Vaqonyırğalayanlar

14-03-2015, 19:07
0
Vaqonyırğalayanlar
Sosializmdə yalançı inkişaf, daha doğrusu durğunluq dövrünün iqtisadiyyatı haqda məşhur lətifəni bilənlərin sayının kifayət qədər çox olduğunu düşünürəm. Onu burada yenidən yazmaq fikrim yoxdur, çünki çox vaxt və yer aparır. Məğzini isə deyə bilərəm. Brejnevə (Sov.İKP-nin baş katibi) deyirlər ki, sosialist iqtisadiyyatının inkişaf qatarı artıq dayanıb, daha irəliləmir. O, da qatarın irəliləməsi üçün tədbir görmək əvəzinə, tapşırır ki, bir dəstə adam ayırın vaqonları yırğalasınlar. Sərnişinlər elə başa düşsünlər ki, qatar hərəkət edir. 
 
Eyni şey indi bizdə baş verir. İqtisadiyyatımızın tam neftdən asılı olduğunu hamımız bilirik. Dünyada neftin qiymətinin aşağı düşməsi ilə bağlı iqtisadiyyatımız tam dayanıb, hələ olsun ki, sürətlə geri gedir. Belə bir vaxtda iqtidarımız korrupsiyadan əl çəkmir, ölkəni iqtisadi-siyasi xaosdan xilas etmək üçün gerçək islahatlar aparmaq əvəzinə, vaqon yırğalamaq variantını seçib. Hər gün təzə bir sərəncam eşidirik: filan-filan idarələr, komitələr və nazirliklər ləğv edilsin, onların yerinə bayaq sadalanan orqanların funksiyasını birləşdirən filan idarə yaradılsın! Sonra da vaqon yırğalayan ekspertlər Az.Tv-yə yığışıb bu qərarı dünyada analoqu olmayan bir islahatın başlanğıcı kimi təqdim edirlər. Halbuki elə həmin vaqonyırğalayan ekspertlər “Azərpendir”, “Azərtaksi”, “Azərdolma”, “Azəritburnu” kimi dövlət şirkətləri yaradılanda da müvafiq sərəncamların dünyada analoqu olmadığını və bunun sayəsində iqtisadi inkişafa görə ABŞ-dan 150, Avropadan 200, Rusiyadan 300, İrandan isə 500 il qabağa çıxacağımızı deyirdilər. Baxıram ki, o gün bir vaqonyırğalayan eksperti sərəncamdan sonra təzə yaradılmış “Azpentakdolitzib” haqqında tərif söyləmək üçün Az.Tv-yə çağırıblar. Televiziyanın aparıcısı yalnız üçüncü cəhddən sonra təzə dövlət konserninin adını tələffüz edə bildi. Hərif elə bilmişdi ki, bu nədirsə dərman adına oxşayır, yəqin dərman istehsalı ilə məşğul olacaq bir qurumdur. Amma vaqonyırğalayan ekspert o qədər də sadəlövh deyildi.
 Yadımdadır, o, peykimiz göyə çıxanda da bu studiyada olmuşdu və “nəhayət, bizim də öz  peykimiz oldu” deyə ABŞ-a, ermənilərə və müxalifətə yandıq vermişdi. Bu dəfə o, təzə dövlət konserninin adındakı “az” hecasından sonra gələn növbəti iki hecanın “pentak” kimi səsləndiyini görüb daha dərinə getmədi. Qürurla dedi ki, nəhayət, bizim özümüzün də Pentaqonumuz olacaq. Sadəcə olaraq, bu qurum fəaliyyəti zamanı milli-mənəvi dəyərlərimizə əsaslanacaq. Bu bədbəxt heç başa düşmürdü ki, bu təzə dövlət konserninin adı “Azərpendir”, “Azərtaksi”, “Azərdolma”, “Azəritburnu” və “Azərzibil” kimi köhnə nazirliklərin adından formalaşıb. 
Müxalifət də bir himə bənd imiş. İqtidarın iqtisadiyyatımızı xaraba qoyduğunu, neft ucuzlaşandan sonra xarabanın özünü də təzədən xaraba qoyduğunu deyir. Bunu sübut etmək üçün heç uzağa getmir, elə iqtidarın statistikasının rəqəmlərinə istinad edir. Ancaq bu müxalifəti biz yaxşı tanıyırıq. O, uğurlarımızı görmək istəmir, hər şeyi qara rəngdə görür. Necə yəni bütün sahələrdə geriləmə var? İnsafınız olsun, bu qədər də yalan olar? Siyasi məhbus istehsalında zərrə qədər də azalma qeydə alınmayıb, əksinə, bütün dünyada bu sahədə ciddi böhran yaşandığı halda, bizdə ciddi artım qeydə alınıb. Üstəlik də Xədicə İsmayıla yeni ittihamlar üzrə əlavə cinayət işi qaldırılıb. Arif və Leyla Yunusların istintaq həbsi daha 5 ay uzadılıb, bir ətək müsavatçı və cəbhəçi tutulub və s. Hansı geriləmədən danışırsınız? Avropa İnsan Haqları Məhkəməsinin Əli İnsanov və İlqar Məmmədov haqqında qərarının özünün ölkəyə daxil olmasına imkan verilməyibsə, heç bir geriləmədən danışmaq olmaz. 
Hə, bax belə, iqtidar düşünür ki, vaqonyırğalayanlar qollarını çirmələyib xalqın mindiyi qatarın vaqonlarını nənni kimi yırğalayacaq, nəticədə xalq elə zənn edəcək ki, qatar irəliləyir, ya da onu nənnidə yırğalanan uşaq kimi şirin yuxu aparacaq. Hər iki variant ona sərf edir. Təki xalq “niyə irəli getmirik” deyə donquldanıb eləməsin. Ancaq alınmayacaq. Ac uşağı nə qədər yırğalayırsansa yırğala, o, yuxuya gedən deyil, getdikcə daha bərkdən ağlayacaq. Xalq da eləcə. Vaqonyırğalayanlar nə qədər yırğalayırlarsa yırğalasınlar, onu yuxuya vermək mümkün olmayacaq. Atalar sözü var ki, ilan vuran yatar, ac yatmaz. Odur ki, bir azdan bu xalqın çığırtısından qulaq tutulacaq.
Tofiq YAQUBLU
скачать dle 12.1