Növbə gəncliyindir

16-09-2015, 12:45
0
Növbə gəncliyindir

İstər iqtidar, istərsə də müxalifət düşərgəsində gənclik yeni qüvvə kimi özünü göstərməkdədir. Bu gün siyasətə atılan gənclik bütün nöqsan və yanlışlıqları ilə bərabər yeni siyasət müstəvisini yaradırlar. 

Siyasi proseslərə qoşulmaqda olan yeni gənclik Azərbaycandakı 80-ci illərin barışmaz və mübariz gəncliyindən kəskin fərqlənsə də, dönməzliyi ilə milli azadlıq hərəkatı illərini xatırladır. Proseslərə qoşulmaqda olan, heç bir partiyada təmsil olunmayan  gənclik daha praqmatik və azad bazar münasibətlərinə üstünlük verən bir təbəqə təsiri bağışlayır. Düzdür, yeni gənclik dalğası yekcins deyil və ideoloji baxımdan hazırlıqlı da deyil. Lakin istənilən halda, yeni gənclik dalğasının biganəlik azarından qurtulmağa başlaması təqdirəlayiqdir. Dünyada gedən son proseslər zamanı tələbələrin tutduğu mövqe, Azərbaycanda baş verən proseslərə artıq dözmək limitinin sona çatması gəncliyi mübarizəyə qaldıra bildi.
Odur ki, ehtimal etmək olar ki, siyasi düşərgələr hər vəchlə gənclərin müstəqil hərəkata çevrilməsinə imkan vermək istəməyəcəklər. Bu halda gənclərin hansı addımları ata biləcəyi hələlik bəlli deyil. Bu gənc siyasətçilərin fantaziyalarının genişliyindən asılı olacaq.
Azərbaycandakı siyasi prosesləri izləyənlər əmindirlər ki, 2015-ci parlament seçkiləri zamanı ən aparıcı qüvvə gənclik və onların dəstəklədiyi qüvvələr olacaq. Bu baxımdan, Azərbaycan gəncliyinin mübarizəsinin ən qızğın mərhələsi 2015-ci il parlament seçkiləri və 2018-ci il prezident seçkilərində özünü göstərəcək. Azərbaycanın gələcək millət vəkilləri, nazirləri, partiya sədrləri və prezidenti də bu gün mübarizədə olan gəncliyin sırasından çıxacaq. Gənclik mübarizəyə başlayıb və bu yolda ona yalnız dəstək lazımdır. Səhv etmək limitini hələ xərcləməyən gəncliyin yolunu kəsməyin də heç bir perspektivi yoxdur. Gənclik uğrunda mübarizə aparmağın da bir mənası görünmür. Azərbaycan gəncliyinin öz yolu var. Bu yolun, nə qədər çətin olsa da, sonu görünür. 
İqtidar və müxalifətdə olan veteranlar artıq bacardıqlarını ediblər. İndi növbə gəncliyindir.  Azərbaycan siyasi mühiti gəncləşməyə məhkumdur. Bu proses ya ağrılı gedəcək, ya da daha sivil formada cərəyan edəcək. İstənilən halda yol gəncliyindir və bu qüvvəni durdurmaq artıq mümkün görünmür...
скачать dle 12.1