Zonolimpiya”, yoxsa “Türməolimpiya”?

21-03-2015, 19:04
0
Zonolimpiya”, yoxsa “Türməolimpiya”?
Danışdığımız kimi, yenə də mövzuya keçməzdən əvvəl dilimizi korlayan ifadələrdən biri haqda danışacam. Bu dəfə “üzərində” ifadəsi haqda fikirlərimi bölüşmək istəyirəm. 
KİV-də tez-tez belə ifadəyə rast gəlirik: “Polis şübhəli şəxsin üzərindən filan qədər narkotik maddə tapıb”. Belə məlumatları ən çox DİN informasiya strukturları yayırlar. Guya bu işi doğma dilimizdə yaxşı yazıb-oxumağı bacaran adamlara etibar ediblər. Məlum olur ki, polisimiz nə qədər qeyri-peşəkardırsa, onun informasiya xidməti də o qədərdir. “Üzərində” ifadəsi nəyinsə fəzada olmasını göstərir. Məsələn, biz deyəndə ki, qartal göl üzərində dövrə vururdu, bu o demək deyil ki, qartal ördək kimi suyun üstündə üzürmüş. O, havada - gölün üzərində dövrə vururmuş. Belə çoxlu misallar göstərmək olar. Dediyim odur ki, narkotik adamın üzərində yox, üstündə olur. Məlumat da belə olmalıdır: “Baxış keçirilərkən şübhəli şəxsin üstündən narkotik (və ya silah) tapıldı.” Əgər narkotik kiminsə üzərində tapılıbsa, deməli, o, ona aid deyil, havada başının üzərində imiş.
İnanmıram ki, kimsə Molla Nəsrəddinin darıxan fil haqqında lətifəsini bilməmiş olsun. Ancaq deyəcəyim məsələnin bu lətifəyə bir qədər oxşarlığı olduğu üçün onu xatırlatmaq zorundayam. Çünki 13 saylı cəzaçəkmə müəssisəsindəki vəziyyətimiz Mola Nəsrəddinin fillərinin vəziyyətinə oxşayır. Bəli, ölkəmizə yaz gəlir. Əlbəttə ki, bu, analoqu olmayan iqtidarımız sayəsində olur. Elə onun sayəsində nə Ermənistana, nə də Azərbaycanın uğurlarını həzm edə bilməyən, ikili standartla yatıb-duran ermənipərəst Qərb dövlətlərinə yaz gəlməyəcək. Demək istədiyim başqa şeydir. Yazın gəlməsi ilə bağlı havalar istiləşir. Bu həbsxananın stajlı məhbusları deyir ki, havalar bərk istiləşəndə kanalizasiya suları axıdılan futbol meydançası quruyur və futbol oynayırlar. Məlum olur ki, burada artıq bir neçə komanda formalaşıb və onlar arasında gərgin yarış keçir. Deyilənə görə, bu oyunlarda tamaşaçı çılğınlığı “Qalatasaray” - “Fərənbaxça” və ya “Real Madrid”-"Barselona" oyunlarındakı tamaşaçı çılğınlığından heç də az olmur. Danışmışıq ki, buradakı siyasi məhbuslar da öz komandası ilə yarışmalara qatılacaq. Amma bizim ciddi problemimiz var. Belə ki, burada cəmi 6 siyasi məhbusuq. Ehtiyat oyunçular o yana dursun, amma ən azından daha 5 oyunçuya ehtiyacımız var. Meydançanın kanalizasiya sularının qurumasına hələ xeyli vaxt gedəcək. Məncə, vaxt kifayət qədərdir. Hörmətli iqtidarımızdan xahiş edirəm ki, Avropa Oyunlarına-zada baxmasın. Təcili olaraq daha 5 müxalifətçinin üstündən (üzərindən yox ha!) narkotik tapıb onları bura göndərsin. Elə lap yerinə düşər. Olimpiya oyunlarına paralel olaraq, biz də burada yarışıb bu mötəbər yarışa öz töhfəmizi verə bilərik. Bu, paraolimpiya oyunları kimi bir şey olar. Adını da “Türməolimpiya” və ya “Zonolimpiya” kimi bir şey qoymaq olar. Adamlar paraolimpiya yarışında əlillərin yarışdığını bildikləri kimi, burada da məhkumların yarışdığını biləcəklər.
İnanıram ki, iqtidar mənim müraciətimi dərhal qəbul edəcək və lazımi qədər müxalifətçinin üstündən narkotik tapıb bura göndərəcək. Amma bu heç də o anlama gəlməməlidir ki, biz nə xahiş ediriksə, iqtidar dərhal yerinə yetirir. Baxarsınız kimləri tutub bura göndərəcəklər. Ya Gülağa Aslanlı kimi qoca müxalifətçiləri, ya da ömründə ayağına top dəyməmiş cavanları. Başqa cür olmaz. Axı müxalifət bütün yarışları uduzmalıdır, o cümlədən həbsxanadakı futbol yarışını. Təzə gələn məhbuslar ömründə topa ayaq vurmamış olsalar, yenə də vəziyyətdən çıxmaq olar. Uzaqbaşı bir-iki həftəyə onlara futbol oynamağı öyrədə bilərik. Necə ki, iqtidara qarşı mübarizə aparmağı öyrətmişik. Amandır, bircə qocaları göndərməsinlər. Bir qocamız var, kifayətdir. Əli İnsanovu deyirəm. Danışmışıq ki, onu qapıya qoyacağıq. Altı qoca ilə nə edə bilərik. Sonra da Məzahir Pənahov deyəcək ki, tərəflərə bərabər şərait yaradılmışdı, müxalifət bacarmayıb uduzdu. Soruşursunuz niyə Məzahir Pənahov? Axı müxalifət yarışmalarının hakimi həmişə o olur. 
скачать dle 12.1