seçkilərin saxtalaşdırılması və siyasi rəqiblərin şərlənib həbsə atdırılması dünyanın hər yerində var. Uzağa getməyək, götürək Almaniyanın özünü...” 
Bəli, bunlar belə tipdirlər. Bir dəfə İsa Qəmbər Tiflisdə hansısa beynəlxalq tədbirə qatılmışdı. Sözsüz ki, İsa bəy Tiflisə getmişdisə, hansısa hoteldə qalmalıydı. Yapçılar başladılar ki, sən demə, bəyin qaldığı hotelin sahibi erməniymiş. Bəs necə? Əli Əhmədov xarici səfərə gedəndə hotel sahibinin əcdadlarının da DNK analizlərini yoxlayır ki, birdən Vaşinqtondakı hotelin sahibi Cek Huldentin qanında erməni qatışığı olar. Baxmayaraq ki, bu iqtidar üçün Serj Sərkisyanla dəfələrlə görüşmək, onunla birlikdə eyni sənədin altına imza atmaq ayıb sayılmır, amma İsa Qəmbər bir erməni demokratı ilə birlikdə region üçün sülh və demokratiya çağırışları nəzərdə tutan sənədə imza atırsa, o, xalq düşmənidir. 
Şəxsən mən iqtidarın Serj Sərkisyanla dəfələrlə görüşməsinə, o cümlədən, müxalifət nümayəndələrinin də ayda-ildə bir dəfə erməni demokratı ilə hansısa tədbirdə qabaq-qabağa (yan-yana) oturmasına pis baxmıram. Çünki günümüzün reallığı belə tələb edir. Sadəcə olaraq, “ermənilərlə əlaqə” mövzusunu iqtidar neqativ planda istismar etdiyi üçün deyirəm bunları. Əgər bu pis işdirsə, Bakıya Avropa Oyunlarına gələn ermənilərin yol, yatmaq, yeyib-içmək və pal-paltar pulunu niyə verirsiniz? 
Bəs onda Rauf Mirqədirovu, Leyla Yunusu və Arif Yunusu niyə həbs etmisiniz? İndi kimsə, durub sübut etsə ki, Bakıya gələn erməni idmançılarından biri (bəlkə də bir neçəsi) Xocalı qətliamını törətmiş cəlladların yaxın qohumudur, onda neyləyəcəksiniz? Həmin idmançı birinci yer tutacaqsa, Bakıda dalğalanan Ermənistan bayrağı və himnini AzTV bütün ölkəyə, o cümlədən dünyaya yayımlamayacaq? Necə olur ki, bütün bunlar olmalı iş kimi qəbul edilir, amma Rauf Mirqədirovun İrəvana səfəri vətənə xəyanət sayılır?! Rauf bəyin İrəvan səfəri üçün Azərbaycan dövləti bir qəpik də xərcləməmişdi, amma erməni idmançılara dövlətimizin büdcəsindən bir ətək pul xərclənir. Hansı ki, bu büdcə ermənilərin öldürdüyü şəhidlərimizin qan pulunu verə bilmir.
скачать dle 12.1